Daha böyük uğurlar əldə oluna bilər

Azərbaycan Prezidenti cənab İlham Əliyev 2016-cı ilin avqust ayının 10-da, İsmayıllıya səfəri zamanı rayondakı Olimpiya-İdman Kompleksində əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olmuşdur. Ölkə başçısının gənclərə, idmana göstərdiyi diqqətin qarşılığı olaraq İsmayıllı Olimpiya-İdman Kompleksi, eləcə də İsmayıllı İdman və Gənclər İdarəsinin kollektivi gündəlik uğurlu fəaliyyətləri ilə onlara göstərilən qayğı və etimadı idman sahəsindəki əməli göstəriciləri ilə cavablandırmağa səy göstərirlər.

Kompleksdəki şərait planlaşdırılan işlərin uğurla başa çatdırılmasına tam təminat verir. Ərazisi 7,5 hektar olan kompleksin həyətində 936 yerlik süni örtüklü futbol meydançası, tennis kortu, ikimərtəbəli dörd yerlik üç kottec, basketbol və voleybol meydançaları mövcuddur. Kompleksin 510 yerlik əsas idman zalı müasir avadanlıqla təchiz edilib.

Yaradılan şərait burada müxtəlif yerli və beynəlxalq əhəmiyyətli yarışların yüksək səviyyədə keçirilməsinə imkan verir. Kompleksin üzgüçülük hovuzu da müasir səviyyəyə çatdırılıb. İkimərtəbəli əsas binada soyunub-geyinmə otaqları, mini futbol meydançası, müxtəlif tədbirlərin keçirilməsi üçün zal və digər inzibati otaqlar vardır.

Yaradılan şəraitdən düzgün istifadə İsmayıllı Olimpiya-İdman Kompleksini ən işlək, öncül idman bazalarından biri kimi tanıtmışdır. Bu işdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovun gündəlik qayğısı alqışa və minnətdarlığa layiqdir.

Kompleks İsmayıllı idmansevərlərinin sevimli məkanıdır. Bundan əlavə, İsmayıllıda turizmin sürətli inkişafında da Kompleks öz rolunu oynamaqdadır. Belə ki, istirahət üçün bölgəmizi seçən turistlər arasında kifayət qədər idmana bağlı olanlar da olur. Bu maraqları baxımından onlar seçimlərini İsmayıllının üzərində edir və kompleksdə bu istiqamətdə formalaşmış, qənaətbəxş xidmətdən yararlanırlar. Burada turistlərə göstərilən xidmət sözün həqiqi mənasında, onları məkanın təbliğatçısına çevirir.

Məlumat üçün bildirək ki, iyun ayının 7-də Gənclər və İdman naziri Azad Rəhimov İsmayıllıda   vətəndaşların qəbulu zamanı İsmayıllı idmançılarının qazandığı uğurlardan – İsmayıllı Olimpiya-İdman Kompleksi ilə İsmayıllı İdman və Gənclər İdarəsinin birgə, məqsədyönlü işindən söz açılmış, razılıq ifadə olunmuşdur.

Nazir A.Rəhimov qazanılan müvəffəqiyyətlərin inkişaf etdirilməsi üçün hər iki müəssisənin rəhbərliyinə müəyyən tövsiyə və tapşırıqlar vermiş, müştərək fəaliyyətin daha böyük uğurlar əldə olunmasına səbəb ola biləcəyini vurğulamışdır.

Ş.Soltanov

Şərh Yaz