Ekologiya və onun mühafizəsində şagirdlərin rolu

Ekologiya çox geniş bir elmdir. Onun bir çox anlayışları mövcuddur. Hər bir elmin özünün predmeti olduğu kimi, ekologiyanın  da öz predmeti var. Məsələn: Biologiya elmi canlı aləmii, coğrafiya təbiəti öyrəndiyi kimi, ekologiya elmi də canlı və cansız təbiətin qarşılıqlı  münasibətlərini öyrənən elmdir. Deməli, ekologiyanın öyrənmə predmeti daha mürəkkəbdir. Canlı təbiət dedikdə ən xırda canlı orqanizmlərdən tutmuş, ən ali inkişaf səviyyəsinə çatmış orqanizmlər başa düşürük. Cansız təbiətə isə bizi əhatə edən ətraf mühit – dağlar, çaylar, meşələr, göllər və s. başa düşürük. Bizi əhatə edən ətraf mühitə bir sıra təsir edən amillər vardır.

Bu amilləri 3 qrupa ayırmaq olar: Biotik, abiotik və antropogen amillər. Bu amillərdən ən çox təbiətə təsir  göstərən amil antropogen fəaliyyətdir. Antropogen amil insan fəaliyyəti nəticəsində ətraf mühitin süni olaraq dəyişdirilməsi prosesidir. Elm və texnikanın günümüzdəki inkişaf səviyyəsinə çatmadığı dövrlərdə, insanlar təbiətə daha yaxın idilər və ona qarşı daha mərhəmətli davranırdılar. Lakin, zaman keçdikcə elmi kəşflərin, elmi inqilabların artması, dünyanın sürətlə inkişafına səbəb oldu. Bu inkişaf da ekologiyanın çirklənməsinə gətirib çıxarıb. Məhz bu inkişaf səbəbindən bu gün dünyanın qarşısında duran ən mühüm problem ekologiyanın çirklənməsidir. Meşələrin məhv edilməsi, sənaye müəssisələrindən və avtomobillərin zəhərli qazları, neft daşıyan tankerlərdən dənizə axıdılan neft və s. bütün bunlar  ətraf mühiti çirkləndirən faktorlardandır.

Bildiyimiz kimi, təbiətdə hər şey bir-biri ilə qarşılıqlı sürətdə vəhdət təşkil edir. Zəncirvari prosesin nəticədə insan orqanizminə də təsirsiz düşmədiyini görə bilirik. Belə ki, çirklənmiş hava ilə nəfəs almağımız, pestisidlər vasitəsilə çirklənmiş torpaqda becərilən qidalarla qidalanmağımıza və s. bütün bunlar insan orqanizminin immun sisteminin zəifləməsinə və xəstəliklərə yoluxmasına səbəb olur. Bir sözlə “çirklənmiş ətraf mühit” “çirklənmiş insan” deməkdir.

Antropogen fəaliyyət aşağıdakı qlobal problemlər şəklində özünü göstərir:

– Qlobal istiləşmə, okeanların səviyyəsinin qalxması, meşələrin qırılması, flora-faunanın məhvi, səhralaşma, torpaqların degradiyasiyası (yəni torpağın məhsuldarlığını artırmaq məqsədi ilə istifadə edilən pestisidlər, torpağın eroziyasına, münbitliyin azalmasına gətirib çıxarır). Son 2-3 ildə təbii fəlakətlərin – qasırğaların, daşqınların, sellərin, torpaq sürüşmələrinin artması yüzlərlə insanların ölümünə və ölkə iqtisadiyyatına milyonlarla dollar ziyan vurduğunu görürük. Bəs bütün bunların baş verməməsi üçün nə kimi tədbirlər görmək mümkündür?

Ümumiyyətlə, ekologiyanın mühafizəsi üçün insanlar nə etməlidirlər? – Bu işdə televiziya və məktəblərin rolu böyükdür. Əhalinin bütün yaş təbəqələri arasında maarifləndirmə işləri aparılmalıdır. Məktəbdə şagirdlərə ekologiyanın nə olduğunu onların anlayacağı şəkildə başa salınmalıdır.

