Basqal arzulanan yeniliklər astanasındadır

Basqal Azərbaycandakı qədim yaşayış məskənlərindən biridir. Burada yaşayanlar zəngin məişət ənənələri,  mədəniyyət və sənətkarlıqları ilə bu yerin ad-sanını tarixə yazmışlar. Basqal ipəkçiləri, elm və mədəniyyət adamları zaman-zaman bu tarixi məkanın məşhurlaşması üçün çox iş görmüşlər.

Ölkənin hərtərəfli inkişafını gündəlik fəaliyyətinin əsası kimi dəyərləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Basqal qəsəbəsi ilə bağlı son sərəncamları basqallılarla bərabər bölgədə yaşayanların hər birini sevindirdi.

Prezidentin Basqal Tarix-Mədəniyyət Qoruğu barədə verdiyi sərəncam qəsəbə ətrafında yerləşən kəndlərdə də sevinclə qarşılanıb. Ətraf kəndlərdə yaşayanlar yaxşı bilirlər ki, Basqalın müasirliyə qovuşması onlara da yaxşı mənada  fayda və arzulanan yeniliklər gətirəcəkdir.

Basqalda 432 şagird yerlik məktəbin tikintisində sürətli iş gedir. Məqsəd məktəbi qarşıdakı dərs ilində istifadəyə verməkdir.

Ərazinin gözəl təbiəti nəzərə alındığından burada geniş imkanlara malik turizm-istirahət mərkəzi tikilir. Azərbaycan Dövlət Turizm Agentliyinin Basqal Tarix-Mədəniyyət Qoruğu ilə bağlı hazırladığı inkişaf konsepsiyası layihəsi çərçivəsində qədimliyi qorumaqla qəsəbənin mərkəzinə də yeni görkəm veriləcəkdir.  Söz yox ki, görüləcək işlər basqallıların, eləcə də ətraf kəndlərdə yaşayan sakinlərin əmək məşğulluğuna müsbət təsirini də göstərəcəkdir.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Basqal qəsəbəsində vətəndaşlarla  qəbulda da ilk olaraq bu məsələlərdən söz açıb.

Başçının qəbulunda olan qəsəbə sakini Şakərəm Ağayev zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evinin yerində yeni evin tikilməsi üçün Azərbaycan dövlətinə, cənab Prezidentə minnətdar olduğunu bildirib.

Qəsəbədə müvafiq işlə təmin olunanlar rayon rəhbərliyinə təşəkkür ediblər.

Qəbulda köhnə məktəb, qəsəbədəki kitabxananın köçürülməsi, yaradıcılıq evinin təmiri, zəlzələdən zədə almış evlərin bir neçəsinə  yenidən baxış keçirilməsi danışıqların mövzusu olub.

Şəxsi müraciətlərdə tibbi yardıma, mənzil şəraitinin yaxşılaşdırılmasına, işlə təminata köməklik göstərilməsinə ehtiyac olduğu bildirilib.

RİH başçısı M.Sadıqov qarşılıqlı səmimiyyət şəraitində keçən qəbulda problem kimi diqqətə çatdırılan məsələlərin həlli üçün aidiyyəti idarələrin rəhbərlərinə tapşırıqlar verib.

Şahməmməd Soltanov

 

Şərh Yaz