Xeyirxahlığa köklənmiş ömür

Enişli-yoxuşlu yollardan uğurla keçərək ömrünün mənalı illərini yaşayıb-yaradan bu insan böyük nüfuz sahibidir.

Köməklik etdiyi insanların xeyir-duaları onu həyata bağlayır, fərəhləndirir, sevindirir. Onun haqqında yaşadığı kəndin, eləcə də rayon camaatının çoxu xoş sözlər söyləyirlər. Onun işləri, əməlləri, həyata keçirdiyi iş planları təqdirə layiqdir. Belə bir insan İsmayıllı rayon İcra Hakimiyyəti başçısının  Mollaisaqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həşim Salman oğlu Həşimovdur.

Tanrı ona hər cür şirin xasiyyət, səxavət verib, o da yaradanına xoş gələn şirin xidmətlə gündəlik həyatında, davranış və rəftarında qəbahətlərə yol vermir. Sözü məntiqli, hərəkətləri yerli-yerindədir. Öz vəzifəsini layiqincə yerinə yetirən insanlardandır. Xeyirxahlığa köklənmiş ömür yolu var.

Onun zəhmət tələb edən uğurlu illəri, əməksevərliyi, daimi mütaliəsi, sosial şəbəkələrdən faydalanması və məlumat mübadiləsi aparması diqqət çəkəndir. Onun dilimizə, mədəniyyətimizə, musiqimizə böyük vurğunluğu var. Milli-mənəvi dəyərlərimizə diqqət verir. Dövlətə sədaqətlidir.

Onu görəndə insanın üzündə bir anlıq təbəssüm oyanır. Yəqin ki, bu yazını oxuyan hər kəsin də üzündə bir təbəssüm oyanacaq, nə yaxşı ki, bu insan haqqında yazı yazılıb ifadəsi fikirlərindən keçəcək.

İstərdim ki, bu insan haqqında bildiklərimi oxucularımızla bölüşüm. Beləliklə, o qədim yurd yerlərimizdən olan Mollaisaqlı kəndində 1968-ci ildə dünyaya göz açıb. Təhsilini də doğulub boya-başa çatdığı kənd tam orta məktəbində alıb. 1981-ci ildə həmin məktəbi bitirib. Bir müddət təsərrüfatda çalışıb. 1985-ci ildə  S.Ağamalıoğlu adına “Şərəf nişanlı” ordenli Kənd Təsərrüfatı Akademiyasına daxil olub. 1987-1989-cu illərdə ordu sıralarında xidmət edib. Yenidən təhsilini davam etdirmək  üçün Akademiyaya yollanıb. 1992-ci ildə Akademiyanı  bitirib. Həmin ildən kəndlərindəki kolxozda əmək fəaliyyətinə başlayıb. Sonra 8 nömrəli İsmayıllı rayon üzüm emalı zavodunda laboratoriya  müdiri  vəzifəsinə irəli çəkilib. 1995-ci ildə  Mollaisaqlı birgə təsərrüfatında Baş Zootexnik, direktor müavini vəzifələrində çalışıb. İslahat komissiyasının üzvü olub. İlk bələdiyyə seçkilərində uğur  qazanaraq bələdiyyə üzvü seçilib. 2002-ci ildən kənd bələdiyyəsinin müavini seçilib. Elə həmin ildən hal-hazıra kimi Mollaisaqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır.

İnzibati ərazi dairəsi üzrə nümayəndəlik öz işini Dövlətin irəli sürdüyü tələblər səviyyəsində qurmuş, iş planına uyğun olaraq icrası nəzərdə tutulan tədbirlər məsul icraçılara tapşırılmış və onlardan tam  məsuliyyətli olmaqları tələb olunmuşdur. Nümayəndəliyin ümumi ərazisi 2033 hektardır. Bunun 9 hektarı dövlət mülkiyyəti 1120 hektar bələdiyyə mülkiyyəti, qalan hissə əhaliyə verilmiş pay  torpaqlarıdır. Ərazidə 275 ailə təsərrüfatı, 182 ev mövcuddur. Təsərrüfatda 659 baş iribuynuzlu, 2250 baş xırda buynuzlu  heyvan vardır. Kəndin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdən ibarətdir. 680,14 hektar sahədə taxıl, 115,10 hektar sahədə üzüm bağı salınmış, ümumilikdə sahə üçün 58010,00 manat vəsait ödənilmişdir. Fermer və vətəndaşlara dotasiya ödənilmişdir. Fermerlərin əla növ toxumla təmin edilməsi təmin olunmuşdur. Arıçılıqla məşğul olan fermerlərə dövlət tərəfindən  verilən subsidiyanın alınması üçün arı ailələrinin siyahısı alınmış, nəticədə 217 arı ailəsinin olduğu müəyyənləşdirilmişdir.

