İlk təşkilatlarda hesabat yığıncaqlarına start verildi

2017-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının üzv təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi barədə Respublika Komitəsi Məclisinin 18 noyabr 2016-cı il tarixli qərarından sonra İsmayıllı Rayon Komitəsi dekabr ayında müvafiq qərar qəbul edərək ilk təşkilatlarda hesabat seçki yığıncaqlarının keçirilməsinə hazırlıqla əlaqədar geniş seminar-müşavirə keçirdi. İlk təşkilatlarda hesabat yığıncaqlarına start verildi
İlk təşkilat sədrləri, məktəb direktorları, komitə üzvlərinin iştirak etdiyi Şura iclasında yığıncaqların keçirilmə vaxtı, iştirak edəcək məsul şəxslər təsdiq olundu, təlimat, metodik vəsaitlər və tövsiyələrlə ittifaq üzvləri tanış oldular. Yanvar və fevral aylarında hesabat-seçki yığıncaqları keçirilməli, daha fəal, həmkarlar ittifaqı işini bilən, nüfuzlu, hər kəsə nümunə olan təhsil işçilərinə etimad göstərilməsi bir daha məktəb rəhbərlərinə tövsiyə olundu.
İlk keçirilən hesabat seçki yığıncaqlarında –“ şəhər 3 nömrəli məktəb-lisey, şəhər 5 və şəhər 1 nömrəli, Talıstan, Quşencə kənd tam orta məktəblərinin həmkarlar ittifaqı komitələrində Rayon Komitəsinin sədri Hafiz Kərimov iştirak edərək ittifaq üzvlərinin problemləri ilə yaxından tanış olub, lazımi köməklik və tövsiyələrini onlara çatdırıb.
Həmin təşkilatlarda ümumən hesabatlar qənaətbəxş hesab olunub. Ümumi problem olaraq bəlli olub ki, məktəblərdə yaradılmış, müasir tələblərə cavab verən istilik sistemlərinin bütün gün ərzində yandırılmaması, yanacağın xüsusi limitlə verildiyinə görə kifayət etmir və məktəblərin zəif qızdırılmasına səbəb olur. Şəhər 1 nömrəli tam orta məktəbində bir korpusun zəif qızması iş və əmək şəraitinin yaxşı olmasına maneə yaradır. Məktəbin qazanxanasında olan qaz sayğacının isə müvafiq idarə tərəfindən sökülüb aparılması normal qaz yanacağının verilməsinə maneə törədir.
Hesabatdakı çıxışlarda isitmə sistemlərinin normal işlədilməsi üçün rayonda servis təşkilatının yaradılmasının vacibliyini təklif olundu.
Hesabat yığıncaqlarında daxili intizam qaydalarına, dərs bölgülərinə və dərs cədvəllərinin tərtibinə həmkarlar təşkilatı tərəfindən ciddi nəzarət edilməsinə ehtiyac olması bir daha vurğulandı.
İşçilərin asudə vaxtlarının səmərəli təşkili, sağlamlığının bərpası həmkarlar təşkilatının diqqətində olmuşdur. Respublika Komitəsinin nəzdində tikilib istifadəyə verilmiş, Nabranda yerləşən “Təhsil“ istirahət bazasında 60 nəfərdən çox təhsil işçisinin istirahəti, 25 nəfərdən çox təhsil işçisinin xəstəlikləri ilə əlaqədar sanatoriya göndərişlərindən istifadə etmələri, şəhər 1 və 3 nömrəli məktəb kollektivinin Göy gölə ekskursiyalarının təşkili rayon və Respublika Komitəsinin ittifaq üzvlərinə diqqət və qayğısı kimi qiymətləndirildi.
Yeni seçilmiş tərkibdə gənc müəllimlərin və qadın təhsil işçilərinin olması da həmkar yoldaşların ürəyincə olmuşdur.
İlk təşkilatlarda Həmkarların hesabat-seçki yığıncaqları davam edir.
Şəfaqət Rəsulov,
Əməkdar müəllim, ATİAHİ İsmayıllı RK-si rəyasət heyətinin üzvü

Şərh Yaz