Layihəyə start verilir

İsmayıllı rayonunda Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsinə start verilir.

Əziz dostlar, möhtərəm xanımlar!
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi bizneslə məşğul olmaq istəyən xanımlarla, xüsusilə fiziki qüsurlu xanımlarla birlikdə Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən maliyyələşdirilən və Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi ” layihəsinə qoşulur. 12 aylıq müddəti əhatə edəcək bu layihədə “Maliyyə savadlılığı” üzrə təlimlər, “Öz biznesinə başla və onu inkişaf etdir” təlimləri həyata keçiriləcək, biznesə başlamaq istəyən qadınlara sərmayə kapitalı veriləcək. Layihə çərçivəsində uğurlu layihə iştirakçılarının Sahibkarlar yarmarkasında iştirak etməsi və mükafatlandırılması təmin olunacaqdır.
Biznesini genişləndirmək istəyən və ya qurmaq istəyən xanımlar (xüsusilə fiziki qüsuru olan qadın mikrosahibkarlar və bizneslə məşğul olmaq istəyən qadınlar) bu layihəyə qoşulmaqla ailə və bizneslərində maliyyə idarəetməsi üzrə bilik, bacarıq və davranışlarını təkmilləşdirəcək, uğurlu biznes planlar hazırlayacaq, ilkin sərmayə kapitalı əldə edəcək 50 qadından biri ola biləcək, hətta daha irəli gedərək layihədə qalib çıxan 10 qadından biri olmaqla bazara çıxışı təmin ediləcəkdir.
Maraqlı layihədir. Aqillərin belə bir sözü var: Deyir, pulu qazanmağı deyil, onu necə xərcləməyi bacarmaq daha önəmlidir. Bu layihədə Siz bunu da öyrənə biləcəksiz. Əlinizdəki telefonu qarşınıza deyil, tamam kənara qoyub dərindən düşünün, əgər bizneslə məşğul olmaq fikriniz, azacıq bacarığınız varsa, gəlin bunu birlikdə irəli aparaq. İrəli aparaq ki, sahibkar xanımlarımızın sayı, gücü daha da artsın. Həm də birlikdə olaq. Unutmayaq ki, ”qadın gücünə güc çatmaz, söz bir, əməl bir ola bilsək”. Bacararıqmı?! Gəlin birlikdə sınayaq.

Bizimlə olmaq qərarını versəniz bu ünvanda: İsmayıllı ş., N.Nərimanov küçəsi 36, I mərtəbə 106-cı otaqda bizimlə görüşə bilərsiz. Yox əgər, “getməyib, hələ bir telefonla əlavə məlumat alım desəniz: 02028 510 46 nömrəli telefona, ya da 055 6053507 mobil telefonuna zəng edə bilərsiz.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi

 

Şərh Yaz