Yaddas kitabcasi

Buynuz kəndində görüş-qəbul

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov müəyyən olunmuş qrafik əsasında, növbəti görüş-qəbulunu Buynuz kəndində keçirib.
Tədbiri giriş nitqi ilə açan M.Sadıqov ölkədə gedən dinamik inkişafdan danışıb. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı və Prezidentin sərəncamlarına uyğun olaraq bölgədə yeni istehsal və emal müəssisələrinin, sosial obyektlərin hesabına yeni iş yerlərinin açılmasından bəhs edib. Başçı bildirib ki, rayonda diqqət çəkən yeniliklərdən biri də yüksək səviyyədə yol infrastrukturunun yaradılmasıdır. Asfaltlaşdırılan yollar və küçələr deyilənlərin əyani sübutudur. O, həmçinin, respublikanın, rayonun inkişafında Buynuz kəndinin də özünəməxsus yeri olduğunu qeyd edib.  Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə kəndin yetirməsi Musa Yaquba Xalq şairi fəxri adı verilməsinin rayon ictimaiyyəti üçün sevindirici xəbər olduğunu bildirib.

Görüş-qəbulda iştirak edən Buynuz kənd sakini, Akif Zülfüqarov ilk növbədə Musa Yaqubun yüksək fəxri ada layiq gördüyünə görə kənd sakinləri adından cənab Prezidentə minnətdarlığını ifadə edib. Daha sonra  kəndin istifadəyə yararlı torpaqlarının yaxınlığından axan çayın sel suları tərəfindən yuyulmasından, buna görə də sahilbərkitmə işlərinin davam etdirilməsinin vacibliyindən söz açıb. Kəndlə paralel axan çay hövzəsindəki çınqıl karxanasının ətraf mühitə, nəticədə kəndin özünə vurduğu ziyanı diqqətə çatdırıb.  Karxanada aparılan işlərin burada, çay üzərindəki körpü üçün də böyük təhlükə yarada bilcəyini qeyd edib.

Görüş-qəbulda çıxış edənlər şəxsi məsələlərlə yanaşı, kəndin mərkəzi küçəsinin asfaltlaşdırılması, uşaq bağçası, poçt binasının tikilməsi, ətrafdakılar üçün təhlükə mənbəyi olan transformatorun təhlükəsizliyinə təminat yaradılması kimi xahişləri rayon rəhbərinin nəzərinə çatdırıblar.
Qaldırılan məsələlərin bəzisinin həlli üçün lazımi təşkilatlara tapşırıqlar verilib. Rayon İcra Hakimiyyətinin başçısı M.Sadıqov kəndin abadlığı üçün əhalidən yığılan torpaq və əmlak vergilərinin rolunu da vurğulayıb. Bu baxımdan kəndin sakinlərini bir daha kəndin problemlərinin həllində iştiraka – vergilərin vaxtında ödənilməsinə dəvət edib.

Şahməmməd Soltanov

Şərh Yaz