“Lahıc folklor kollektivi”nə “Xalq kollektivi” statusu verilib

Tarixlər şahidi, min illərin yadigarı olan sənətkarlar yurdu, qədim Lahıc təkcə xalq sənətkarlığı, milli memarlığı, şəhərsalma mədəniyyəti ilə deyil, milli-mənəvi, dini dəyərlərə sahibliyi və onları bacarıqla yaşatması ilə də məşhurdur. Bu sırada “Lahıc folklor kollektivi” xüsusi yer tutur.

Lahıcın etnoqrafiyasını, məişət mədəniyyətini, musiqisini, rəqslərini, söz yaradıcılığını bu gün də dəyanətlə yaşadan folklor kollektivi yeni yüksəliş dövrünü yaşayır. El bayramlarında, təntənəli mərasimlərdə folklor kollektivi həmişə öndə olur, çıxışları hamı tərəfindən rəğbətlə qarşılanır.

Kollektiv uzun illəri əhatə edən yaradıcılığına böyük dəyər olan ən xoş xəbəri bu günlərdə alıb. Azərbaycan Respublikasının Mədəniyyət Naziri Əbülfəs Qarayev “Lahıc folklor kollektivi”nə “Xalq kollektivi” statusu verilməsi barədə əmr imzalayıb. 2018-ci ilin avqust ayında Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı, beynəlxalq miqyaslı təmsilçimiz Mehriban xanım Əliyevanın Lahıca səfərindən sonra belə bir əmrin verilməsini xalqa xidmətin əsil nümunəsi, milli-mənəvi dəyərlərə verilən yüksək qiymət kimi qəbul edirik.

Ömrümü həsr etdiyim mədəniyyətə, musiqiyə, bütövlükdə qəsəbəmizə verilən bu yüksək qiymətə görə Lahıcın yetirməsi olaraq dərin minnətdarlığımı bildirirəm. “Xalq kollektivi”nin yaradıcılıq uğurlarının artması üçün mən bundan sonra da məmnuniyyətlə öz köməyimi göstərəcəyəm.

Sahibə Abdullayeva,

“Tərəqqi” medallı mədəniyyət işçisi

 

Şərh Yaz