Yaddas kitabcasi

Vətənpərvər alim, istəkli müəllim

Bala Ağahüseyn oğlu İsgəndərov (1936-2012)
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor

“Həqiqətən alimin əcri, savabı oruc tutan, namaz qılan və Allah yolunda cihad edən şəxsin savabından artıqdır”.
(İmam Əli ə.)
Mücü torpağının yetişdirdiyi ən böyük şəxsiyyətlərdən, ən böyük alimlərdən biri İsgəndərov Bala Ağahüseyn oğludur.
Vətənpərvər alim, istəkli müəllim
Vətənpərvər alim, istəkli müəllimB.İsgəndərov 1936-cı il dekabrın 21-də anadan olmuşdur. 1955-ci ildə Bakı şəhəri 17 saylı orta məktəbi əla qiymətlərlə bitirərək, Azərbaycan Dövlət Universitetinin (ADU) fizika-riyaziyyat fakultəsinə daxil olmuşdur. 1958-ci ildə təhsilini davam etdirmək üçün SSRİ Ali Təhsil Nazirliyinin əmri ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) mexanika-riyaziyyat fakultəsinə köçürülmüşdür.
B.İsgəndərov 1961-ci ildə bu fakultəni bitirmiş, həmin il ADU-nun aspiranturasına daxil olmuş və MDU-ya ezam olunmuşdur. O, professor A.Q.Kostyuçenko və professor M.V.Fedoryukun rəhbərliyi altında namizədlik dissertasiyası yazmışdır.
1964-cü ilin dekabr ayından Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda (RMİ) işləmişdir. Otuz ildən artıq bir dövrdə, həmin institutun “Diferensial tənliklər” şöbəsinin müdiri işləyib.
1967-ci ildə B.A.İsgəndərov AMEA-nın RMİ-da “Petrovskiyə görə korrekt tənliklər və sistem tənliklər üçün Koşi məsələsinin həllinin zamanın böyük qiymətlərində tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bu işdə o, Petrovskiyə görə korrekt tənliklər üçün Koşi məsələsinin həllinin zamanın böyük qiymətlərində azalması üçün kafi vermiş və məsələnin həllinin azalma sürətini, dəyişənlərin fəza ölçüsündən asılı olaraq təyin etmişdir. Bu nəticə hiperbolik tip tənliklər üçün məlum olan Hügens prinsipinin daha geniş sinif təşkil edən, Petrovskiyə görə korrekt tənliklər üçün analoqudur.
1969-cu ildə SSRİ AAK tərəfindən Bala İsgəndərova “Diferensial və İnteqral tənliklər” ixtisası üzrə baş elmi işçi adı verilmişdir. 1994-cü ildə Bakı Dövlət Universitetində Bala müəllim “Silindrik oblastlarda elliptik tənliklər üçün şüalanma prinsipləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bu işdə o, xüsusi törəməli diferensial nəzəriyyəsində məlum olmayan iki yeni effekt müəyyən etmişdir. Bu effektlərdən biri silindrik oblastlarda spektral parametrdən asılı elliptik tənliyin tərtibi silindrik oblastın uzunluğuna ölçüsündən böyük olduqda rezonans hadisəsinin aşkar edilməsidir. Bu halda uyğun hiperbolik tənlik üçün qarışıq məsələnin həllinin, tənliyin sağ tərəfinin zamandan asılılığı periodik olduqda tezliyin müəyyən qiymətlərində, zamanın böyük qiymətlərində artma sürətinin tapılmasıdır. İkinci effekt rezonans olmayan halda hiperbolik tip tənliklər üçün qoyulmuş qarışıq məsələ üçün limit amplitudu prinsipinin doğru olduğunun göstərilməsi və qeyri-stasionar məsələnin həllinin uyğun stasionar məsələnin həllinə zamanın böyük qiymətlərində yaxınlaşma sürətinin təyin edilməsidir. Alınmış nəticələr əmsallı tənliklər üçün də isbat edilmişdir.
B.İsgəndərov S.L.Sobolev tipli müxtəlif tənliklər üçün Koşi məsələsi, sonsuz silindrik və məhdud oblastlarda qarışıq məsələlərin həllərinin varlığı (təfsiri), yeganəliyi və bu məsələlərin həllinin zamanın böyük qiymətlərində asimptotikası haqqında bir sıra mühüm nəticələr alınmışdır. Bu nəticələrdən Bussinesk tənliyi üçün məhdud və qeyri-məhdud silindrik oblastda qarışıq məsələlərin həllinin tədqiqini göstərmək olar. Məhdud oblastda Bussinesk tənliyi üçün qoyulmuş qarışıq məsələlərin həllinin zamanın böyük qiymətlərində zamana görə dövri funksiya olduğu B.İsgəndərov tərəfindən göstərilmişdir. Qeyd edək ki, hiperbolik tənliklər üçün məhdud oblastlarda qoyulmuş qarışıq məsələnin həllinin müxtəlif hallarda zamana görə sanki dövri funksiya olması məhşur riyaziyyatçılar S.Makenxaupt, C.Boxner, C.Neyman və S.Sobolev tərəfindən göstərilmişdir.
