Beynəlxalq konfrans işini uğurla başa vurdu

15-17 aprel tarixlərində Bakıda keçirilmiş və uğurla başa çatmış Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransı ölkəmizin nüfuzunun, beynəlxalq miqyasda olan strateji gücünün bariz təzahürüdür.

150 ölkədən 500-dən çox  nümayəndənin iştirak etdiyi konfrans ölkəmizin tanınması baxımından  əhəmiyyətli rola malikdir. Ölkəmizin təbliğatı, Azərbaycanda həyata keçirilən inkişafı yaxından görmək və tanış olmaq və ən əsası, ölkəmizin bundan sonrakı inkişafına müsbət töhfə verilməsi baxımından bu konfransın böyük və  qlobal faydası var.

Tədbirə fəxri qarovul dəstəsinin Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının dövlət bayraqlarını salona gətirməsi ilə başlanıldı, belə ki, bu Azərbaycan və ABŞ arasında strateji əməkdaşlığın yüksək səviyyədə olmasını ortaya qoyur.  Daha sonra ABŞ-ın və Azərbaycanın Dövlət himnləri səsləndirildi.

Giriş sözü ilə baş nazir  Novruz  Məmmədov bu konfransın narkotiklərin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulması ilə mübarizədə beynəlxalq təcrübənin öyrənilməsinə, müvafiq sahədə əməkdaşlığın daha da güclənməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirdi. Qeyd etdi ki, beynəlxalq səviyyədə narkotiklərə qarşı mübarizə sahəsində ixtisaslaşan qurumları və ekspertləri bir araya gətirən qlobal əhəmiyyətli bu tədbirin Bakıda keçirilməsi Azərbaycanın narkotiklərə qarşı mübarizədə beynəlxalq əməkdaşlığına verilən qiymətdir. Bildirildi ki, Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncamla bu konfransın Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.

Novruz Məmmədov dövlət başçısının rəhbərliyi ilə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən işlərdən danışdı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan baş nazir qeyd etdi ki, işğal altındakı ərazilərimizdən narkotik vasitələrin istehsalı və tranziti üçün istifadə olunur. Bu hal nəinki bu region üçün, həmçinin bütün bəşəriyyətə təhlükədir.

Konfransın işində vətəndaş cəmiyyətini Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni və Gənclərin Anti-Narkomaniya ictimai birliyinin sədri kimi mən təmsil edirdim. Konfransda çıxış edənlər konfransın beynəlxalq əhəmiyyətindən danışaraq, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsini, dünyanın bütün ölkələrinin bu təhlükəli sahəyə qarşı  güclərinin birləşdirilməsi və bəşəri bəlaya qarşı birgə mübarizə aparmağın son dərəcə vacib olduğunu bildirdilər.

Konfransın keçirilməsi vətəndaş cəmiyyətinin nümayəndəsi kimi mənim üçün çox önəmlidir, çünki, bu bəşəri ağ ölümə qarşı mübarizə aparmaq sahəsində qeyri-hökumət təşkilatı sədri kimi mənim də üzərimə çox böyük məsuliyyət düşür. Maarifləndirmə işlərinin aparılması, QHT-hökumət əməkdaşlığının daha da gücləndirilməsi dövlət proqramı çərçivəsində üzərimizə düşən vəzifələrin yerinə yetirilməsi üçün əsas bir istiqamətdir.

Bu baxımdan konfransda iştirak etməyim bu sahədə beynəlxalq təcrübənin daha dərindən öyrənilməsi, beynəlxalq səviyyədə bu sahədə çalışan QHT nümayəndələri və müvafiq rəsmilər ilə informasiya mübadiləsi aparmaq və ən əsası yeni texnologiyaların tətbiqi baxımından əhəmiyyətlidir.

drət Kazımov,

GANİB-nin sədri, İsmayıllı bələdiyyəsinin sədr müavini

Şərh Yaz