Yaddas kitabcasi

Qadınların sayı haqqında

Qadınların sayı haqqında                             Ötən il ölkə əhalisinin sayı 88104 nəfər və ya 0,9 faiz artaraq 2018-ci il yanvar ayının 1-i vəziyyətinə 9898085 nəfərə çatmışdır. Əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinlərinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür.
Bir kvadrat kilometrə düşən əhalinin sayı Bakı şəhərində 1057, Lənkəran iqtisadi rayonunda 153, Abşeron iqtisadi rayonunda 152 nəfər təşkil etmişdir ki, bu da ölkə üzrə orta göstəricidən (114) yüksəkdir.
2017-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 144041 nəfər və ya hər gün orta hesabla 395, saatda isə 16 doğulmuş körpə qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 14,8 təşkil etmişdir. Doğulan körpələrin 2586-sı əkiz, 57-si üçəm olmuşdur. Doğum səviyyəsi Lənkəran (16,4), Dağlıq Şirvan (16,8), Aran (16,1), Quba-Xaçmaz (15,9) və Kəlbəcər-Laçın (15,8) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olmuşdur. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,8 faiz təşkil edərək hər 100 doğulan qıza 114 oğlan düşmüşdür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturuna da təsir göstərmiş və hər 1000 kişiyə 1004 qadın düşmüşdür.
Dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri də qadınların sağlamlığının qorunmasıdır. Hazırda ölkədə 17 doğum evi, 137 qadın məsləhətxanası, 250 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faizdir.
Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 79,8 faizi, orta ixtisas təhsil müəssisələrində 77,9 faizi, ali təhsil müəssisələrində 51,9 faizi, həkimlərin isə 65,7 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46,0 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 65,3 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,2 faizi qızlardır.
Elmin inkişafında da qadınların müstəsna rolu vardır. Elmi işçilərin 56,0 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru elmi dərəcəsi olan qadınların sayı 1,5 dəfə artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən isə 12-si qadındır.
Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi ilkin məlumatlara əsasən 28,5 faiz, sahibkarlar arasında isə 21,5 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 41,7 faizi qadınlardır.
Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə Parlamentində qadınların xüsusi çəkisi 16,1 faizə çatmışdır.
İlk bələdiyyə seçkilərinə nisbətən son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 6 dəfə artaraq 5236 nəfərə çatmış və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35,0 faiz olmuşdur. Bu göstərici ilk bələdiyyə seçkilərində 4,0 faiz təşkil etmişdir.
Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2017-ci ildə 6,7 faizədək artmışdır.
2018-ci ilin əvvəlinə İsmayıllı rayonunun əhalisinin sayı 610 nəfər və yaxud 0,7 faiz artaraq 86111 nəfərə çatmışdır.
Rayon əhalisinin ümumi sayından 43376 nəfəri və yaxud 50,4 faizi kişilər, 42735 nəfəri və ya 49,6 faizi qadınlardır. Hazırda hər 1000 kişiyə 985 qadın düşür.
2017-ci ildə rayonda 1281 körpə doğulmuşdur. Doğulanlardan 646 nəfərini və ya – 50,4 faizini oğlanlar, 635 nəfərini və ya 49,6 faizini isə qızlar təşkil edir.
Rayonda muzdlu işçi kimi çalışanların ümumi sayında qadınlar 3638 nəfər təşkil edir. Onların 48,4 faizi, 1760 nəfəri təhsil sahəsində, 16,5 faizi 599 nəfəri səhiyyədə işləyənlərdir.
Səfayə Manafova,
İsmayıllı Rayon Statistika İdarəsinin aparıcı məsləhətçisi

Şərh Yaz