Hicranın göz yaşları, yaxud Vətəni ürəyində yaşadan şair

(55 yaşlı şair Alim Məhərrəmovu xatırlayarkən)

Bəzən insan itirdiyinin əsl dəyərini onu axtarıb tapa bilməyəndə düzgün verə bilir. Daha doğrusu, itirdiyini bir daha tapa bilməyəcəyini dərk edən Adəm oğlu ümidsizliyə qapılır. Onu həyata bağlayan, yaşayıb-yaratmağa səsləyən qüvvənin qəfildən sönməyə doğru yönləndiyini, işığının azaldığını acı-acı hiss etdikcə, canı gücdən, gözü nurdan, dizi taqətdən düşdükcə, canından can ayrıldığının fərqinə varmağa, bu fani həyatda təkləndiyini dərk etməyə başlayır…
Hicranın göz yaşları, yaxud Vətəni ürəyində yaşadan şairTale?.. Bəxt?.. Alın yazısı?.. Yoxsa sirrini hələ də bilmədiyimiz sehir?..
Gözəgörünməz göz yaşları… Əslində ürək sızıltıları ilə elə ürəyin özünü yandıran sel yaşları…
İlahi eşqin həyat faciəsini, sevginin dünya boyda iztirablarını, sədaqətin, səadətin, cəfanın, vəfanın sirli-sehirli tərənnümünü min illərdən bəri ünlü şairlər, yazıçılar qələmə alıb, əbədiləşdiriblər. Amma bu da sirr deyil ki, hər dünyaya yenicə gələn insan özündən əvvəlkilərdən heç birinə bənzəmədiyi kimi, zaman-zaman yer üzündə yaşanan sevgilər də bənzərsiz olur. Hər sevən elə bilir ki, indiyə qədər onun kimi sevən, hər sevilən elə bilir ki, onun qədər sevilən olmayıb… Bəlkə də bu belədir… Yoxsa dünya bu dərəcədə gözəl görünməzdi.
Vətəni ürəyində yaşadan Alim Məhərrəmov–¦ Sadəcə, şair…
Daşdəmirin ürək qanı ilə yazdığı elegiya… Baş qəhrəmanı Alim Məhərrəmov…
Qar yağır ömrümün otuz ilinə,
Allah otuz yaşın qarına bir bax.
Belə görməmiştək yağırsa indi,
Bəs qırxın qışında necə yağacaq? –“ deyən, fəqət qəfil gedişi ilə bütün Alimsevərlərin sirli dünyalarını dağıdıb gedən Alim… Görəsən özünün indi xəbəri varmı ki, onun pərəştişkarları Alim ömrünün 55 ilinə baş vurmaq istəyirlər?
Özündən sonra övlad, nəvə yadigarları qalmasa da, hər halda bir-birindən gözəl şeirləri qaldı. Bu gün bu nümunələrə diqqət yetirdikdə Alimin mənəvi dünyasının kamilliyinə, zənginliyinə heyran qalmaya bilmirsən. İlahi, sevinci sevincimiz, səadəti səadətimiz, səmimiyyəti səmimiyyətimiz olan bu şairi nə çox gördü bizə?! Aman Allah, bircə bu ayrılıq olmayaydı… Əbədi ayrılıq…
“Unutmaq zaman istəyir”, –“ deyirlər… Amma nə unutmaq mümkündür, nə də unudulmaq… Sevən ürək
sızıldaya-sızıldaya paralanan, sozalaya-sozalaya qaralanan yarısını axtarınca duyğular həzin sözə, xatirələr kövrək misraya dönür, ədəbiləşir, əbədiləşir… Beləcə, şirinli-acılı talenin “Alim Məhərrəmov dastanı” boy göstərir… Nə qədər şair sevgi yaşayırsa, bu dastanın ömrü də o qədər olacaq…
***
Yaşasaydı, bu gün onun 55 yaşının işığına toplaşmışdıq. Neyləyəsən ki, zalım fələk onu bizdən erkən ayırdı–¦ 55 yaşlı Alim Məhərrəmovun özündən sonra qalan yaradıcılığı haqqında bir neçə söz yazmağı əziz şair dostumuz Vəli Xramçaylı xahiş edəndə onun sözündən keçə bilmədim. Bildirdi ki, Alimsevərlər onun ad gününü keçirmək istəyirlər, biz də öz növbəmizdə vətəndaşlıq borcumuzu yerinə yetirmək istəyirik. Ona görə mən də 26 illlik dostum haqqında ürək sözlərimi yazmağı, onun haqqında bir neçə kəlmə söyləməyi özümə haqq bilirəm, mərhum yubilyarın ürək yanğısının ən yaxın şahidlərindən biri kimi… Eyni atəşdə ürəyi yanan, eyni acıdan içi sızlayan, eyni gözlərdən mədət uman biri kimi…

