İsmayıllıda YAP rayon təşkilatı GB-nin konfransı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin (GB) 25 may 2019-cu il tarixdə V hesabat-seçki konfransı keçirilib.
Konfransın iştirakçıları – İsmayıllı rayon rəhbərliyi, tədbirə gələn qonaqlar, YAP rayon təşkilatının fəalları və bir qrup qabaqcıl gənc tərəfindən ulu öndər Heydər Əliyevin abidəsi önünə tər qızılgüllər qoyulub.
Konfransın keçirildiyi Mədəniyyət Mərkəzinin foyesində gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Konfransı YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova  açıb. Dövlət Himni səsləndirilib. Natiq əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən danışıb.
Konfransda məruzə ilə çıxış edən GB-nin sədr müavini  Qönçə Ağazadə təşkilatın hesabat müddətində gördüyü işlərdən, qarşıda duran vəzifələrdən danışıb. Rayonun fəal gənclərindən Gülşən İldırımlı, Ülvü Şamilov, Sevinc Novruzova və Mehman Cəfərov çıxış edərək konkret faktlarla ötən hesabatdan keçən dövr ərzində rayon təşkilatının sosial bazasının daha da genişləndiyini bildiriblər. Onlar rayonda gedən quruculuq işindən razılıqla danışıb, görülən işlərdə az da olsa zəhmət payları olduğundan qürur duyduqlarını bildiriblər. Razılıq hissi ilə bildirdilər ki, rayonda insanlara, eləcə də gənclərə diqqət və qayğı artıb, sosial problemlərinin həlli istiqamətində ciddi dönüş yaranıb. Çıxış edənlər rayonun sosial-iqtisadi inkişafının, əhalinin həyat səviyyəsinin yüksəlməsini Dövlət Başçısının ölkə vətəndaşlarına gündəlik diqqət və qayğısı kimi dəyərləndiriblər.
Konfransda millət vəkilləri Novruzəli Aslanov, Sabir Hacıyev, Azərbaycan Dillər Universitetinin rektoru, Kamal Abdulla, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov və  İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, YAP İsmayıllı rayon təşkilatının Şura üzvü Mirdaməd Sadıqov iştirak və çıxış ediblər.
YAP İsmayıllı rayon təşkilatı GB-nin hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab olunub.
YAP İsmayıllı rayon təşkilatı GB-nin 17 nəfərdən ibarət Şurası və 9 nəfərdən ibarət idarə heyətinin tərkibi müəyyənləşdirilib.
Səsvermə yolu ilə Ariz Həsənov YAP İsmayıllı rayon təşkilatı GB-nin sədri vəzifəsinə seçilib. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Bakı şəhərində keçiriləcək konfransına 2 nəfər nümayəndə seçilib.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin konfrans iştirakçıları adından müraciət qəbul olunub.
Sonda partiya sıralarına daxil olmuş 5 nəfər gəncə üzvlük vəsiqələri təqdim edilib.

Şahməmməd Soltanov

Şərh Yaz