İnsanları səmimiyyətə, sadəliyə səsləyən şair

İnsanları səmimiyyətə, sadəliyə səsləyən şairİsmayıllı təhsilinin tarixində öz dəst-xətti, qismətinə müəllimlik yazılan, bilik və bacarığını xalqının övladlarına böyük məsuliyyət və ilhamla vermiş, gözlərinin nurunu, ürəklərinin hərarətini bəxş edən fədakar müəllimlərimiz az olmayıb. Onların arxasında ixtisasını dərindən bilən riyaziyyat, fizika, kimya, biologiya, tarix, dil-ədəbiyyat müəllimləri çox olub. İndi onların çoxu dünyasını dəyişmiş, yolunu isə yetirmələri uğurla davam etdirirlər. Söhbət ədəbiyyatdan düşəndə şəxsən tanıdığım, şirin söhbət və məsləhətlərinə indi də ehtiyac duyduğum insanları – Firuzə və Abdulhəkim Rüstəmovları, Yusif Yusifovu, Mehralı Nəcəfovu, Xədicə Abidovanı, Hacıbaba Orucovu, Əlibala Mirzəyevi, Sərxan Bəbirovu, Ağami Bağırovu, Ağaməmməd Məlikovu xatırlamamaq olmur. Bu estafet indi də uğurla davam etdirilir. Mirvari Musayeva, Oqtay İsmayıllı, Bahar Abdullayeva, Г‡ingiz Muradlı, Sevda Qasımova, Aidə İsgəndərova, Eminə və Xatirə Orucovalar kimi istedadlı müəllimlərimiz öz sələflərinin yolunu şərəf və ləyaqətlə davam etdirirlər.
1968-ci ilin soyuq fevral günlərindən biri idi. Kiçik çillə ömrünü başa vursa da, boz ay kifirliyindən, qızarıb, bozarmağından əl çəkmirdi. Boz ay “çillə çıxdı-qış girdi” deyimindən eninə-boyuna məzələnirdi. Köhnə İsmayıllının qovuşacağı, çaylarının coşub-daşacağı, dağlarının yamyaşıl atlaza, düzlərinin eniş-yoxuşlarının gül-çiçəyə bələnəcəyi günlərə lap az qalırdı. Hələ qabaqda çərşənbələr və Novruz bayramı da vardır.
O vaxtlar “Lenin bağı” adlanan meydanda sırıqlı şalvar və gödəkçə, ayaqlarına enli potuq geyinmiş, başlarına qulaqlı papaq qoymuş bir neçə kişi üşüyə-üşüyə, “Avrora” siqaretinə dərin bir qullab vurub, tüstüsünü sapsarı saralmış bığlarının üstündən paravoz kimi çölə püləyir, qoltuqlarında gəzdirdikləri ağzı par-par parıldayan, ülgüc kimi iti baltalarını bir-birinə tərifləyə-tərifləyə dərdləşir, odun doğramağa müştəri gözləyirdilər. Hündür dirəyə bərkidilmiş radioda “Son xəbərlər”i verirdilər.
Fevral günəşinin şüalarından qorxub əriyən qar suları asta-asta axıb son mənzillərinə çatdırmağa tələsirdilər. Şəhərdə olan iki taksidən birinin sürücüsü rus Pavlik də başını sükanın üstünə qoyub gah yatır, gah da “Belamor-kanal” papirosunu çeynəyə-çeynəyə tüstülədib aradabir deyinirdi. “Niyal” restoranının üst tərəfindəki çayxana adamla dolub boşalırdı. Samovarlardan çıxan buxar çayxananın şüşələrini pərdə kimi örtmüşdü. İçəri görünməz olsa da arada bir çayçı Məmmədhüseyn əminin səsi eşidilirdi. Г‡ayları özü süzsə də stəkanları müştərilərə oğlanları Ramizlə Fazil paylayırdı. Г‡ayı iri stəkanlarda verirdilər. Г‡ayniklər dəbə düşməmişdi…
Onuncu sinifdə oxuyurdum. Şeir yazdığım dəftərlərimi pencəyimin qoltuq cibinə qoyub əriyən qar sularını şappıldada-şappıldada “Zəhmətkeş” qəzetinin redaksiyasına gedirdim. O vaxt redaksiya indiki Bələdiyyə binası ilə üzbəüz olan, şəhərimizdə tikilən ilk ikimərtəbəli binanın ikinci mərtəbəsində yerləşirdi. Redaksiyanın giriş qapısının yanında bir neçə nəfər söhbət edirdi. Onlarla salamlaşıb kənara çəkildim. Bir azdan qəzetin şöbə müdiri Bəybala Babayev bizi otağa dəvət etdi. Hər ay rayonun şeir, poeziya həvəskarları buraya toplaşır, öz yazdıqlarını oxuyub müzakirə edirdilər. Bəyənilən yazılar “Zəhmətkeş” qəzetində dərc olunurdu.
