Şəxsi dünyamızın təmizliyi bəşəriyyətin təmiz dünyasıdır

İnsan… Ağlı və şücaəti ilə bütün canlılardan yüksəkdə duran bəşər övladı. Qurub-yaratmağınla, təbiətə sinə gərməyinlə, adlar alıb yüksəlməyinlə nə qədər öyünsən də, dünya və zaman qarşısında çox aciz və cılızsan. İpə-sapa yatmayan arzuların, dünyanı fəth etmək  istəyən duyğularınla, nə qədər irəliyə can atsan da dünyanın sirri açılmayan qanunları qarşısında gücsüzsən. Şər qüvvələrə tuş gəlməsən,bəlkə də yalnız xeyirxah amallar uğrunda çalışar, ilahi həqiqətə qovuşmağa can atardın. Təəssüflər olsun ki, sənin şərə uymağın var. O şər qüvvələr ki, qəlbinə girərək səni insanlıq yolundan sapdırmağa çalışır, özünlə, başqalarıyla mübarizədə iradəni sındırır, səni məhvə doğru sürükləyir. Şərə uyduqda həqiqət, ədalət və məhəbbətdən  uzaq düşüb ədalətsizlik çirkabına yuvarlanırsan…

İnsan… Doğuluşla ölüm arasında, harada bitəcəyi məlum olmayan, çətin və uzaq bir yolda ağır-ağır addımlayan tənha və qərib bir yolçu. Düşünürsən, bu yolda o kəslər ölməzlik qazanır ki, ömrünü kefə, əyləncəyə, boş,  faydasız işlərə deyil, torpağa, Vətənə və insanların xoşbəxtliyinə həsr edirlər. Çox təəssüflər olsun ki, bu cür xeyirxahlarla bərabər cəmiyyətdə yalnız özünü və özününküləri düşünənlər də az deyil. Belədə insanlığın xəstəliyə tutulmuş bir vücud olduğunu təsəvvür edir, sağalmayacağı halda onun məhv olacağını düşünürsən.

Yox, o kəslər ki, dünyanın qəm yükünü çiyinlərində daşıyaraq mərdlik titulu qazanır və insan kimi yaşayıb insan kimi ölür, mərdlikləri ilə ölümün özünü öldürürlər.

Bilərəkdən pis iş görən, çalışdığı kollektivin, yaşadığı yerin təəssübünü çəkməyən, meyvəsini yediyi ağacı kəsən varsa, o, şər adamdır. Bələlərini insan adlandırmağın özü qəbahətdir. Od qalanmış ocağı  yandırdığı kimi, pislər də yaxşılıqları yeyər və yandırar. Belələri yaxşılıqları tez unudar… Bu qəbildən olanlar pis əmələrindən çəkinməz,  tövbə edə bilməz, çünki onun təbiəti belədir.  Mənfilik qanında, canındadır…

Bioloji varlıq kimi insan haqqında böyük bilgilər əldə olunmuş, elm səviyyəsində kifayət qədər öyrənilmişdir. Belə ki, insan bir canlı varlıq kimi digər canlı məxluqlardan o qədər də fərqli deyildir. İnsanın aliliyi onun mənəvi keyfiyyələri ilə bağlıdır. İnsan xoş xasiyyətli, haqq tərəfdarı olmalı, Allahdan qorxmalıdır. İnsan xoş və şirin danışmalıdır. Yalandan, böhtandan uzaq durmalıdır. Şər sözlərə adət etməməlidir.

İnsan ağlı-kamalı, qurub-yaratmaq eşqi, cəmiyyətə, torpağa, vətənə məhəbbəti, ailəyə, kollektivə, dostluğa, vətəndaşlığa sədaqəti, haqqa-həqiqətə dəyanəti, böyüyə-kiçiyə hörməti, insanlığın meyarı olan ləyaqəti ilə dəyərləndirilir.

Qanunların, qərarların, rəsmi sənədlərin dəyəri onun necə icra olunmasında, müsbət nəticəsində, cəmiyyətə, insana fayda verməsindədir.