Dekabr –“ təqvimin ayaq-baş ayı, (Yarımbaşlıqdır)
Yaşanmış günlərin yır-yığış ayı.
Mənim doğulmağım soyuq qış ayı,
Göylərin havalı vaxtına düşüb.

Alim Allahverən oğlu Məhərrəmov 1961-ci il dekabr ayının 15-də İsmayıllı rayonunun Müdrü kəndində anadan olub. Rayonun Təzəkənd kəndində isə boya-başa çatıb. İlk şeiri 1979-cu ildə işıq üzü görüb. Böyük ustad Musa Yaqubdan xeyir-dua alaraq yaradıcılıq yoluna çıxıb, mərkəzi mətbuatda dərc olunmağa başlayıb. Mən onu Naftalanda jurnalist kimi, sonralar isə rayon qəzetinin baş redaktoru kimi fəaliyyət göstərdiyi illərdən tanıyıram. Onda mən Alimin dostlarından biri olan MM-in deputatı Aqil Abbasın baş redaktoru olduğu “Ədalət” qəzetinin məsul katibi idim. Biləndə ki, mən də İsmayıllıdanam, Basqal kəndindənəm, çox sevinmişdi, amma bir az təəccüblə, yarıtərəddüdlə qarşılamışdı: “Ay qağa (bu söz onun ən çox işlətdiyi müraciət formalarından biriydi), sən hara, bu sənət hara? Sizinkilər, yəni basqallılar ticarətlə, sənətlə məşğul olurlar, sənsə bura hardan gəlib düşmüsən?” Mən isə ona belə cavab vermişdim: “Ay eloğlu, bu bir Tanrı qismətidir. İçimizdən bir jurnalist çıxmalıdır, ya yox? Özü də mən böyüyüb boya başa çatdığım kəndin ilk ixtisas təhsilli qəzet jurnalistiyəm”.
***
“Səni də öyrətdim ayrılıqlara” adlı bir həyat hekayəsi… Yara həsrət qalmış bir yaralının yanğı dolu hekayəsi… Kitabı yaradan hər bir sətir, hər bir söz Alimin hicran atəşi ilə yoğrulub… Alimin sətirlərə hopan hər həsrət acısında doğmaları sanki yenidən doğulub… Bununla belə yenə də sözlərlə ifadə etdiyi əslində içindəki hicran dağının görünən tərəfidir, görünməyən çoxluqlar isə qəlbinin dərinliklərindəki kəlmələrdə gömülü qalıb–¦
Mən baxt üstə fırlanan,
Dərdlər yozan Şamanam.
Qaytar məni, bətninə,
Bu dünyanın əlindən,
Qurtar məni al, anam.
(“Bir anın yazısı”)
Və yaxud başqa bir şeirində maraqlı fikrə rast gəlirik:
Bəxt üstündə sayrışan,
Aya, günə qarışan.
Dərd hamıya yaraşan,
Dar köynəkdi geyilməz.
Bəzi acılar vardır insanı susduran, içinə gömülən, içindəki bütün duyğuları dağıdan, üsyanı şahə qalxan dili susan… Geridə böyük uçqunlar buraxan… içini yandıran…
Elə bir yanğı ki, hayqırmaq istəsən bircə kərə acizliyindən dili parçalanan…
At çapan çapar, məni,
Al məni, apar məni.
Gəzdir eşqlər boyunca,
Kim gəzib tapar məni,
Ayrılıqdan savayı?