Məclisə respublikanın poeziya səmasında parlayan, öz lirikası ilə geniş oxucu rəğbəti qazanmış gənc şair Musa Yaqub rəhbərlik edirdi. Buynuz məktəbinin direktoru işləyən Musa müəllim işinin çoxluğuna baxmayaraq hər ay vaxt tapıb gələr və məclisə rəhbərlik edərdi. Bu poeziya məclisinə “Dağ çiçəkləri” adını o soyuq fevral günlərində Musa müəllim vermişdi. İndi o vaxtdan düz əlli il ötür. Məclisdə yaşlılarla yanaşı gənclər də iştirak edirdilər. Əkrəm Şirinov, Daşdəmir Tağıyev, Ərəstun Əlizadə, Aydın Səlimzadə, Baba Vəziroğlu, Xatın Həmidova, Usta Cəlil, Cəbrayıl Yeniyollu və başqaları öz şeirlərini oxuyurdular. Bu yazarların arasında öz dəst-xətti ilə seçilən, şeirləri ilə fərqlənən iti baxışlı, nazik, sivri bığlı, qalın, qıvrım, gur saçları olan bir gənc də vardı. Yaxşı müşahidə, duymaq və təsvir etmək qabiliyyəti, mövzu seçimində daha çox fərqlənən gənc idi. Dili şirin və axıcı idi. Bədii təsvir vasitələrindən elə məharətlə istifadə edirdi ki, sanki uzun illərin şairi idi. Şeirləri tez-tez dərc olunur və Musa müəllim də hər dəfə onu bizə nümunə göstərərdi. O illərdə o, Qalacıq və Sumağallı məktəblərində müəllim işləyirdi.
Bir neçə aydan sonra orta məktəbi bitirib hərbi xidmətə getdim. Sonra tələbəlik həyatı başladı və günlərin bir günü…
1975-ci il idi. Faşizm üzərində qələbənin 30 illiyi münasibəti ilə kənd və rayonlarda abidələr qoyulurdu. Belə abidələrdən biri də rayon mərkəzinin cənubunda, Əyriçayın üst tərəfindəki yamacda qoyulmuşdu. Rayon ictimaiyyəti – müharibə, əmək veteranları, məktəblilər də bu abidənin –“ “Ana” abidəsinin açılışına gəlmişdilər. Rayon rəhbərləri, əmək və müharibə veteranları, məktəblilərdən sonra söz şəhər 3 saylı orta məktəbinin müəlliminə verildi. O, asta addımlarla mikrofona yaxınlaşıb izdihama, bir də oğul həsrətindən daşa dönən heykələ baxdı. Üzünü izdihama tutub vüqarla:
Ey insanlar, asta-asta,
Aram-aram, gəlin yaxın.
Ana oğul həsrətindən
Daş heykələ dönüb, baxın! –“ dedi.
Şeirdən təsirlənən insanlar qıvrım saçlarına təzə-təzə dən düşən, utancaq, bir az da kövrək qəlbli bu gənc müəllimi ürəkdən alqışladılar. Tanıdım… “Dağ çiçəkləri” ədəbi məclisində gördüyüm oğlan idi…
Yeri gəlmişkən, qeyd edim ki, bu şeir tezliklə “Azərbaycan qadını” jurnalında da çap edildi.
Ağami Ağa oğlu Bağırov 1944-cü il iyun ayının 10-da dağ kəndlərimizdən olan, Qız-Oğlan yaylağının cənub ətəyində gözəl və mənzərəli, axar-baxarlı Kənəə kəndində zəhmətkeş kəndli ailəsində dünyaya gəlmişdir. Kəndin adının mənasını, etimologiyasını, tarixini bir neçə nəfərdən soruşsam da heç kəs dəqiq fikir bildirmədi. Uşaqlığı bu dağların qışda soyuğunda, yazda, yayda gül-çiçəklərin qoxusunda ötən Ağami ilk ibtidai təhsilini kəndlərindəki məktəbdə, üçüncü-dördüncü sinifləri Müdürsə kənd ibtidai, beş-yeddinci sinifləri Müdri kənd yeddiillik, orta təhsilini isə 1959-1962-ci illərdə Lahıc qəsəbə orta məktəblərində almışdır.