Fırlanmayan, stratifisə olunmuş mayelərin hərəkətinin tədqiqində daxili qravitasiya dalğa tənliyi meydana çıxır. Bu tənlik üçün birölçülü halda Koşi məsələsi, ikiölçülü isə qarışıq məsələ A.Q.Sveşnikov və S.A.Qabov tərəfindən tədqiq edilmişdir. Bu məsələ çoxölçülü silindrik oblastda Bala İsgəndərov tərəfindən öyrənilmişdir. Məsələnin həllinin zamanın böyük qiymətlərində silindrin uzununa ölçüsündən asılı olaraq müxtəlif asimptotikaya malik olmasını göstərmişdir. Belə nəticə əvvəllər elmə məlum deyildi.
Onun aldığı bir sıra nəticələr 2004-cü ildə nəşr etdirdiyi “Silindrik oblastlarda elliptik tənliklər üçün şüalanma prinsipləri” adlı monoqrafiyasına daxil edilmişdir.
Son vaxtlar o, Sobolev tipli tənliklər üçün Koşi məsələsi və qarışıq məsələlərin həllərinin zamanın böyük qiymətlərində asimptotik ayrılışı ilə məşğul olur.
tənliklər” ixtisası professor elmi adı verilmişdir. 2001-ci ilin iyun ayında o, AMEA-ya müxbir üzv seçilmişdir.
Bala müəllim respublika və xarici ölkələrin mötəbər jurnallarında çap olunmuş 62 elmi əsərin müəllifidir. Onun rəhbərliyi altında fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almaq üçün 13 dissertasiya işi müdafiə olunmuşdur. 100-dən artıq doktorluq və namizədlik dissertasiyalarının opponenti olmuşdur.
O, 1995-2010-cu illər ərzində RMİ-də fəaliyyət göstərən İxtisaslaşmış Doktorluq Müdafiə Şurasının üzvü, həmsədri və sədr müavini olmuşdur. 2011-ci ildən Azərbaycan AAK-da riyaziyyat və mexanika elmləri üzrə Ekspert şurasının sədri olmuşdur. 1996, 2001-ci illərdə Azərbaycan Milli Elmləri Akademiyasının fəxri fərmanları, 2008-ci ildə S.L.Sobolev adına medalla təltif olunmuşdur. Riyaziyyat elmi üzrə bir neçə jurnalın redaksiya heyətinin üzvü olmuşdur.
B.İsgəndərov 1993-cü ilin fevral ayından YAP-ın üzvü olmuşdur. Həmişə ümummilli liderimizin siyasətini dəstəkləmiş və Azərbaycanın 1988-1992-ci illərdə düşdüyü vəziyyətdən çıxış yolunu ancaq Heydər Əliyevin hakimiyyətə qayıtmasında görmüşdür. Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı ölkə prezidenti İlham Əliyevin xarici və daxili siyasətinin fəal təbliğatçısı olmasından şərəf duymuşdur.
Professor Bala İsgəndərov müəllimləri Ə.Hüseynovu, Z.Xəlilovu, A.Kostyuçenkonu, M.Fedoryuku, A.Sveşnikovu həmişə böyük məhəbbətlə yad edərdi. 47 il işlədiyi Azərbaycan MEA-nı, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunu, 43 il dərs dediyi BDU-nu öz yurdu kimi əziz və doğma evi kimi sevər, vətəni Azərbaycanın şərəfini həmişə əziz və uca tutardı. Dostlarına və tələbələrinə münasibətdə çox diqqətli olar, onlara yardımcı olmaqdan fərəh hissi duyardı.
Bala İsgəndərov gözəl ailə başçısı idi. Qızı Mətanət İsgəndərova fizika-riyaziyyat elmləri namizədidir. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin baş müəllimidir. Oğlu Elyar İsgəndərov isə DTX-nın baş kapitanıdır. O, üç şirin-şəkər nəvə babası idi.
Bala Ağahüseyn oğlu İsgəndərov 2012-ci ildə avqustun 3-də ömrünün 76-cı ilində vəfat etmişdir.
Görkəmli riyaziyyatçı alim, səmimi insan Bala Ağahüseyn oğlu İsgəndərovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin.
Həsən Həsənov,
İsmayıllı Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi

Şərh Yaz