Cəlil Məmmədquluzadə və folklor

Hər bir xalqın şifahi ədəbiyyatı onun həyatını, psixologiyasını, təbiətini, adət-ənənələrini əks etdirən etibarlı, zəngin bir mənbədir. Zaman-zaman yazarlar xalqın bu tükənməz və çox dəyərli sənət çeşməsindən bəhrələnərək milli-bəşəri məzmunlu əsərlər yaratmışlar.

Azərbaycan xalqının böyük insani cəsarət və bədii qüdrət sahibi, sənətkar oğlu Cəlil Məmmədquluzadə ədəbiyyatımızda demokratizmə yeni vüsət, yeni məna vermiş, xəlqiliyin özünəməxsus çalarlarını yaratmışdır. Cəlil Məmmədquluzadə irsinin formalılığı və  çoxsahəliliyi ilə seçilən böyük ədəbi şəxsiyyətlərdəndir. Mirzə Cəlil şifahi xalq ədəbiyyatımızın daha çox aforistik janrlarından, epik folklorun lətifə və qaravəlli kimi nümunələrindən, forma və dil üslublarından, həm də tənqidi-ifşaedici motivlərə üstünlük verməklə istifadə etmişdir. Xalq dilindəki canlı, obrazlı ifadələrdən, təbii epitet, bənzətmə və mübaliğələrdən, atalar sözləri və məsəllərdən, əsərlərində yerli-yerində işlətməklə öz yaradıcılığını xalqa yaxınlaşdırmış, xalqın sevimli folklor qəhrəmanı Molla Nəsrəddini XX əsrdə yaşatmaq istəyən yazıçının özünə ədəbiyyat bəxş etmişdir. Ədibin yaradıcılığında folklor ən təsirli  bir vasitədir. O, əsərlərinin dilinin lakonik olmasını, surətlərin mənəviyyat  və psixologiyasının açılması üçün folklordan bədii-publisistik  yaradıcılığında  da daha çox istifadə edir.

Atı  atın yanına bağlasan, xan görüb deyər: Birini bağışla mənə.

Ac toyuq yuxusunda plov görər.

Axşamın işini sabaha qoy, sabahın işini axşama.

Adam yata-yata  alim olur.

Ölmə, eşşəyim, ölmə, yaz gələr, hürriyyət bitər.

Uşağın şüurlusu  dərsdən qaçar.

Eşşəyə gücü çatmır, müsəlmanı tapdalayır.

Məqsədyönlü dəyişmə el sözlərinin  müəllif tərəfindən dəyişilərək verilməsi oxucu üçün satirik gülüş yaradır.

Bala baldan şirindir, qoyma oxuyub gözlərinin işığı getsin. İki əldə bir qarpız tutmaq olmaz.

Pişiyin əli ətə çatmır, deyir haramdır.

Tamarzıdan döyə-döyə al, mala-dada ver.

… Çox yaşayan çox bilməz, çox yatan çox bilər.

Haqq söz danışma, haqq söz acı olar.

Haram mal halaldır.

Düşmən səni daş ilə, sən düşməni bozbaş ilə.

Borcunu verən axmaqdır.

Qonşu çörəyi oğruya halaldır.

Qonşun pisdir, vur öldür.

Xandan qorxan, qoyun saxlamaz.

Bunları oxucu oxuyub gülür və düşünür, düşündükcə həqiqətləri özləri üçün xırdalayırlar. Bakıdan məktub göndərmiş Dəmdəməkiyə cavabını “Molla Nəsrəddin” jurnalında verən  Molla “qorxu ilə”  bildirir ki, sənin məktubunu versəm, Bakı əhli səni daş-qalaq edər… Mən necə məcmuədə verim ki, Bakı qiraətxanasında bayquşlar banlayır.

Banlamaq xoruzun işidir və Mirzə Cəlil bir quşun fizioloji xüsusiyyətini qəsdən birinə “calaq edərək”  oxucunu diksindirir, oyadır.

C.Məmmədquluzadənin ədəbi obrazları-Kefli İsgəndər, Məmmədhəsən əmi, Novruzəli, Usta Zeynal, Şeyx Nəsrullah, Qurbanəli bəy, Xudayar, Saqqallı uşaq… yazılı və şifahi nitqdə bənzətmə təklifi kimi işlədilməkdədir.  “Bəlkə də qaytardılar”, “Necə cücə plov, necə təam”, “Bacılardan gözümə dəymir”, “Gündə bir xurma ilə dolanıram”, “Xub, get sən də fikirləş”, “Ey mənim müsəlman qardaşlarım” və s. leksik vahidlər, ifadələr dillərdə əzbərdir.

Mirzə Cəlil irsindən “Pirverdinin xoruzu”, “Poçt qutusu” “Ölülər”, “ Qurbanəli bəy” kimi  nümunələrin ekranlaşdırılması, “Qəm pəncərəsi” bədii filminin çəkilişi və nümayişi ədibin həyatı və irsinin kütləviləşməsinə, xəlqilik-millilik-demokratiklik məsuliyyətlərinin sintezində xəlqiləşməsinə gətirib çıxarmışdır. Beləliklə, “Molla Nəsrəddin”in redaktoru xəlqiləşərək, folklorlaşaraq  Molla Nəsrəddin-Mirzə Cəlilə çevrilmişdir.

Zaman ötəcək, bir gün “Mirzə Cəlilin demiş” irsindən aforizmlər folklorşünaslıq üçün predmetə çevriləcək, satirik məzmunlu el ədəbiyyatı nümunələri yaranacaqdır.

Hacıməmməd Məmmədov

 

 

Şərh Yaz