Rayonumuzun ərazisi ətraf rayonlarla müqayisədə böyükdür. İsmayıllı dağlıq, dağ ətəyi, həm də aran ərazilərdən ibarətdir. Kəndlərimizin çoxu dağlıq ərazilərdə yerləşir. Gediş-gəlişin az, kəndlər arası yolların bərbad və ya heç olmaması, imkansızlıq, təbii fəlakətlər, sürüşmələr, uçqunlar sovet hakimiyyətinin də perspektivsiz, gələcəyi olmayan kəndlər siyasəti bir zamanlar kişilərin sevib seçdikləri, özlərinə arxa, dayaq, güvənc yeri bildikləri o dağları, kişi yurdları müxtəlif bəhanələrlə zaman-zaman boşaldıldı, köçürüldü. İnsan nəfəsinə alışmış, Adəm ata ilə həmyaşıd olan qos-qocaman dağlarımız, mərcan gözlü, şəfalı bulaqlarımız, havası dərman, gül-çiçəyi məlhəm olan düzlərimiz, yamaclarımız, dərələrimiz, cıdır meydanı yaylaqlarımız, min bir əziyyətlə tikilib ərsəyə gətirilən, qoynunda neçə-neçə igid ərənlər, gözəllər doğulan evlər yavaş-yavaş bayquşlara qaldı. Ayağı yer tutanlar imkan düşən kimi doğma el-obadan, evdən getdilər. Oğullarını davaya yola salan analar kimi kimsəsiz qalan evlər də yol gözləməkdən, dönüklərin getdikləri yollara baxa-baxa yoruldular, qocaldılar, dizləri qatlandı, belləri büküldü, damları başlarına uçdu.
Amma, hələ də dözüb, tab gətirib qalanlar var… Bəlkə də qayıtdılar həsrəti ilə yaşayan yurdlarımız var… Bir vaxtlar qoynundan toy-büsat əskik olmayan Zəngi (Zanqı), Bığır, Vələsin, hələ mən o dağlardakı çoxlarının adlarını, yerini, yurdunu bilmədiyim neçə-neçə xaraba, bayquşa qalmış yurd yerlərimiz var. Görünür, o kişilər biz kişilərə hər şeyi öyrətsələr də həqiqi vətənpərvərliyi, yurd sevgisini yaxşı öyrədə bilməyiblər. Vətən qoynunda qurub tikəni, yaşayanı, onu qoruyanı olanda vətən olur! Soruşuram, bəs, kişi, obaları kimə verib gəldiniz? İgidlər, ərənlər meydanı o dağları, yaylaqları kimin ümidinə qoyub getdiniz? Yadlaramı?! Nə yaxşı ki, hələ o dağlarda yaşayan insanlarımız var. Ata yurdlarının keşiyində qurub yaradırlar, əsl kişi ömrü yaşayırlar. Əhsən sizə, kişilər! İnsan harada anadan olursa ora onun vətənidir!
Qırğız-qazax şairi Muxtar Şahanov deyir ki, əsl vətənpərvər insan istəyirsənsə onu müəyyən yaşa qədər doğulduğu yerdə saxlamalısan. Belə olanda o yerin daşı da, kəsəyi də, kolu da, yolu da, havası, suyu da onun üçün doğmalaşır, əzizləşir. Bu yerlər olduğu kimi onun canına, qanına, sümüyünə, iliyinə hopur. Necəliyindən asılı olmayaraq o məkan ona doğma – Vətən olur!
Deyilənə görə Kənəə kəndində indi bir-iki ev qalıb. Bax, belecə əlçatmaz, ünyetməz kəndlərimizdə yaşayan uşaqların ilk gördükləri ziyalı müəllimlər olur. Onlara yazmağı, oxumağı öyrədən onları yerdən göylərə qaldıran, elmin sirli, sehirli aləminə qovuşduran, onun qapılarını insanın üzünə açan müəllimlər özü də ilk müəllimlər olur. Bu insanlar onların hələ ləkə düşməyən, bəmbəyaz, təmiz, riya və məkrdən, hiylə və rəzalətdən, xəyanətdən uzaq qəlblərində müqəddəs, əsl insan kimi yaşayırlar. Özlərini müəllimlərinə oxşatmağa çalışırlar.
