Səhiyyənin inkişafı diqqət mərkəzində

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Ziyarətçilərlə bir arada olan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib.

Tədbir Rayon Mərkəzi Xəstəxanasında davam etdirilib. Baş həkim Aydın Əsədov çıxış edərək qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 17 iyun tarixli qərarı ilə Səhiyyə və Sosial Təminat Nazirliyi təşkil olunub. İlk səhiyyə naziri 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyli təyin edilib.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən iyunun 17-si ölkədə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Baş həkim qeyd edib ki, son illər ölkədəki sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verib. Bu dövrdə səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və digər genişmiqyaslı tədbirlər həyata keçirilib.

Tədbirin iştirakçısı, RİH başçısının müavini Sevil Əhmədova bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illərdə ölkədə 500-dən artıq tibb ocağı tikilib və ya əsaslı təmir edilib. Tibb müəssisələri müasir avadanlıqlarla təmin olunub. Dövlətimizin başçısının müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunmasını, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin istifadəyə verilməsini, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir.

Diqqətə çatdırılıb ki, bölgələrdə də səhiyyənin inkişafı həmişə diqqət mərkəzində saxlanılıb. Son illər İsmayıllı rayonunda da bu istiqamətdə bir sıra işlər görülüb.

Tədbirdə İsmayıllı Humanitar Texnologiya Kollecinin tələbəsi çıxış edərək təcrübəli həmkarlarını peşə bayramları münasibəti ilə təbrik edib.

Sonda peşəsinə bağlılığı, işgüzarlığı ilə fərqlənən bir qrup tibb işçisinə İsmayıllı RİH-nin və RMX-nin Fəxri fərmanları təqdim olunub.

Ş.Soltanov

 

Şərh Yaz