Г‡ap olunmamış kitabdan hekayə

Qorxu Yuxusu ərşə çəkilmişdi, elə hey yataqda o üz-bu üzə çevrilir, rahatlıq tapa bilmirdi. Rahatlığını qonşusu Şahbikə xala əlindən almışdı. Axşamüstü qaçaraq onlara gəlmiş, pıçıltıyla 16 yaşı hələ tamam olmamış qızına müştəri çıxdığını demiş, cavab üçün sabah axşama qədər ona vaxt vermişdi. Bu naqafil xəbər Sənubərin dünyasını alt-üst etmiş, yuxusunu qaçırmışdı. Ulduzlu göyə baxa-baxa düşünür, daşınır, heç cür bir qərara gələ bilmirdi. Neyləsin, necə etsin, “Eeeeehhh, ay Arif, sən də ölməyə vaxt tapdın, uşaqların indi böyüyürdü, indi onlara ata lazım idi, tələsik başını qoydun yerə, indi, mən başıma haranın daşını töküm, nə yaşı var axı Aytənin, nə gördü bu kasıbçılığın içində, bu yaşda da götürüm ərə verim”. Elə ki, gözünü aydın səmadan çəkib o biri yanı üstə çevrilirdi, düşüncələri də dəyişirdi, özünün qızlıq çağlarını xatırlayıb sanki diksinirdi.
Sənubər lap kiçik yaşlarından anasız qalmışdı, atası balacalara baxmağa çətinlik çəkdiyindən ata nənəsi oğlunu gəlininin ili çıxmamış evləndirmişdi. Nənəsinin qonşu kənddən bəyənib aldığı bu “cici” ana yaşlı bir qız idi və ilk gündən onları sevmədi. Sevgiyə həsrət Sənubər bunu analığının ilk gəldiyi gün balaca başıyla aşkar sezmiş, içinə bir qorxu dolmuşdu. Və həmin o qorxu Sənubərlə birgə böyüdü. Atası evdə çox olmazdı, sürücü idi, bəzən günlərlə evə gəlməz, bir tikə çörək dalınca o rayon sənin, bu rayon mənim maşın sürərdi. Analığının dalbadal 3 uşağı oldu və o uşaqların ağır yükü Sənubərin zərif çiyinlərinə düşdü. Sənubər onları böyütdü, 2 qızı köçürtdü və günlərin bir günü baxıb gördü ki, artıq 30 yaşı çoxdan arxada qoyub, “qarımış” qız olub. Yada salan, istəyən də yox idi, baxmayaraq ki, Sənubər gözəl idi, amma analı deyildi. “Analı qızın özü böyüyər, anasız qızın sözü” –“ görünür böyüklər bunu nahaq yerə deməmişdilər.
Nəhayət, 35 yaşına 2 ay qalmış qonşu kənddən xəstə olduğuna görə indiyədək evlənməmiş yaşlı bir oğlana istədilər onu və analıq məmnuniyyətlə “hə”sini verib gəlin gətirəcəyi fikri ilə tez-tələsik başından etdi. Sənubər ər evində döyülüb-söyülməsə də burada da əziyyəti çox idi, Arif doğrudan da xəstə idi, təqaüd alırdı və bu azacıq təqaüdlə dolanmağa mümkün yox idi. Sənubərin yenidən əziyyətli günləri başladı, 2 qız, 1 oğul anası oldu. Xəstəlik Arifi ailədən çox tez aldı, uşaqları min bir əziyyətlə böyütdü, budur, indi 16 yaşlı böyük qızına elçi düşüblər. Yox deyə bilmirdi, özünü düşünüb qorxurdu, birdən qızını da alan olmaz, evdə qalıb qarıyar. Bu düşüncələrlə qızının “hə”sini əvvəllər evli olmuş, 2 uşaq atası Sərrafa elə ilk gəlişdən verdi. Və…
İlk aylar hər şey yaxşı idi, Sərraf ailəcanlı idi və özündən 15 yaş kiçik Aytəni bir uşaq tək əzizləyir, bir sözünü iki etmirdi. Qayınanası Dilbər xala da şad idi, “ayağın düşdü, ay qızım, Sərraf daha içmir”. Ancaq bu sevinc çox çəkmədi –“ bir gün Sərraf evə sərxoş gəldi və o gün Aytən ərindən ilk zərbələri “yedi”. Yenə, yenə…
Özü uşaq ikən 5 ilin içində 3 uşaq anası oldu Aytən, döyülə-döyülə, söyülə-söyülə. İçməyəndə Sərraf yaxşı bir ər, yaxşı bir ata olurdu, ancaq içmədiyi günlərin sayı elə az idi ki…
Axır ki, bir gün Aytən bütün bunlara dözməyib balaları ilə birgə ata evinə döndü, bir çıxdığı evə 4 olub qayıtdı… Sənubərin narahat günləri yenidən başladı, istəmirdi qızının evi dağılsın, istəmirdi balaları kimi nəvələri də atasız böyüsün, istəmirdi… Naəlac qalıb məsləhət üçün İsmayıllı Rayon Məhkəməsinə müraciət etdi və oradan onları İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə yönləndirdilər.
