İş adamlar, xeyriyyəçilər də kömək etməlidir

Qədim və zəngin tarixə, yüksək mədəni ənənələrə malik Basqal qəsəbəsi bu gün İsmayıllı rayonunun ən abad yaşayış məskənlərindən biridir. Qəsəbə sakinləri artıq qaz, elektrik enerjisi, içməli su ilə demək olar ki, tam təmin olunublar. 2016-cı ildə Basqal qəsəbəsində dövlət vəsaiti hesabına xeyli iş görülüb. İş adamlar, xeyriyyəçilər də kömək etməlidir    Bu fikirlər 9 yanvar 2017-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2016-cı ildə görülən işlərə dair hesabat yığıncağında səslənib. Hesabat yığıncağında qəsəbənin təhsil, mədəniyyət, səhiyyə, rabitə, elektrik enerjisi və qaz təsərrüfatı işçiləri, dini icma üzvləri və sakinləri, eləcə də İsmayıllı Rayon İcra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev iştirak edib.
Hesabat məruzəsi ilə çıxış edən RİH-nin başçısının Basqal qəsəbə İƏD-i üzrə nümayəndəsi Novruz Əsədov yola salınan ildə görülən işlər barədə geniş məlumat verib. Bildirib ki, ötən il Basqal qəsəbəsinin enerji təsərrüfatı yenidən qurulub, üç yeni transformator qoyulub, elektrik dirəkləri və naqilləri dəyişdirilib. Basqal qəsəbə tam orta məktəbinin idman zalı təmir olunub, isitmə sistemində bərpa işləri aparılıb.
Hesabat ilində qəsəbə sakinlərinin maliyyə vəsaiti hesabına bir subartezian quyusu qazılaraq istifadəyə verilib, su kəmərlərində təmir-bərpa işləri aparılıb. Qəsəbə bələdiyyəsinin maliyyə köməkliyi ilə ərazidən keçən çayın üzərində asma körpü tikilərək istifadəyə verilib.
Basqal qəsəbə tam orta məktəbini bitirən üç nəfər şagird ali məktəblərə qəbulda uğurla imtahan verib. Ərazidə fəaliyyət göstərən mədəniyyət müəssisələri il ərzində bir sıra kütləvi tədbirlər keçirib. Milli, dini bayramlar, əlamətdar günlər, ümummilli lider Heydər Əliyevin doğum və anım günləri müxtəlif tədbirlər şəklində qeyd olunub. Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə məqsədi ilə general S.Mehmandarovun anadan olmasının 165 illiyinə həsr olunmuş tədbir, aprel döyüşlərində şəhid olmuş həmyerlimiz Mikayıl Vahabzadənin şərəfinə keçirilən yürüş ilin yadda qalan tədbirlərindən olub.
Vətəndaşların müraciətlərinə baxılması Basqal qəsəbə İƏD-i üzrə nümayəndəliyinin başlıca vəzifəsi olub. Yerlərdə mövcud problemlərin öyrənilməsi və əhalinin yaşayış tərzinin yaxşılaşdırılmasına zəmin yaratmaq məqsədi ilə ərazidə səyyar görüş və qəbullar təşkil olunub. Əhali ilə daha sıx münasibətin bariz nümunəsi kimi hesabat ilində İsmayıllı rayon İcra hakimiyyəti başçısı Mirdaməd Sadıqov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov, YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova, millət vəkili Novruzəli Aslanovun ərazidə olmaları, onların əhali ilə görüşləri, problemlərlə tanış olmaları razılıqla qarşılanıb. Gündəmdə olan problemlər təhlil olunub və aidiyyəti idarə, müəssisə rəhbərlərinə onların həlli ilə bağlı tapşırıqlar verilib.
2016-cı ildə qəsəbədə “Basqal qəsəbə məscidi” dini icması qeydiyyatdan keçib və fəaliyyətə başlayıb. “Narkomaniya bəşəriyyətin bəlasıdır”, ”2016-cı il multikulturalizm ilidir”, ”Multikulturalizm və tolerantlıq xalqımızın həyat tərzidir” adlı tədbirlər keçirilib. Məruzədə görülən işlərlə yanaşı bir sıra çatışmazlıqların olması da qeyd olunub.
Məruzə ətrafında çıxışlarda A.Qafarov, F.Mövlamov, A.Nağıyev, A.Hüseynov, Ə.Xəlilov, Q.Feyzullayeva arzu və təkliflərini bildirdilər.
Sonda çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev bildirib ki, hesabat ili ərzində görülən işlər Basqal qəsəbəsinin də dövlətin diqqətindən kənarda qalmadığını göstərir. Bununla yanaşı Basqaldan olan imkanlı şəxslər, iş adamları da qəsəbəni diqqətdə saxlamalı, xeyirxah əməlləri ilə onun inkişafına, problemlərin müsbət həllinə yaxından köməklik göstərməlidirlər. Sonda hesabat məruzəsi və çıxışlar nəzərə alınaraq RİH başçısının Basqal qəsəbə İƏD-i üzrə nümayəndəsi Novruz Əsədovun 2016-cı ildəki fəaliyyəti qənaətbəxş hesab edilib.
Xəyyam Pənahov,
İsmayıllı RİH- başçısının Basqal qəsəbə İƏD-i üzrə nümayəndəliyin baş mühasibi

Şərh Yaz