Məsələn: Ekologiya təbiət – bizi əhatə edən meşələr, heyvanlar, quşlar və çaylardır. Təbiəti mühafizə etmək, hər birimizin borcudur. Təbiət bizim evimizdir. Təbiətin qorunmasının, ətraf mühiti təmiz saxlanmasının, gələcəyimiz üçün vacib olduğu aşılanmalıdır. Təbiətin mühafizəsi üçün yaşıllıqların sahəsini genişləndirmək, yeri zibilləməmək, heyvanları, balıqları, quşları sevmək lazımdır. Bir ağacın kəsilməsindən yaranan problemləri zəncirvari proseslə şagirdlərə başa salmaq məqsədəuyğundur.

Ağacın kəsilməsi onun kökündə olan yeraltı bulaqların quruması, həmin bulağın suyu ilə qidalanan çayların qurumasına, balıqların məhvi və o ərazidə məskunlaşmış heyvanların susuzluqdan əziyyət çəkməsi deməkdir. Şagirdlərdə ekoloji təfəkkürü, ekoloji mədəniyyəti formalaşdırmaq məktəblərin üzərinə düşən işdir. Bu məqsədlə məktəblər arasında ekoloji yarışmalar təşkil olunmalıdır.

Sevindirici haldır ki, son dövrlər paytaxt məktəbləri arasında bu cür yarışmalar təşkil olunur. “Hər vərəqi bir yarpağa dəyişək” adlı aksiyada kağız tullantıların toplanması üzrə yarış keçirilmişdir. Burada məqsədi kağız israfının qarşısını almaq, təkrar  emalı gündəmə gətirmək, ekoloji balansı tənzimləmək üçün ağacların kəsilməsini minimuma endirməkdir. Bu cür aksiyaların Respublikanın bütün təhsil ocaqlarında keçirilməsi təqdirəlayiqdir.

Bu ilin oktyabr ayından Dənizkənarı Milli Parkda “Yaşıl Dalğa” adlı hərəkat keçirilmişdir. Azərbaycanın endemik bitkilərinin qorunmasını  təbliğ edən aksiyanın əsas məqsədi bəşəriyyətin inkişafının qayğısına qalmaq, qlobal ekosistemi balanslaşdırmaq, şagirdlərin, gənclərin diqqətini qlobal problemlərə yönəltməkdir. Aksiyada Bakı-Avropa liseyi, Müasir Təhsil Kompleksi və Bakı şəhəri 6, 132, 134 nömrəli məktəbin şagirdləri iştirak etmişlər.  Quba, Şabran,  Siyəzən kimi regionlarda fəaliyyət göstərən Ekoloji Tərbiyə və Təcrübəçilik dərnəklərinin də rolu böyükdür. Bu dərnəklər şagirdlərə təbiəti sevməyi, tullantıların idarə olunmasını öyrədir.

Məişət tullantılarından müxtəlif əl işləri hazırlanıb sərgilənməlidir. Məktəblər şagirdlərin təbiət ekskursiyalarını təşkil etməlidir. Onlara praktiki biliklər verilməli, ekskursiya zamanı quşlar üçün evciklər hazırlanmalı, meşə bitkiləri ilə əyani tanış olmalıdırlar.

Bu işdə valideynlərin də, televiziyanın da üzərinə məsuliyyət düşür. Ən böyük təbliğ vasitəsi olan televiziyada tez-tez ekologiyanın qorunmasına aid sosial çarxlar nümayiş olunmalıdır. Valideynlər ilk növbədə uşaqlara məişət ekologiyasına riayət etməkdə nümunə olmalıdırlar. Valideynində bu keyfiyyəti görən  uşaq çöldə ətraf mühitin  ekologiyasını mütləq qorumuş olacaq. Nəzərə alsaq ki, yer kürəsi biz insanların evidir, onda onu mühafizə etmək hər birimizin borcudur. Bir mütəfəkkirin dediyi kimi, təbiət insan olmadan da yaşaya bilər; amma, insan təbiət olmadan  yaşaya bilməz.

Zarema Əliyeva

Şərh Yaz