Mərkəzdə onları çox mehriban qarşıladılar, Aytənin erkən nikaha girdiyini eşidəndə narahat olsalar da üzə vurmadılar, sakitcə Sənubərin acı həyat hekayəsini dinlədilər. Lakin Sənubərdən fərqli olaraq Mərkəz işçiləri onun Aytəni tələsib ərə verməyinə haqq qazandırmadılar. Özü ögey anaya görə oxumamışdı, bir sənət sahibi olmamışdı, qızını da “ər olsun, tez olsun” deyib uşaq ikən ərə vermişdi, indidə peşiman-peşiman qapıları döyürdü, ancaq bunlar artıq keçmişdə qalmışdı. Aytən uşaqlarının atasının içkidən əl çəkməsinə kömək istəyirdi, evinə, ailəsinə qayıtmağa, döyülüb söyülməyən bir ailə həyatına zəmanət istəyirdi…
Ərizəni stolun üstünə qoyub hədsiz ümidlə “nə vaxt evimə gedə bilərəm” – deyə soruşdu. “Tezliklə Sizinlə əlaqə saxlayacağıq” cavabı Aytənin solmuş yanaqlarına xəfif bir təbəssüm yaydı…
Elə həmin gün İsmayıllı Rayon Polis şöbəsinin həmin kənd üzrə sahə müvəkkili, kənd icra nümayəndəsi və Aytənin həyat yoldaşı Mərkəzə dəvət olundular. Uzun çəkən söhbətdən sonra məlum oldu ki, Sərraf özü də içkinin daşını atmaq istəyir, lakin evlərindən az aralıda olan mağazaya yığışan köhnə “rumka yoldaşları” onu məcburi öz dəstələrinə qoşurlar. “Rumka yoldaşları”, “içki kruqu” –“ bu sözlər sahə müvəkkilinə də, icra nümayəndəsinə də, onlar kimi artıq çox belə hallarla üzləşən Mərkəz işçilərinə də bir xəbərdarlıq idi- o dəstə Allah bilir, neçə belə səsi çıxmayan, bəlkə də nədənsə qorxub səsini çıxarmayan ailələrdə münaqişəyə səbəb olmuşdu. İş sahə müvəkkilinin və kənd icra nümayəndəsinin idi – bunu vaxtında görüb tədbir görməli olan bu iki şəxsin. Kiçik bir problem böyüyüb ailə probleminə çevrilmişdi, bizim eşidib, görə bildiyimiz bir ailənin probleminə. Və…
Bir neçə gündən sonra Aytən sevincək zəng etdi: ”Müəllim, evimdəyəm, Sərraf özü gəlib bizi evimizə gətirdi, söz verib daha içməyəcək”.
İcra nümayəndəsi və sahə müvəkkili bizi daha ətraflı məlumatlandırdılar, onların hər ikisinin səsində aşkar duyulan bir peşimançılıq var idi: mağazada, kənddə daha belə içki məclisləri olmayacaq, gəncləri kiminsə içki toruna salmasına imkan verməyəcəyik.
Belə… Bu da bu… Aytəndən daha bizə işi düşməməsi diləyi ilə ayrılırıq.
İsmayıllı UADM

Şərh Yaz