Həşim müəllim elini, obasını, torpağını hədsiz dərəcədə sevir. Özü gözəl təsərrüfatçıdır. Ailəsi ilə birlikdə çalışır, kənd təsərrüfatı bitkiləri əkib becərir. Arıçılıqla məşğul olur. Bundan xüsusi zövq alır.

Söhbət əsnasında Həşim müəllim dedi:

– Baramaçılığın inkişaf etdirilməsi ilə əlaqədar olaraq bir nəfər kümçüyə 40 qram  barama qurdu verilmiş, kümçü  tərəfindən 131,4 kiloqram barama istehsal edilmiş, 1182 manat məbləğində Dövlət tərəfindən kümçüyə vəsait ödənilmişdir. Kəndin düz adlanan sahəsində qrunt sularının üzə çıxması nəticəsində 60 hektardan yuxarı sahə dövriyyədən çıxmışdır. Həmin sahədə qrunt sularının çəkilməsi üçün 250 metr uzunluğunda 1,5 metr dərinlikdə və 1,3 metr enində drenaj kanallar qazılmış ərazidən qrunt suları çəkilərək sahə tam yararlı hala gətirilmiş və orada sahibkarlar tərəfindən taxıl əkilmişdir.

Ərazidə sahibkar tərəfindən 200 ədəd tut tingi əkilmiş, mövcud tut ağaclarında budama işləri aparılmışdır. 5 hektarda fındıq bağı salınmış və bu iş davam etdiriləcəkdir.

Nümayəndəlikdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qanununa müvafiq yerinə yetirilmişdir. Nikah şəhadətnamələrinin verilməsi, doğumun, ölümün qeydə alınması, aylıq, rüblük, yarımillik və illik hesabatlar rayon qeydiyyat şöbəsinə vaxtında təqdim edilmişdir. Ərazidə yaşayan gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində müsbət işlər görülmüşdür. Mollaisaqlı kənd tam orta məktəbinim kollektivi bu işdə fəallıq göstərmişlər. Şagirdlər müxtəlif tədbirlərdə və rayon mərkəzində keçirilən “Şahin” hərbi idman oyunlarında iştirak etmişlər. Kənd əhalisinin sağlamlığının qorunması məqsədilə ərazidə tibb məntəqəsi fəaliyyət göstərir. Kənd kitabxanasında da işlər günün tələbləri səviyyəsindədir. Əhali tərəfindən istehlak olunan elektrik enerjisi və qaz ödənişləri vaxtlı-vaxtında aparılır.

Həşim müəllim müasir idarəetmə prosesində fəal iştirak edir. Seçkilərlə bağlı Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun, müəyyən etdiyi fəaliyyətini kənddə yüksək səviyyədə həyata keçirir. Təşviqat-təbliğat kompaniyasının aparılması, mədəni-kütləvi tədbirlərin həyata keçirilməsi üçün hazırladığı qrafik əsasında işini qurur. Seçici siyahılarının dəqiqləşdirilməsində də rolu böyükdür.

Suya olan tələbatı ödəmək üçün bir ədəd artezian quyusu qazılmışdır. Yenisinin qazılması da nəzərdə tutulmuşdur. Köhnə su xətti təmir edilmiş, su artezian quyusundan 690 metr su kəməri çəkilərək anbara birləşdirilmişdir.

Xeyirxahlığa köklənmiş bu ömür sahibi Yeni Azərbaycan Partiyasının üzvüdür. Övladları yüksək tərbiyə sahibidirlər. Onlar atalarının hörmətini saxlayır, atalarının başını daim uca edirlər.

Həşim Həşimovun uğurları haqqında çox yazmaq olar. Mən bildiklərimi diqqətinizə çatdırdım. Dəfələrlə Fəxri fərmanlarla və müxtəlif mükafatlarla mükafatlandırılıb.

Həşim müəllim, həyat onu layiqincə yaşamağı bacaranlarındır. Siz də bu cür ziyalılarımızdansınız. Arzu edirik ki, uğurlarınız çoxalsın, problemləriniz aradan qalxsın. Bu işdə ulu Tanrı özü yardımçınız olsun.

Hacımməd Məmmədov

 

Şərh Yaz