Təşəbbüs əlillərin problemlərinin həllinə yönəlib

????????????????????????????????????

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin minimum əmək haqlarının, pensiyaların, tələbə təqaüdlərinin, müharibə və əmək veteranlarının, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin, ümumi səbəbdən əlil olanların pensiya və müavinətlərinin artırılması barədə Sərəncam və tapşırıqları ölkə vətəndaşlarının sosial müdafiəsinin, rifah halının yüksəldilməsinə yönəldilmişdir.

Bu istiqamətdə ölkədə mühüm və əhəmiyyətli tədbirlər həyata keçirilir, əhalinin aztəminatlı təbəqəsinin sosial həyat şəraitinin yüksəldilməsi istiqamətində atılan addımların davamlı olacağı barədə əhali arasında izahat işləri aparılır.
Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı iqtisadi artım təmin olunur, çoxşaxəli sosial proqramlar reallaşdırılır, sosial müdafiə sistemi yeni inkişaf mərhələsinə qədəm qoyur. Pensiya, ünvanlı yardım, əlillik və məşğulluq sahəsində şəfafflıq, sosial ədalət prinsipləri tam təmin olunur.

Dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı Dövlət Proqramı  hazırlanıb. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında Konvesiya”ya qoşulub.

Əlillərin sosial müdafiəsi, sağlamlığının bərpası, onlar üçün digər vətəndaşlar kimi bərabər imkanların yaradılması dövlətin əsas hədəflərindəndir. Ölkəmiz inkişaf etdikcə, onun iqtisadi gücü artdıqca əlil vətəndaşlarımızın da həyat şəraiti, yaşam tərzi günbəgün yaxşılaşır, daha rahat yaşamaq imkanı əldə edirlər.

Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ölkə Prezidentinin rəhbərliyi altında dövlət əlil vətəndaşlarını çoxsaylı proqramlara, o cümlədən sağlamlıq,  reablitasiya, pulsuz istirahət, texniki bərpa  və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb edir. Dövlət başçısının tapşırığına əsasən əlillərin evlə təmin olunması istiqamətində böyük işlər görülür. Prezident İlham Əliyevin sərəncamı ilə əlillərə ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılır. Artıq 27 ildən çoxdur ki, müstəqillik yolunda qətiyyətlə irəliləyən Azərbaycan hökuməti ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib əlil olan insanların, şəhid ailələrinin, o cümlədən müharibə veteranlarının sosial-məişət qayğılarının həllinə xüsusi diqqət yetirir.

Bütün bunlarla yanaşı, görəsən yerli icra strukturlarının, idarə və müəssisə rəhbərlərinin əlillərə münasibəti necədir? Bölgələrdə yerli imkanlar hesabına əlilliyi olan şəxslərə köməklik göstərilirmi? Onların qayğı və problemlərinin həllinə hansı bucaqdan yanaşılır? “Əldən tutmaq Əlidən qalıb” kəlamına nə dərəcədə əməl olunur?

Bütün bu və ya digər suallara cavab tapmaq, əlilliyi olan şəxslərə yardımçı olmaq, onları cəmiyyətimizin bərabərhüquqlu vətəndaşı kimi narahat edən və düşündürən məsələlərlə daha yaxından tanış olmaq üçün İsmayıllı RİH-nin başçısı, professor, Əməkdar elm xadimi cənab Mirdaməd Sadıqov humanist bir təklif, əlillərlə görüş keçirmək təklifini irəli sürdü. Heydər Əliyev Mərkəzində  belə bir görüş təşkil olundu.