Ölüm-olum üz-üzə,
Günah, tövbə diz-dizə.
Qalan dünyaya qaldı,
Nə qaldı görən bizə,
Ayrılıqdan savayı?
Anladılmaz ağrılar vardır. Heç keçməyən, heç səngiməyən…
Zamanın geridə qoya bilmədiyi, dərman ola bilmədiyi yaralar… Ayrılıq dərdi–¦ Heç vaxt geriyə qayıdılası mümkün olmayan ayrılıq–¦ Ayrılıq kimi yandırıb-yaxan, yıxıb-məhv edən, hayqırdıb, qışqırdıb sonra susduran yaralar…
Darmadağın edən acılar… Qəlbinin, gözünün, zehninin heç susmadığı, dilinin aciz qaldığı yaralar… Deyil bir il, iki il, yaşayacağın ömür boyunca keçirəcəyin illər sonrası belə həp xatırlanıb, hayqırılıb, yanıb-məhv olub, ağlayıb, ağlayıb, çarəsizcə susacağın yaralar… Anladılmaz yaralar…
“O gün” əbədi olaraq üzərinə bir əlbisə kimi oturan tənhalıq, təklik hissini heç kimin doldurmayacağı boşluqlar… Bilirsən sənsizlik necə çətindir?
İllərin görünməz uzaqlığından,
Yaddaşım çox şeylər söyləyir mənə.
Sənsənmi, həsrətmi, axır nədisə,
Ölümə bənzər şey əl eylər mənə.

Kimindi dünənlər, ötənlər görən,
Bəs eşqlə açılan sabahlar kimin?
Səninlə bəxtəvər adamdım, indi,
Yalqızam bəndəsiz Allahlar kimi.
Şair dostu İbrahim İlyaslının “Səni də öyrətdim ayrılıqlara” adlı şeirlər kitabına yazdığı “Ön söz”dən bir sitatı nəzərinizə çatdırmaq istəyirəm. “–¦oxuduqca görəcəksən ki, Alimin şeirlərində səni kədərləndirməyə – mürgülü dərdlərini oyatmağa qüdrəti çatan hisslər, duyğular, səni qəm oylağına qaldırmağa harayı yetən söz nizamı var. Oxuduqca sinəsinə çalın-çarpaz dağlar çəkilmiş bir məmləkətdən olmağın göynərtisini bir daha yaşayacaqsan. Tapdalanan haqqına, olmayanda davasını, olanda altına çiynini vermək dərdini çəkdiyin azadlığına, ayrılıqların ağuşundan qarsalanan sevdalarına ayna tutan bu şeirlərdə özünü görəcəksən. Və yəqin ki, görmək istədiyin kimi yox, olduğun kimi görəcəksən özünü. Nurlanan çöhrəndən qəlbinə axan işıq seli heyrətləndirəcək səni”.
Gedirəm hamının qorxduğu yerə,
Günahım-savabım tilsim içimdə.
Başı qoltuğunda mənim səsimdi,
Ağlayar özünü səsim içimdə.
Bu bənd də Alimin yaradıcılığından bir nümunədir. Elə bir nümunə ki, oxuyan kəsi yerindən oynadar, həyəcanlandırar, təşvişə salar, içindən sızıltılar qoparar, qəlbləri paralayar, odlandırar, yandırar–¦
Zamanı gəldi…
Ölüm haqqında bir qədər fərqli düşünənlərdənəm əslində… Mənəvi ölümün cismani ölümdən daha acı və gerçək yoxoluş olduğunu hesab edənlərdənəm… Bu kiçik yazımın baş qəhrəmanı Alim Məhərrəmovun cismani yoxluğu onu heç bir qəlbdə yox edə bilmədi… Edə bilməzdi də… Hələ də hamının xatirində onun şirin zarafatlarının, məzəli danışıqlarının, maraqlı söhbətlərinin, duzlu deyimlərinin izi qalıb…
Hələ də onun qəlbinin oduna qızına bilirik… Elə böyük bir mənəviyyat daşıyıb ki, üzərində yoxluğunda belə onunla fəxr edə bilirik… Hamımızın həyatından bir Alim keçdi…
Sonda sadəcə təşəkkür etmək istəyirəm alimsevərlərə, bu təşəbbüsü qaldıran Vəli Xramçaylıya, Məmmədhaqqı müəllimə…
Onu bu qədər sevdiyiniz üçün…
Ona bu qədər hörmət etdiyiniz üçün…
Ona bu qədər dəyər verdiyiniz üçün…
Təşəkkür edirəm Sizə, dostumuzu hər zaman yaşatdığınız üçün…
Daşdəmir ƏJDƏROДћLU

Şərh Yaz