Yaddas kitabcasi

Qışa hazırlıq yox, qışlamanın gedişi müzakirə olundu

İsmayıllı Rayon İcra Hakimiyyətində qış mövsümünə hazırlıqla əlaqədar müəyyən edilmiş tədbirlərin icra vəziyyətinə həsr olunmuş geniş tərkibli, rayonun bütün fəaliyyət sahələrini əhatə edən müşavirə keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tədbiri açaraq qeyd edib ki, rayon İcra Hakimiyyəti qışa hazırlıq işlərinə mövsümə iki ay qalmış başlayıb. Sentyabr ayının sonunda məsələ RİH başçısının yanında şura iclasında müzakirə edilib, nəzərdə tutulan tədbirlərin icrasına yardımçı olmaq və nəzarət etmək məqsədilə RİH başçısının birinci müavini Rövşən Ağayevin sədrliyi ilə qərargah yaradılıb. Bu gün biz artıq qışa hazırlığı yox, qışlamanın gedişini müzakirə etmək üçün toplaşmışıq. Məktəblərdə, səhiyyə, mədəniyyət müəssisələrində normal istilik yaratmaq, elektrik, qaz, su və yol təsərrüfatını fasiləsiz olaraq işlək vəziyyətdə saxlamaq hər bir cavabdeh şəxsdən böyük məsuliyyət tələb edir.
RİH başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov qışlamanın gedişi, problemlər, çatışmazlıqlar və nöqsanlar barədə təhlili arayışla çıxış edib.
Rayon Elektrik Şəbəkəsinin rəisi Şahin Muradov, rayon Qaz İstismarı Sahəsinin rəisi Söhrab Səfərov, Su-Kanal İdarəsinin nümayəndəsi Xaspolad Ağayev, 9 saylı Yol İstismar MMC-nin direktoru Rəşad Kərimov, Rayon Təhsil Şöbəsi müdirinin müavini Rahim Baxışov və başqaları cavabdeh olduqları sahələrdə qışlamanın gedişi ilə bağlı mövcud durumu və qarşıda duran vəzifələri əks etdirən mövzuda çıxış ediblər.
Qış mövsümünün hər bir sahədə müvəffəqiyyətlə başa çatdırılması üçün RİH-nin hazırladığı fəaliyyət proqramı iştirakçıların diqqətinə çatdırılıb.

 

Şərh Yaz