Uşaqlar vətəndaş kimi formalaşdırılır

Uşaqlar vətəndaş kimi formalaşdırılır     İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Rayon Təhsil Şöbəsinin, rayon Gənclər və İdman İdarəsinin, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin iştirakı ilə Heydər Əliyev adına Parkda Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram səviyyəsində qeyd edilib.
Uşaq incəsənət məktəbinin şagirdləri iştirakçıları mahnı və musiqi nömrələri ilə qarşılayıblar. Yeni fəaliyyətə başlamış məktəbəqədər tərbiyə müəssisəsi “Uşaq bağçası – İsmayıllı” da daxil olmaqla mövcud 11 uşaq bağçasının pedaqoji kollektivi və körpələri, nümunəvi sərgiləri və çıxışları ilə fərqlənən şəhər 1, 3, 5 nömrəli, İvanovka kənd tam orta məktəblərinin şagirdləri şənlikdə iştirak ediblər.
Rayon Gənclər və İdman İdarəsi (Gİİ) kiçik yaşlı uşaqlar arasında “Şən startlar” əyləncəli idman oyunu üzrə yarış və Uşaq Yaradıcılıq Mərkəzi ilə birgə rəsm müsabiqəsi keçirib. Hər bir yarış və müsabiqə iştirakçısını rayon Gİİ-si həvəsləndirici diplom və hədiyyələrlə mükafatlandırıb.
Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədr əvəzi Sevil Əhmədova çıxışında uşaqların əqli, fiziki, intellektual hazırlığı, bir vətəndaş kimi formalaşması, biliklərə dərindən yiyələnməsi, sağlamlığının təmin edilməsi üçün ölkə miqyasında və rayonda görülən işlərdən ətraflı danışıb və uşaqları təbrik edib.
Müxtəlif forma və məzmunlu əyləncələrlə zəngin olan tədbir bir neçə saat davam edib, çay süfrəsi ilə yekunlaşıb.
Gülər Baxışova

Şərh Yaz