Aşıq Yanvar

Bədəlov Yanvar Piralı oğlu 1942-ci ildə İsmayıllı rayonunun Tircan kəndində anadan olub.
Ustadı Aşıq Şamildən aşıq sənətinin sirlərini öyrənib. 1966-cı ildən sərbəst aşıqlıq edir.
Haqqında yazılmış “Şirvanlı Aşıq Yanvar” kitabında şeirlərinin bir hissəsi çap olunub.
Uzun müddət Tircan kənd mədəniyyət evinin direktoru vəzifəsində çalışıb.
Aşıq Yanvar
Aşıq Yanvar
2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Əməkdar mədəniyyət işçisi adına layiq görülüb.

Dəyişmək olar

Allah Ələsgərə rəhmət eləsin,
Deyib: ”Qəm güc gəlsə, mey içmək olar”.
Ustadın kəlamı nəsihət olur,
İndi həmin meylə görüşmək olar.

Ötən günü kim qaytarar bizə, kim,
Həyat, səndən necə doyum, əl çəkim?
Olsa məndə belə qüvvə, bir seçim,
Sabahı dünənlə dəyişmək olar.

Tanrı özü çarə etsin bu işə,
Gün dəyişir, biz düşürük təşvişə.
İl keçir, ət dəymir ağızda dişə…
Belə zəmanədən sürüşmək olar.

Yanvar, insan ümidsizsə sabaha,
Sabahından nə danışsın bir daha?
Onda ancaq pənah apar Allaha,
Dərdi tək onunla bölüşmək olar.

Verirsən

Qadir Allah, yaratdığın insanın
Hərəsinə bir cür zinət verirsən.
Biri dolanmağa əziyyət çəkir,
Birinə tükənməz dövlət verirsən.

Biri dəli olub düşür çöllərə,
Biri dastan olub düşür dillərə.
Biri fərəhindən qonur güllərə,
Birinə dərd, kədər, zillət verirsən.

Birinin kəsilib tamam əlacı,
Biri iki əllə alır xəracı.
Yanvarın taleyin eləyib acı,
Birinə şəkərlə şərbət verirsən.

Sənlə getdi

Hayıf, ay cavanlıq, ötdün yel kimi,
Hörmət sənlə getdi, ad sənlə getdi.
Bir vaxt and yerimiz sən idin, çörək,
Sən də övkələndin, dad sənlə getdi.

Nəyə biganəydim, başıma gəldi,
Mənə yad tikələr aşıma gəldi.
Nə qədər insanlar tuşuma gəldi,
Yaxın, qohum-qardaş, yad sənlə getdi.

Yanvara çiçəklər solğun görünür,
Gələn də, gedən də yorğun görünür.
Nə görsəm, yaşıma uyğun görünür,
Ürək sərinlədən bad sənlə getdi.

Canım

Yarı ömrüm gül-çiçəklə ötüşdü,
İndisə xar ilə əlləşən canım.
Ömrün yazı sevgidədir, toydadır,
Qış gəldi, qar ilə əlləşən canım.

Uca dağdan enməyinin nəyi xoş,
Barlı bağdan dönməyinin nəyi xoş?
Odlu çağda sönməyinin nəyi xoş,
Tərlan yox, sar ilə əlləşən canım.

Dalğalanmır daha coşan dənizim,
Dayaz yerdə nə qol atım, nə üzüm?
Od yağmır dilimdən, tükənib sözüm,
Kül ilə, qor ilə əlləşən canım.

Yaxşı günə ümid edib dözürük,
Ümidləri sıra-sıra düzürük.
Ömrün gəmisində hələ üzürük,
Kəməndlə, dor ilə əlləşən canım.

Darıxma, qardaş, darıxma

Aşıq Mahmuda

Arzuların çin olacaq,
Darıxma, qardaş, darıxma!
Toy-düyünlü gün olacaq,
Darıxma, qardaş, darıxma!

Qış keçsə, yaz əlindədi,
Sevgiylə naz əlindədi.
Sədəfli saz əlindədi,
Darıxma, qardaş, darıxma!

Əlində yer, əkin, biçin,
Gəl, ağlama için-için.
Ağır günlər sürür köçün,
Darıxma, qardaş, darıxma!

Pul hamının yarasıdır,
Gözümüzün qarasıdır.
Dayan, hələ harasıdır…
Darıxma, qardaş, darıxma!

Şirin şeyə qonur arı,
Varı olan yığır varı.
Qınama Aşıq Yanvarı,
Darıxma, qardaş, darıxma!

Qocalmışam

Ay dostum, deyirsən, tez qocalmısan,
Ömür rəva bilib, mən qocalmışam.
Taleyim qəfildən çırpılıb daşa,
Enib gözlərimə çən, qocalmışam.

Günlərim ötüşüb mənalı, dərin,
Cavanın, qocanın bilmişəm yerin.
Sirri açılmazdı gələn günlərin,
Olub qocalara tən, qocalmışam.

Oğula toy edib, qız köçürmüşəm,
Hamını özümə doğma bilmişəm.
Aşıq Yanvar, bu qərara gəlmişəm,
Ömrümün yarısın şən qocalmışam.

Ay Allah

İmdada yetiş ki, əlac səndədir,
Pozulub tərəzi, mizan, ay Allah!
Ağsaqqal tanınmır, hörmət azalıb,
Г‡oxalıb yolunu azan, ay Allah!

Kar etmir çoxuna hədə, nə qorxu,
Hədəfə tuşlamır hər atan oxu.
Xeyrə görülsə də görülən yuxu,
Yozur yozduğu tək yozan, ay Allah!

Şənliyə elliklə gələrdi millət,
Aşığı istəyən verərdi xələt.
Nə səhvim olub ki, çəkim xəcalət?
Yanvaram, ağırmış cəzan, ay Allah!

Şərh Yaz