Yaddas kitabcasi

Unudulmayan ziyalı

Ziyasılmətə şəfəqlər saçan,

Əbədi sönməyən nurdu müəllim.

Əngin səmaların sirrini açan,

Ö başdan başa sirdi müəllim.

Deyirlər ki, dünyada əvəzi olmayan insan yoxdur. Yəni, zamanında ən gərəkli, ən dəyərli insan da bir gün yerində olmayanda  onun da əvəzedicisi olur. Mən isə çoxları kimi belə düşünmürəm. İnsan öz yerində olmayanda o yeri boş görürəm. O insan üçün “yeri görünür” deyə düşünürəm. Bunu itirdiyim əzizlərim üçün də, tanıdıqlarım üçün də, iş yoldaşlarım üçün də belə düşünürəm.

Dövrünün ən bacarıqlı, ən intellektli, hər sahədə lazımlı, bu gün özünün müdriklik çağlarını yaşayan Mehdi müəllim bax bu gün uzun illər çalışdığı kollektivdə yeri görünənlərdəndir. Düzdür, o, bu gün də öz müqəddəs əməli ilə el-obası üçün yararlı biridir.

Nağıyev Mehdi Rəcəb oğlu 1949-cu il martın 25-də Talıstan kəndində anadan olmuşdur. Onun dünyaya göz açdığı ailə kənddə həm çox halal, zəhmətkeş olması ilə, həm də Allaha, İslam dininə, Qurana çox bağlı olması ilə fərqlənirdi. Hələ oruc, namazın, Quranın yasaq olduğu Sovet dönəmində balaca Mehdi Ənnağı babanın, Rəcəb atanın xoş avazla oxuduğu Quran ayələri altında böyümüşdü. Balaca Mehdi valideynlərindən tez-tez bu misraları eşidərdi.

Əsl insan odur ki,

Nəfsinə şahzadədir.

Haramlardan uzaqdır,

Qəlbi təmiz, sadədir.

Balaca Mehdi özü də fərqinə varmadan yaşıdlarından çox fərqli bir mühitdə böyüyürdü. Nazil olduğu zamanda bəşəriyyəti doğru yola səsləyən Quranın nəinki sədaları altında böyüyürdü balaca Mehdi, həm də babasının xahişi ilə ayələri də əzbərləyirdi. O vaxt o bu ayələrin müqəddəsliyini başa düşmürdü. Babasından söz verdiyi mükafatı almaq üçün əzbərləyirdi. Kim bilərdi ki, illər keçəcək, Mehdi müəllim bu ayələri ona öyrədən babasına və atasına rəhmət diləyəcək.

Mehdi müəllim uşaqlıqda bir az dəcəl, həm də hər şeylə maraqlanan, öyrənmək istəyən biri olub. Mehdi müəllimin anası dövrünün ən cəfakeş qadınlarından biri Səmiyyə ana həmişə deyərdi ki, Mehdi evə alınan hər hansı bir təzə əşyanı o dəqiqə sökərdi. Sonra quraşdırardı. Kim bilərdi ki, çox illər sonra onun bu qabiliyyəti çox lazım olacaq. Kənddə elə bir ailə yoxdur ki, Mehdi müəllimin orada əl işləri, yardımı olmasın. O,  hər sahədən xəbəri olan hər bir işdən başı çıxan insandır. Belə insanlar bacarığına görə həmişə sayılıb-seçilirlər. Belə bir müdrik kəlam var:

”Məşhur adam olmaq xoşbəxtlikdir, faydalı olmaq isə hər kəsin borcudur”.

Sözün əsl mənasında Mehdi müəllim çox faydalı bir insan olub, bu gün də bu xarakteri onda davam etməkdədir.

1966-cı ildə orta məktəbi bitirib 1970-ci ildə M.F.Axunov adına rus dili və ədəbiyyatı fakültəsinə daxil olur. 1975-ci ildə oranı bitirib. 2016-cı ilə qədər Talıstan kənd orta məktəbində rus dili müəllimi kimi fəaliyyət göstərib. Hal-hazırda təqaüddədir. Mehdi müəllim işlədiyi ilk illərdən həm kollektivin, həm də şagirdlərin sevimlisinə çevrildi. O şagirdlərlə dost kimi davranırdı.

