Kənd məktəbində “Son zəng”

Qalacıq kənd tam orta məktəbində “Son zəng” tədbiri keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşı Rüstəm Səmədov, Qalacıq İƏD nümayəndəsi Təbriz Eminov, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
Məzunlar Azərbaycanın Dövlət Bayrağını meydana gətirdikdən sonra  Dövlət himni səsləndirilib. Məktəbin direktoru Rusan Qasımov tədbiri açıq elan edib, qonaqları salamlayıb.  Sevinc və həyəcan içində olan məzunlara gələcək həyatlarında uğurlar diləyib. Çıxışında  məktəb şagirdlərinin əldə etdikləri uğurlardan danışıb.

İsmayıllı Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşı Rüstəm Səmədov çıxış edərək “Son zəng” münasibətilə onbirinciləri təbrik edib, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb. Məzunların həyatında yeni mərhələnin açıldığını deyən natiq onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə həyata keçiriləcək proseslərdə fəal iştirak edəcəklərinə inandığını bildirib.
Çıxış edənlər arasında məzunların birinci və XI sinifin sinif rəhbəri, əvvəlki illərdə məktəbi bitirən və yüksək nəticələrlə respublikanın ali məktəblərində oxuyan məzunlar və valideynlər də olub. İlk sinif müəllimlərinin və körpə fidanların çıxışları xüsusi diqqət çəkib. Tədbirdə çıxış edən digər qonaqlar məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayıb və onlara olan etimadı hər yerdə doğrultmağı tövsiyə ediblər.
Məzunların səsləndirdikləri şeir və mahnılar tədbirə xüsusi rəng qatıb. Məktəb və müəllimləri ilə vidalaşan məzunlar xatirə rəsmləri çəkdiriblər. Simvolik “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə təqdim olunub. “Son zəng” çalınıb, səmaya əlvan şarlar buraxılıb.
Elnarə Günəş,
AJB-nin
üzvü

 

Şərh Yaz