Dəyərli yadigar…

Ağayev Rövşən Yolçu oğlu 1958-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşdu. İki bacısı və iki qardşı vardı. Orta məktəbi müvəffəqiyyətlə bitirmişdi. Arzusu ali təhsil almaq, valideynlərinə, Vətənə övladlıq borcunu qaytarmaq idi. Hərbi xidməti başa vurduqdan sonra Sumqayıt şəhərindəki Boruyayma zavodunda çalışmaqla yanaşı, Azərbaycan Politexnik İnstitutunda təhsil alırdı.
Ədəbiyyata, söz, sənət aləminə qəlbən bağlı olan R.Ağayev fitri istedad sahibi idi və mükəmməl şeirlər yazırdı.
Dəyərli yadigar...Faciəli öüm onu bütün arzularından, əzizlərindən, dostlarından –“ həyatdan ayırdı. 1982-ci ildə el bayramlarından birini doğma ocaqda keçirmək məqsədi ilə Lahıca gələn Rövşən qəsəbənin girəcəyində, tağlı körpüdən avtomobilin qəzaya uğraması səbəbindən dünyasını dəyişdi. 24 yaşlı gəncin doğmalarına bu gün xoş xatirə, təsəlli olan şeirlər dəftəri qalıb. Bu şeirlərin hər biri gözəl ədəbi nümunə olması ilə diqqəti çəkir və istedadlı bir qələm sahibinin ömrünün erkən başa çatmasından xəbər verir.
R.Ağayevin bacıları Dilarə və Qəmzə bu dəftərdən böyük təsəlli alır, çapını gözləyən bu şeirlər toplusuna bir xəzinə, dəyərli yadigar kimi baxırlar.
Dünyasını nakam dəyişmiş gənc şairin bir neçə şeirini oxuculara təqdim edirik.
“İsmayıllı xəbərləri”

Yadigar yarpaq

Salam, uca çinar, gəl qucaqlaşaq,
Ayrılıq əbədi dayansın gendə.
Söylə, yadındamı, iki il qabaq,
Məni yola saldın əsgər gedəndə?

Uğurlar dilədin, xoş arzularla,
Mənalı baxışla məni oxşadın.
Dayanıb durmuşdun elə vüqarla,
Əsgər anasına yaman oxşadın.

Kövrəldim, doluxdum, bilmədim amma,
Axmış yanağıma iki damla yaş.
Qoynundan bir yarpaq saldın qoynuma,
Yola düzələndə mən yavaş-yavaş.

Gəldi xatirimə: durna qatarı,
Qürbətə köçəndə batmazdın qəmə.
Bununçün səndəki soyuq vüqarı
Laqeydlik saymadım məhəbbətimə.

Sonra əsgər oldum–¦ Qoynumda dəftər,
Dəftərin içində bir yarpaq vardı.
Mənə təsadüfən dəysəydi xətər,
Yarpaq da mənimlə torpaq olardı.

İki il saxladım, yadigar deyə,
Quruyub ikiyə bölündü yarpaq.
Fəqət, bölünmədi həsrət ikiyə,
Sinəmdə ikiqat çoxaldı ancaq.

Mən əhd eləmişdim yadigarını,
Qatım torpağına günün birində.
Tullaya bilməzdim könül varını,
Uzaq Almaniya sərhədlərində.
Lahıc 1979

Bənövşə

Vurulub hüsnünə ilk bahar çağı,
Diz çöküb dərmişəm səni, bənövşə.
Sən isə başını dikib aşağı,
Pərişan edirsən məni, bənövşə.

Yenə təzələndi bax, köhnə dərdim,
Səni kol dibindən ehmalca dərdim.
Gecə də, gündüz də mən öyrənərdim,
Olsaydı sevməyin fənni, bənövşə.

Güzarı düşübmü bura o yarın,
Gördünmü üzünü heç o nigarın?
Mənim saf eşqimə toxunanların
Bilirəm, yanılır zənni, bənövşə.

Şehmi, göz yaşımı düşüb üzünə,
Bir gözəllik verir o da hüsnünə.
Kaş ki, hər tərəfin gülə bürünə,
Dağların dumanı, çəni, bənövşə.

Dərdli Rövşən səni dərib qoxuyar,
Yazda kol dibində tək-tənha qalar.
Bu saf gözəlliyə qoy qıymasınlar,
Baharın pişvazı, yönü, bənövşə.
1976

Şərh Yaz