Müdriklərdən birinin belə bir fikri var. Mən o müəllimi sevirəm ki, mənə  fikirləri yox, fikirləşməyi öyrətsin. Bax, Mehdi müəllim hələ Sövet təhsil sistemi dövründə də indiki kurikulum islahatının tələblərinə cavab verən dərslər qurardı. Mehdi müəllim yeni işlədiyi vaxtlarda rus dili müəllimi olmasına baxmayaraq məktəbdə fəaliyyət göstərən dram dərnəyinə rəhbərlik edərdi. Şagirdlərlə bərabər özü də rolda çıxış edərdi. Onun rəhbərliyi ilə hazırlanan tamaşalar o dövrdə bütün kənd camaatının böyük marağına səbəb olurdu, alqışlanırdı. Mehdi müəllim Rayon Təhsil Şöbəsinin dəfələrlə Fəxri fərmanı ilə, “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. Mehdi müəllim o müəllimlərdəndir ki, Ukraynanın Çerkassı şəhərinə təcrübə mübadiləsi üçün Azərbaycandan göndərilən 10 nəfər müəllimin biri o idi. İndi təlim prosesində İKT-dən istifadə olunur. O zamanlar isə TTV (yəni təlimin texniki vasitələrindən) istifadə olunurdu. Məktəbdə Mehdi müəllim kimi bunun kamil bilicisi yox idi.  O, həm də gözəl ailə başçısıdır. Onun 3 övladı var. Qızı Şəhrizad və Şəhanə ataları kimi müəllim peşəsinə yiyələniblər. Oğlu Şəhriyar isə Kənd Təsərrüfat Akademiyasını bitirib. Övladlarının hər üçü ailəlidir. 6 oğlan nəvəsi var. Kiçik nəvəs i onun adını daşıyır və elə babanın bütün xarakteri onda cəmlənib. Hər bir güclü, uğur qazanan kişinin arxasında mütləq qayğıkeş, güclü bir qadın dayanır. Mehdi müəllimin də istər işində, istərsə də şəxsi həyatında əldə etdiyi nailiyyətlərdə onun qayğıkeş ömür-gün yoldaşı Məhluqə xanımın böyük rolu olmuşdur. Doğmalarının hər biri Mehdi müəllimlə qürur duyur. Bunu evin gəlini Süsən xanımın etirafından bilmək olur, O bildirdi ki, mən fəxr edirəm ki, övladlarımın belə bir babası var. İnanıram ki, onlar babalarının yolu ilə gedəcəklər. Mən də öz növbəmdə övladımın belə bir əmisi, özümün isə vaxti ilə müəllimim olması ilə fəxr edirəm.

Mehdi müəllim hal-hazırda təqaüddə olmasına baxmayaraq istər kənd camaatı tərəfindən, istərsə də şagird-müəllim kollektivi tərəfindən böyük hörmətlə qarşılanır.

Məktəbin direktoru belə deyir: Mehdi müəllim kimi məsuliyyətli, bacarıqlı müəllimlərlə işləmək doğrudan da zövq verir.

Məktəbin rus dili müəllimi Zülfiyyə Abbasova belə deyir: “Mehdi müəllimdən çox şey öyrəndik. O, sözün  əsl mənasında zəngin bir insandır”.

Rus dili müəllimi Yaşar Əzizov belə deyir: “Mehdi müəllim kimi, həm də yoldaş kimi çox dəyərlidir.

Mehdi müəllim, 70 yaşın mübarək. Bu təbriki bütün səni sevərlər adından deyirəm”.

Aşıq Alı demiş:

Əllini aşırdın, yüzə nə qaldı?”.

Sənin isə yüzə  hələ 30 ilin qalıb. Sənə sağlam 100 yaş arzulayırıq. Sən həmişə dəyərli olmusan, bu gün də dəyərlisən. Elə dəyərliliyində də qal. Fikrimcə, bu misralar sizin  kimi müəllimlər üçün yazılıb.

Heç zaman unutmarıq

k əməyini biz.

Ey mehriban dostumuz,

Əziz müəllimimiz.

İradəseynova,

Talıstan kənd tam orta məktəbinin müəllimi

Şərh Yaz