Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu – əsrlərin yaddaşı

Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu Azərbaycan Respublikası ərazisində yerləşən
Basqal qəsəbəsinin tarixi ərazisini, memarlıq abidələrini və təbii landşaftını qoruyub saxlamaq məqsədi ilə 28 iyul 1989-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradılmışdır. Hal-hazırda Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
 Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu - əsrlərin yaddaşı
 Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu - əsrlərin yaddaşı
 Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu - əsrlərin yaddaşı
62 hektar sahəsi olan qoruq ərazisində 500 dən artıq yaşayış evi, 23 tarix-mədəniyyət abidəsi mövcuddur. Hələ orta əsrlərdən evlərin hər birində toxuculuq dəzgahları fəaliyyət göstərirdi. O, vaxtlar Basqal Şirvanın böyük toxuculuq mərkəzi olmaqla, ipək yolunun üstundə yerləşirdi. Burada muxtəlif növ kələğayılar, yorğanüzü və qanovuz parçalar toxunurdu. Dəmirçilik sənəti və ticarət də burada geniş yayılmışdır. 20-ci əsrdə sexlər yaradıldıqdan sonar qəsəbə əhalisinin 300 nəfərə yaxını toxuculuq və boyaqçılıqla məşğul olmuşdur. Ovaxtlar basqallılar kələğayı toxuculuğu sənətini 14 şəhərdə yaymışlar. Hal-hazırda qəsəbədə yalnız boyaqxana sexi fəaliyyət göstərir. Təsadüfü deyil ki, kələğayı 2014-cü ilin noyabr ayında YUNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.
Qoruq ərazisində 16-17-ci əsrlərə aid çoxlu sayda abidələr indiyədək qalmaqdadır. Bu abidələrdən qəsəbə hamamını, məscidi, çinar ağacını, düzən qəbiristanlığını, kürəbənd su şəbəkəsini və kürəbənd kanalizasiya şəbəkəsini misal gətirmək olar. Bundan başqa, II-V əsrlərə aid “Qalalar yaşayış yeri”, IX-X əsrlərə aid “Qala istehkam”qalıqları, XIV əsrə aid “Qoşabulaq” XIX əsrə aid çoxlu sayda bulaq və yaşayış evləri mövcuddur. Bu abidələr hər il qoruq ərazisinə ziyarətə gələn minlərlə xarici və yerli turistlərin diqqətini cəlb etməkdədir.
Şirvan memarlıq üslubunda tikilmiş hamam simmetrik tağları olan, daxili istilik sistemi ilə təchiz olunmuş, palçıq hörgüsü yumurta və əhəngdən istifadə olunmaqla XVII əsrin əvvəllərində tikilmişdir. Hamam 1995-ci ilə kimi fəaliyyət göstərmişdir. Hal-hazırda qəzalı vəziyyətdədir.
Məscid 1597-ci ildə Əl-Fəqir Şeyx Səfiyi-ibn Şeyx Məhəmməd tərəfindən ibadət və dini təbliğ etmək məqsədi ilə tikilmişdir. Məscid tikilərkən onun yanında əkilmiş Şərq çinari hal-hazıra kimi ətrafına kölgə salmaqdadır. Qocaman çinarın diametri 6 metrdir. Г‡inarın oyuğunda bir vaxtlar çayxana və dəlləkxana fəaliyyət göstərmişdir.
IX-X əsrdə qəsəbənin şimalında “Qalabaşı” deyilən yerdə müşahidə məqsədi ilə divarının qalınlığı bir metr olan istehkam tikilmişdir. Buradan Şamaxı və Ağsu raonlarına kimi ərazini müşahidə etmək mümkündür.
XVI əsr tarix-mədəniyyət abidəsi olan “Düzən qəbiristanlığı”nda daş kitabələr diqqəti cəlb edir. Bu kitabələr üzərində fəlsəfi kəlamlar, Qurani-Kərimdən ayələr, sənətkarlıq alətlərinin şəkilləri və s. xəttatlıq nümunələri, daşlar üzərində yonularaq bəzədilmişdir.
Basqalın şimalından (“Təndirəki” deyilən yerdən) başlayan su şəbəkəsi qəsəbənin bir neçə bulağını özündə birləşdirirdi. Bu bulaqlardan “Ənvər” bulağı, “Məscid” bulağı, “Hacı Cəbi” bulağı, “Xarabyan” bulağı və başqa bulaqlar lap qədimdən Basqalın su təchizatının əksər hissəsini ödəyirdi. Bundan başqa qoruq ərazisində XIV əsrə aid “Qoşabulaq”, XIX əsrə aid “Micgohun” bulağı, “Abas” bulağı, “Pakpakı” bulağı, “Dambulu” bulağı kimi ekologi cəhətdən təmiz, keyfiyyətli, sərin və şəfalı suyu olan bulaqlar mövcuddur.
Basqalın “Qalabaşı”, “Kələküçə”, “Xarabyan”, “Dəmirçibazar” və “Qoşabulaq” məhəllələrinin kanalizasiyalarını özündə birləşdirən kürəbənd kanalizasiya şəbəkəsi 400 ildən artıqdır ki, fəaliyyət göstərir. 2 metr dərinlikdən keçən şəbəkənin mənbəyi və mənsəbi heç kimə məlum deyil. Kürəbənd şəbəkəsi Basqalın hələ qədim dövürlərdən şəhər mədəniyyətinə malik olmaqla dünyanın ən qədim şəhər mədəniyyəti ilə müqayisə olunur.
1960-cı illərdə Elimlər Akademiyası tərəfindən aparılan arxeoloji qazıntılar zamanı Basqalın “Qalalar” adlanan məhəlləsindən II-V əsrlərə aid şəhər mədəniyyətini xatırladan bir çox abidələr aşkar olunmuşdur. Basqal ərazisində 50 ildən artıq müddətdir ki, arxeoloqlar tərəfindən qazıntı işləri aparılmır. Hal-hazırda buna ehtiyac duyulur.
Qəsəbənin özünə məxsus adət-ənənələri mövcud olmuşdur. Basqal halvası və həlimaşı Basqala məxsus yeməklərdəndir.
Yuxarıda göstərilən tarix-mədəniyyət abidələri əsrlər boyu qorunaraq bizim dövrümüzə gəlib çıxmışdır. Bu abidələri ziyarət edən turistlər məmnuniyyətlə qədim Basqalı xatırlayırlar. Hal-hazırda hər bir vətəndaşın borcu bu tarix-mədəniyyət abidələrini və tariximizi qoruyaraq gələcək nəsillərə çatdırmaqdır. Bu bizim həm hüquqi, həm də vətəndaşlıq borcumuzdur.
Polat Nəzirov,
Basqal Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru

Şərh Yaz