Vəzifələr, rollar  onu daşıyan insanların, icra edənlərin qabiliyyəti, səriştəsi, məharəti, özünə və başqalarına qarşı münasibəti ilə ölçülər. İnsan onda dəyərli olur və yaxud dəyərini itirir.

İnsan öz yerini tapanda qiymətli olur. Örnəyə çevrilir, ülviləşir, müqəddəsləşir, insanı və insanlığı ucaltmaqla dünyanı gözəlləşdirir. Əks halda, çox şey əks tərəfə dəyişir.

Bu gün bəşəriyyət bir çox insani, milli-mənəvi, dünyəvi dəyərləri itirmək qorxusu ilə yaşayır. Torpağa, Vətənə, ailəyə, kollektivə məhəbbət, dostluğa, əməkdaşlığa sədaqət, haqqı-ədaləti bərqərar etməyə cürət, insana hörmət, qanunlara riayət getdikcə azalır. Ləyaqət anlayışını daha çox var-dövlət, mənafe, vəzifə anlayışı əvəz edir. Bu gün insani əlaqələrdə daha çox məqam, mövqe və maddi imkana diqqət yetirilir,  insanın daxili keyfiyyətlərdən çox xarici görünüşünə, imkanlarına “kimin adamı” olmasına dəyər verilir.

Naqis iş tutan insan haqqında: “İnsan çiy süd əmib” və yaxud kimsə nalayiq, yerinə düşməyən söz işlətdikdə “çiy söz danışdı”, – deyirlər. Deməli, bəzi mayelər, məhsullar qaynadıldıqda, bişirildikdə saflıq tapır. Heyif ki, bu təcrübəni insana tətbiq etmək olmur. Amma özünə, sözünə, hərəkətlərinə dəyər verə bilənlərə “bişmiş adamdır”, – deyib, onunla öyünürlər.

Halallıq insanlığın həm təməli, həm də tacıdır. El arasında alqış var: “Ananın südü sənə halal olsun!” bunun əksinə olan qarğışda isə deyilir: “Əmdiyin süd burnundan gəlsin!” Halal süd əmən insan əmdiyi  südün halallığını öz əməlində göstərir.

Bənzətməm kimlərəsə qəribə də gələ bilər, amma, insan ilk baxışda qəşəng görünüşlü qarpıza bənzər və görənlər nə yaxşı qarpızdır deyər. Lakin qəşəng görünüşü olan qarpız içi ağ və şit də ola bilir. Əfsuslar olsun ki, çaşdırıcı görkəmə sahib olan insanlara son vaxtlar daha çox rast gəlmək olur.

Bu cür insanların bir qisminin azğınlaşması, vətənsizləşməsi, qəddarlaşması, dinsizləşməsi, özündən başqa heç kəsi sevməməsi, ağ qarpız kimi çıxmasıdır. İnsan özünü və önündəkini də insan bilməli və dəyərləndirməyi bacarmalı, reallıqları düzgün qiymətləndirməlidir. “Hər şeyə mənim olsun”, – deyib yanaşmamalıdır. Zor haqq-ədaləti üstələməməlidir. Dəyəri olanlara dəyər verməli, boşboğazlığa, riyakarlığa haqq verməməlidir. İnsan bir həqiqəti anlamalıdır ki, dünya insanların varlığıdır. İnsanlıq dəyərdən düşdükcə, haqq nahaqqa satıldıqca insanlıq ölür, inam yoxa çıxır, ədalət, həqiqət yox olur.

Məncə, hər bir insan kainatın bir zərrəsidir. Bu zərrəciklərin saflığı və təmizliyi dünyanın, həyatın gözəlliyidir. Şəxsi dünyamızın təmizliyi bəşəriyyətin təmiz dünyaya sahib olmasıdır.

Nurlu sabahları bərabər yaşamaq üçün biri-birinə günəşli, xoş günlər arzulayaq.

Hacıməmməd Məmmədov

 

Şərh Yaz