Müəllim olmaq, uşaqlara elm, savad öyrətmək hissləri balaca Ağaminin də körpə qəlbinə hakim kəsilir. Qeyd edim ki, o yerlərdə yaşayan insanların çoxunun oxuyub müəllim olması da o əhalinin məktəbə, elmə və müəllimə, ziyalıya olan dərin hörmətinin təzahürüdür.
1962-1963-cü tədris ilində müəllim olmaq arzusu gənc Ağamini İsmayıllı şəhər 1 saylı orta məktəbində təşkil olunmuş bir illik pedaqoji kursa gətirib çıxarır. Kursu uğurla başa vuran gənc Ağami 1963-cü ilin sentyabr ayından 2014-cü ilin avqust ayınadək düz 51 il müəllim işləyir. Necə deyərlər, siniflərdən siniflərə gəzərək Magellan qədər yol gedir. Bu illər ərzində, o, rayonumuzun Qalacıq, Sumağallı, Talıstan kənd məktəblərində müəllim işləyir. 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyat fakültəsinin qiyabi şöbəsinə qəbul olur və 1975-ci ildə ali təhsilini başa vurur. 1974-cü ildə Ağami müəllim şəhər 3 saylı orta məktəbə müəllim təyin ediləndə artıq xeyli təcrübəsi var idi. Ona görə də ilk gündən məktəbdə nümunəvi fənn kabineti yaratmaq həvəsi ilə işə başladı. Tezliklə otuzdan çox söz sənətkarlarının portretlərini, onların Azərbaycan ədəbiyyatındakı mövqeləri barədə yazılar, dilimizin və əlifbamızın keşməkeşli tarixinə dair məlumatlar, texniki vasitələr və sair hazırlandı. Bir sözlə Ağami müəllim mümkün olan dərslərini əyani və canlı keçər, o dövrün bütün elmi-pedaqoji və metodiki yeniliklərini dərslərin tədrisi zamanı işində tətbiq edərdi. İstər ədəbiyyat, istərsə də dil dərslərində mövzuların hazırlanmasında, çalışmaların işlənilməsində heç kəsə güzəştə getməzdi. Г‡alışmaların öyrədici və yoxlama yazıların təşkilində onun ən çox diqqət yetirdiyi yazıda hüsnxətt qaydalarına riayət etmək, qrammatik cəhətdən düzgün yazmaq bacarığı idi.
Ağami müəllim şagirdlərinə qarşı tələbkar, mehriban və qayğıkeş idi. Dərs dediyi uşaqları doğma övladları qədər sevərdi. Onların sevincinə sevinər, fərəhlənərdi. Şagirdlərinə dönə-dönə oxumağı, oxuduqlarını təkrar etməyi aşılayardı. Özünün zəngin kitabxanası vardı. Evinin alt mərtəbəsində xudmani iş otağı düzəltmişdi. Dərsdən sonra onu yalnız orada tapmaq olardı. Növbəti günün dərslərinə hazırlaşar, lazım olan əyani vəsaitləri nəzərdən keçirərdi.
Son zamanlar Ağami müəllim də repetitorluq edirdi. Başqalarından fərqli olaraq maddi cəhətdən sıxıntısı olan, imkansız uşaqlardan heç nə ummazdı. Deyərdi ki, təki onlar ali məktəblərə qəbul olsunlar, oxusunlar. Mənim ən ali mükafatım onların arzularına çatmalarıdır.
Ağami müəllim incə, zərif qəlbli, yaradıcı insan idi. Şeirləri “Gənc müəllim”, “Zəhmətkeş”, “İsmayıllı xəbərləri” qəzetlərində, “Azərbaycan qadını” jurnalında dərc olunur, “Bulaq” radio verilişində səsləndirilirdi. Ağami Bağırlı imzası ilə tanınan şair-müəllim dörd şeir kitabının müəllifidir. Onun “Vətən çağırır” adlı ilk şeirlər kitabı 1998-ci ildə çap olunmuşdur. Doğma tat dilində “Zuhunmuniş hi, duhunmuniş hi” (2011), “Xuta birom bə tati” (2012) və sonuncu “Vətən” şeirlər kitabları Ağami müəllimdən bizə qalan ürək arzuları, qəlb çırpıntılarıdır. O, haqsızlığa, yalana, ikiüzlülüyə, qanun pozuntularına dözə bilmirdi. Xalqımızın başına gətirilən bəlalar, 20 Yanvar qırğını, Qarabağ hadisələri bir azərbaycanlı, bir ziyalı kimi onu için-için yandırırdı. Oğlu Elçin deyir ki, atam hər gün saat beşdə durar, bir stəkan çay içib iş otağına gedərdi. Axşama kimi yazıb-pozar, yeyib-içmək yadına düşməzdi.
