Sahibkarlara güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarların maarifləndirilməsi, yeni dəstək mexanizmlərinin tətbiqi, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətlərində fəaliyyətini davam etdirir.

Bu məqsədlə növbəti işgüzar forum iyul ayının 9-da İsmayıllı rayonunda keçirilib. Forum çərçivəsində İsmayıllı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan  cins heyvandarlıq, arıçılıq, intensiv bağçılıq və bitkiçilik təsərrüfatlarının,  ət kəsimi və satışı mərkəzlərinin, süd emalı müəssisəsi və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında özəl bölmənin  inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi Sahibkarlığın İnkişafı Fondu özəl bölmənin inkişafında, regionda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlər barəsində məlumat verib.

Nazirliyin mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, bu ilin ötən dövründə 545 sahibkarın ümumi dəyəri 182 milyon manat olan investisiya layihələrinin müəyyənləşdirilməsinə 50,1 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşması 2000-dək iş yerinin yaradılmasına imkan verir.

İşgüzar forum çərçivəsində Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 28 sahibkara 476 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, üzümçülük və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması hesabına 30-dan çox yeni iş yerinin açılması mümkün olacaq.

Tədbir çərçivəsində İsmayıllıda güzəştli kredit ayrılmış müalicə-turizm kompleksində aparılan işlərə və  heyvandarlıq kompleksinə baxış keçirilib.

Ümumiyyətlə, indiyədək ildə 142,7 min ton süd və 5,9 min ton ət istehsal etmək gücündə olan 26 cins heyvandarlıq kompleksinin maliyyələşdirilməsinə 110, 7 milyon manat dövlətin güzəştli krediti verilib.

Qeyd edək ki, son illər ümumi dəyəri 251,7 milyon manat olan 26 müasir heyvandarlıq kompleksinin yaradılmasına 110,7 milyon manat güzəştli kredit verilib.

Turizmin inkişafı ilə bağlı isə 202 investisiya layihəsi maliyyələşdirilmiş, 45,7 milyon manat güzəştli kredit verilmişdir.

“İsmayıllı xəbərləri”

Şərh Yaz