Qeyd edək ki,  İsmayıllı rayonu ərazisində 7311 nəfər müxtəlif səbəblərdən əlil olan insan yaşayır. Onlardan 383 nəfəri birinci, 4732 nəfəri ikinci, 1096 nəfəri isə üçüncü qrup əlillər sırasına daxildir. Əlillərin 1873 nəfəri sosial müavinət, 4338 nəfəri isə əmək pensiyası alanlardır. Əlilliyi olan şəxslərdən 1100 nəfərini 18 yaşadək sağlamlıq imkanları məhdud olan uşaqlar təşkil edir. Xidmət göstərilən tənha əlillər 41 nəfərdir. Müharibə veteranları 359 nəfərdir. Rayonda 143 şəhid ailəsi, 37 nəfər hərbi, 31 nəfər isə Çernobıl əlili, 2 nəfər Vətən Müharibəsi əlili, 2 nəfər 20 Yanvar əlili qeydiyyatdadır.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısı çıxış edərək bu toplantının məram və məqsədini açıqladı. Qeyd etdi ki, Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə əlillərlə işin təşkili vəziyyətini öyrənmək və onu daha da yaxşılaşdırmaq məqsədilə 15 nəfər məsul şəxsdən ibarət komissiya yaradılıb.

Cənab başçı ölkə rəhbərinin bu istiqamətdə apardığı hərtərəfli və humanist prinsiplərə əsaslanan siyasət barədə geniş məlumat verdi. Həmçinin qeyd etdi ki, hər şeyi oturub dövlətdən gözləmək olmaz. Axı yerli təşkilatlar, iş adamları, imkanlı şəxslər də bu məsələyə qoşulmalı, yardımlarını, köməyini əsirgəməməlidirlər. Rayonun bütün dövlət qurumları, ictimai təşkilatlar, xeyriyyəçi şəxslər əlillərə yardımçı olmalıdırlar.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin müdiri Kamran Muradov, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aydın Əsədov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva və başqaları çıxış edərək problemlər, əlillərlə aparılacaq iş və tədbirlər barədə məlumat verdilər. Sonra isə müxtəlif kateqoriyadan olan əlillərin çıxışları dinlənildi, problemləri müzakirə olundu, köməklik göstərmək yolları müəyyənləşdirildi. Dəqiqləşdirildi ki, 20 nəfər birinci qrup əlilin mühərrikli əlil arabasına ehtiyacı vardır. Bu barədə tədbirdən sonra aid icra orqanlarına müraciət edildi. Hərəkət imkanları olmayan Sənubər və Nəzakət Cəbrayılova bacılarının, Rasim Şahməmmədovun və bir neçə nəfər digər birinci qrup əlilin həyat və yaşam təminatını yaxşılaşdırmaq üçün konkret tədbirlər müəyyənləşdirildi.

Əlillərlə bağlı işi daha səmərəli koordinasiya etmək, yaşayış yerlərində müntəzəm görüşmək, onların problemlərinin həlli ilə daha səmərəli məşğul olmaq, cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə yaradılmış komissiyaya müvafiq tövsiyə və tapşırıqlar verildi.

Qarabağ müharibəsi əlili Əlsahab Əzizov, Kamil Dadaşov, Bəxtiyar Dəmirov, I qrup əlil Rəşad Məmmədov, Mikayıl İsmayılov, İlham Dadaşov, II qrup əlil Qadir Məmmədov, ümumi səbəbdən əlil Rasim Şahməmmədov, Diyallı kəndindən paraolimpiyaçı Şakir Ömərov, üç əlil övlad atası Natiq Salmanov və başqaları keçirilən tədbirin, irəli sürülən təşəbbüsün əhəmiyyətindən danışaraq, tədbirə görə rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Məqsəd ona yönəldi ki, Rayon İcra Hakimiyyəti başçısının irəli sürdüyü təşəbbüs əlillərin problemlərinin həllinə yönəlib və məsələ ardıcıl olaraq davam etdiriləcək. Əlilliyi olan şəxslərlə mütəmadi olaraq görüşlər keçiriləcək, problemlərinin həllinə yardım ediləcəkdir, onların cəmiyyətə inteqrasiyası təmin olunacaqdır.

Murad Mərrəmov,

H başçı aparatın İctimai-siyasi və humanitar mər şösi müdirininavini

 

Şərh Yaz