Həkimlərimizə təşəkkür

Azərbaycan zaman-zaman öz filosofları, müəllimləri, həkimləri, xeyriyyəçi ziyalıları ilə qonşu xalqlardan üstünlüyünü qorumuşdur.

Müstəqillik qazandıqdan sonra digər istiqamətlərdə olduğu kimi, tibb sahəsində də kifayət qədər uğurlar əldə edilmişdir. Səhiyyəyə göstərilən güclü dövlət dəstəyi və qayğı sayəsində ölkə ərazisində fəaliyyət göstərən bütün xəstəxana və tibb məntəqələri müasir avadanlıqlarla təchiz edilmişdir. Vətəndaşların rifah halının yaxşılaşdırılması üçün bütün növ lazımı tədbirlər görülür. Tibb sahəsində həyata keçirilən tədbirlər çərçivəsində Respublikanın bütün şəhər və rayonlarında olduğu kimi, İsmayıllı Rayon Mərkəzi Xəstəxanası da bütün növ müasir tibbi avadanlıqlarla təmin edilib. İsmayıllı sakinləri də dövlətin bu qayğısından bəhrələnirlər.

Qazanılmış uğurlarda tibb işçilərinin danılmaz əməyi vardır. Sağlamlığımızın qeydinə qalmağı özlərinə vəzifə edən şərəfli peşə sahibləri – həkimlərimiz barəsində nə qədər xoş söz, gözəl ifadə işlətsək, yenə də az olar. Çünki onlar həyatda ən dəyərli nemət olan can sağlığını gözəl hədiyyə kimi bizlərə bəxş edirlər. Əsil həkim Allahın xeyir-duasını almış mələkdir, xilaskardır. Bir sözlə, həkimlərimiz dünyada ən nəcib ürəkli, ən saf duyğulu insanlardır. Həkimlər hər bir xəstə ilə dil tapmağı bacarır, hər xəstənin çəkdiyi acıları onunla bir yerdə yaşayır.   Bu xoş fikirləri İsmayıllı rayonunun səhiyyə işçilərinə də şamil etmək olar.

Rayon xəstəxanasının əməkdaşları burada yaradılmış bütün şəraitdən səmərəli istifadə edərək əhaliyə xidmət göstərir. Bu nəcib peşə sahibləri digər bayram və əlamətdar günlərdə olduğu kimi, Novruz bayramını da iş başında qeyd ediblər.

Xəstəxananın baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru, Əməkdar həkim Aydın Əsədovun göstərişinə əsasən, xəstəxanada növbətçilik təşkil olunub. Həkimlər bayram günlərində adətən müraciətlərin sayının artmasını nəzərə alaraq, gücləndirilmiş iş rejimində xidmət göstəriblər, iş başında həmişəki kimi yüksək əzmlə çalışıblar. Söz yox ki, bu da birmənalı şəkildə xəstə məmnunluğuna zəmin yaradır. Ümumiyyətlə, rayon sakinləri xəstəxanadakı tibbi xidmətlərdən razılıq edirlər.

Mövzu ilə bağlı söhbət əsnasında İsmayıllı şəhər sakini Ülviyyə Zeynalova həkimlərin xidmətindən razılığını ifadə etdi. Bildirdi ki, günün istənilən saatında, həftənin bütün günlərində xəstəxana xidmətimizdədir. “Biz rayon sakinləri yaradılmış geniş imkanlara və göstərilən keyfiyyətli tibbi xidmətlərə görə dövlətimizin başçısı, Prezidentimiz İlham Əliyevə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının işçi heyətinə təşəkkür edirik”.

Elnarə Qasımova

 

Şərh Yaz