Yaddas kitabcasi

Şəhidlər hamılıqla anıldı

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Şəhidlər hamılıqla anıldı
Şəhidlər hamılıqla anıldı
Bu müdhiş tarixi hadisənin 27-ci ildönümündə, yanvar ayının 20-də səhər saat 8-dən başlayaraq İsmayıllı şəhərinin Mərkəzi meydanı ərazisində qurulmuş monitorda 20 Yanvar faciəsini əks etdirən filmlər nümayiş etdirilib, hüznlü milli musiqilər səsləndirilib. Rayonun ayrı-ayrı yaşayış məntəqələrində dəfn olunmuş şəhidlərin məzarları sakinlər və məktəblilər tərəfindən ziyarət edilib.
İsmayıllı şəhər sakinləri saat 10-dan Şəhidlər xiyabanına üz tutaraq, canlarını Vətən torpaqlarının azadlığı, müstəqilliyimiz uğrunda fəda edənlərin məzarlarını ziyarət ediblər.
Tədbirə qatılan dini icma rəhbərləri şəhidlərin xatirəsinə xütbə oxuyub və dualar ediblər.
Ziyarətçilər şəhidlərin məzarı üzərinə qərənfillər düzüb, Vətənimiz, dövlətçiliyimiz uğrunda bütün dövrlərdə şəhid olan soydaşlarımıza Allahdan rəhmət diləyiblər.
Rayon İcra Hakimiyyətinin rəhbərliyi şəhid ailələri ilə görüşüb, bir daha onların ailə-məişət qayğıları ilə maraqlanıb.
Saat 12-də bir dəqiqəlik sükutdan sonra rayon Mədəniyyət mərkəzinin tamaşa zalında “20 Yanvar – Qan yaddaşımızdır” mövzusunda ədəbi-bədii kompozisiyaya baxış keçirilib.
Namiq Kərimov

Şərh Yaz