Ölməzliyə qovuşan ömür

Ölməzliyə qovuşan ömür                              Xalqımızın başına çoxəsrlik tarixində saysız-hesabsız bəlalar gəlib, neçə-neçə yadellli hücumlarına məruz qalıb, lakin, heç zaman əyilməyib və sınmayıb.
Odlar ölkəsi öz varlığını məhz igid, mərd övladlarına arxalanaraq qoruyub saxlayıb, müstəqil dövlət kimi dünya birliyində yer tuta bilib.
“Vətən mənəm” –“ deyən oğullar şəhidlik zirvəsinə yüksəldilər. Vətən uğrunda canını fəda edən şəhidlərimiz sırasında Mübariz İbrahimov da var. Onun dünyaya gəlişi güllü-çiçəkli yaza təsadüf etmişdi.
Şəhidin əziz xatirəsinin yad edilməsi ilə bağlı keçirilən tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, şəhər 6 nömrəli tam orta məktəbinin müəllim və şagird heyəti iştirak edirdi. Tədbiri tərbiyə işləri üzrə direktor müavini Səxavət Əliyev açdı. Mübarizin, onun timsalında bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şagirdlər hazırladıqları ədəbi-bədii kompozisiyada Mübarizin keçdiyi şərəfli həyat yolunu işıqlandırdılar. Milli Qəhrəmana həsr olunmuş şeir və mahnılarla tədbirə rəng qatdılar.
Ölməzliyə qovuşan ömür                              Şagirdlərin çıxışından sonra rayon İcra Hakimiyyətinin əməkdaşı Bəhruz Xələfov, Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İsmayıllı rayon bölməsinin sədr müavini Kamil Dadaşov çıxış edərək M.İbrahimovun vətənsevərliyindən, igidlik və cəsarətindən söz açdılar. Bildirdilər ki, Mübarizin döyüş yolunu davam etdirə biləcək oğullarımızın sayı olduqca çoxdur. Onlar istənilən zaman Ali Baş Komandanın əmri ilə işğalda olan torpaqlarımızı mənfur düşmənlərdən təmizləməyə hazırdırlar. Qarabağ torpaqlarında üçrəngli bayrağımızın dalğalanacağı günə lap az qalıb.
Sonda məktəbin direktoru Qalib Bəşirov tədbirə yekun vuraraq bildirib ki, bugünün hər bir məktəblisi sabahın əsgəridir. Düşmənə layiqli cavab vermək üçün hər bir əsgərimiz güclü olmalıdır. Güclü olduğumuz halda, təbii ki, düşmən qarşımızda tab gətirə bilməz.
Mübariz şəhidlik zirvəsinə ucalmaqla ölməzliyə qovuşdu. Odur ki, hər birinizə Mübariz kimi mübariz olmağı arzulayıram –“ deyə məktəbin direktoru nitqini başa çatdırdı.
Aysel Hacılı,
məktəbin Uşaq birliyi rəhbəri

Şərh Yaz