Ağami müəllim həm də qayğıkeş və səmimi ailə başçısı idi. Üç oğul və iki qız atası övladlarına gözəl tərbiyə, ədəb-ərkan və zəhmətə, əməyə məhəbbət hissi aşılaya bilmişdir. Ataları kimi, onlar da sadə, səmimi, təvazökar, qəlbi təmiz, halal zəhmətə bağlı insanlardır. Onlar Ağami müəllimin kitablarının çap olunub işıq üzü görməsində əllərindən gələni əsirgəməyiblər.
Ağami müəllimi başqalarından fərqləndirən cəhətlərdən biri də son dərəcə qonaqpərvər olması idi. Onun qapısını döyən, həyətinə gələn insan kimliyindən asılı olmayaraq onun çayını içib, çörəyini dadmalı idi. Dilənçiyə də əvvəlcə çay-çörək, sonra isə pul verib yola salardı.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin sədri, şair Şahməmməd Dağlaroğlu Ağami Bağırlının “Vətən” şeirlər kitabındakı “Ön söz”də qeyd edir ki,
“Həyat, ətraf aləmi diqqətlə izləyən və sabahımız üçün narahatlıq duyduğu anlarda insanları birliyə, səmimiyyətə, sadəliyə və gözütoxluğa səsləyən şair ürək ağrısı ilə yazır:
Bu vara ehtiras, bu pula tamah,
Vallah, bizi-bizdən ayrı salacaq.
Qohumu, qardaşı yadlaşdıracaq
Bir salam-kəlamsız dünya qalacaq…
Ağami Bağırlının dili sadə, axıcı və şirindir. Şeirləri yorucu deyil. Bulaq suyu kimi şəffaf, yanğı söndürəndir.
Şair Əli Vəkil 2006-cı ildə ana haqqında yazılmış şeirləri toplayaraq 258 səhifəlik antologiya çap etdirmişdir. Kitabda iki yüz azərbaycanlı şairin dörd yüz bir, rus və Qərbi Avropa şairlərinin isə əlli səkkiz, cəmi dörd yüz əlli doqquz şeiri çap olunmuşdur. Hər şair ana mövzusuna öz prizmasından yanaşmış, anaları vəsf etmişdir. Bu şeirlərin hər biri ayrı-ayrılıqda gözəldir. Ancaq Ağami Bağırlı ananı yerdən göylərə, Tanrı məkanına qaldırır, fəxrlə deyir:
Özünə yer seçmiş cənnət bağını,
Yeddi qat göylərin ən uzağını.
Tutub əllərimdə göy qurşağını
Tanrı məkanında ana yazardım!

Ağami, qaynayır qəlbində həvəs,
Səni şair etdi o layla, o səs.
Elə müqəddəsdir, elə müqəddəs,
Mən kanda, məkanda ana yazardım!
Г‡ox heyif ki, bu şeir o kitaba düşməyib.
Vətən, ana mövzusu Ağami Bağırlı yaradıcılığında mühüm yer tutur. Oxucu bu hissləri “Ana yazardım”, “Anam hey…”, “Daş heykəl”, “Ana laylası”, “Qəbirstanlıqda”, “Vətən torpağı”, “Vətən əmr edərsə”, “Dağlara bax” və bu kimi şeir və poemalarında daha dərindən duyur və oxucuya çatdırır.
2006-cı ildən ta ömrünün sonunadək Ağami müəllim şəhərin 5 nömrəli tam orta məktəbində müəllim işlədi və bir gün…
Dünyaya du dünyadan getmək üçün gəlmişik. Bu getməyin də adını ölüm qoymuşuq. Bu dünya böyük, bitib tükənməyən köç meydanıdır. Kimliyindən, tutduğu mövqedən asılı olmayaraq, yaxşını da, pisi də torpaq qoynuna alır. Sual-cavabı isə Tanrı aparacaq!
Ağami müəllim xatirələrdə qalaraq 2014-cü il avqust ayının 26-da əzizlərinin, yaxınlarının və dostlarının çiynində son mənzilə köçdü… Allah rəhmət eləsin!
İnsanları səmimiyyətə, sadəliyə səsləyən şairXalıq Xalıqov
05 mart 2018-ci il

Şərh Yaz