5 övlad – 5 kitab

Bu günlərdə 83 yaşlı Kürdmaşı kənd sakini, Məmmədov Yunis Əli oğlu (Yunis Küskün) redaksiyamızın qonağı oldu. Əlindəki bağlamanı göstərib: təqaüdə çıxandan sonra həmsöhbətim kağız-qələm olub, 1966-cı ildən bəri yazdıqlarım bu kitablarda cəmlənib, –“ dedi.5 övlad - 5 kitab
Y.Məmmədovun dediklərindən bəlli oldu ki, o, 1934-cü ildə Kürdmaşı kəndində anadan olub. 1950-ci ildə 8-ci sinfi, 1952-ci ildə Bakı şəhərində 6 nömrəli sənət, 1953-cü ildə 17 saylı fəhlə-gənclər axşam məktəbini bitirib. Hərbi xidmətə çağırılanda Hərbi Hava Qüvvələri məktəbinə oxumağa göndərilib. Ordudan leytenant rütbəsi ilə tərxis olunub. 1956-cı ildə Uştal kənd orta məktəbinə hərbi müəllim göndərilib. Ali təhsil almaq arzusu ilə 1957-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olub. İnstitutu bitirdiyi 1962-ci ildən doğma kənd məktəbində müəllim işləyib. Yaradıcılığa 2000-ci ildən başlayıb. 5 övladın atası, 5 kitabın müəllifidir.
Yunis müəllim onu da qeyd etdi ki, şairəm deyib şeir yazmamışam, sadəcə, yazdıqlarımla qiybətdən qaçıb, tanıdığım insanlara demək istədiklərimi vərəqlərə köçürmüşəm.
Yunis Küskünün yaradıcılığından:

Mənsiz də yaşayar bu zalım dünya

Nə qədər kimsəyə möhtac olmamış,
Dərd-kədər yatağa məni salmamış,
Qoy gedim dünyadan, ondan doymamış,
Mənsiz də yaşayar bu zalım dünya.

Günlər, aylar keçib il gəlib ötər,
Tanrı vermiş ömür vaxt gəlib bitər.
Səksən il yaşadım, bəs edib, yetər,
Mənsiz də yaşayar bu zalım dünya.

Dünya bir meydandır, hər igid dönməz,
Qılıncın oynadıb, at sürə bilməz.
Dünyadan gedənlər bir daha dönməz,
Mənsiz də yaşayar bu zalım dünya.

Qış gəlib qapının ağzın alıbdır,
Qocalıq lövbərin çoxdan salıbdır.
Bilmirəm dünyada nəyim qalıbdır?
Mənsiz də yaşayar bu zalım dünya.

Taleyimdə günahkaram özüm, mən,
Yollarımdır başdan-başa duman, çən.
Necə yaşayım mən, necə dözüm mən,
Mənsiz də yaşayar bu zalım dünya.

Dünyaya gör neçə Yunislər gəlmiş,
Hər biri dövranın bir cürə sürmüş.
Yunisəm – dünyanın hər üzün görmüş,
Mənsiz də yaşayar bu zalım dünya,
Mənsiz də yaşayar bu zalım dünya.

Məhəbbət dünyamı alma əlimdən

Nəyim var dünyada, gəl, verim sənə,
Məhəbbət dünyamı alma əlimdən.
Görüşə gəlmədin bilmirəm nədən,
Sonuncu arzumdur, istərəm səndən,
Məhəbbət dünyamı alma əlimdən.

Səninlə qoy qalsın sevən ürəyim,
Saçlarına sığalı çəkən əllərim.
Bircə budur mənim səndən diləyim-
Tərk edib dünyanı, ayrılsam səndən,
Məhəbbət dünyamı alma əlimdən.

Bu dünyanın hər dərdinə dözmüşük.
Həm sevincin, həm kədərin bölmüşük.
Günlər olub –“ ağlamışıq, gülmüşük,
İnciyib küssən də mənim dilimdən,
Məhəbbət dünyamı alma əlimdən.

Bu aləmi sənlə birgə qurmuşuq,
And içərək təməl daşın qoymuşuq.
Nədən indi biz Şeytana uymuşuq?
Günahkar olsa da bu yazıq bəndən,
Məhəbbət dünyamı alma əlimdən.

Bu dünyadır indi məni yaşadan,
Bu taleyi yazıb mənə Yaradan.
Bir gün gələr, mən gedərəm aradan,
Ağlayarsan onda mənim dərdimdən,
Məhəbbət dünyamı alma əlimdən.

Qıyma mənim eşqdə yanan qəlbimə,
Əlac eylə sağalmayan dərdimə.
Düşdün yada, qələm aldım əlimə,
Yazdım sənə, sənsiz qalan günümdən,
Məhəbbət dünyamı alma əlimdən.

Küskün Yunisəm mən, öz aləmim var,
Bir cansız vərəqim, bir qələmim var.
Gəl, verim onu da özünlə apar,
Xəbər tutub kədərimdən, dərdimdən,
Məhəbbət dünyamı alma əlimdən.

Şərh Yaz