İsmayıllının ən gənc kimyaçı elmlər doktoru

Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərindən daha biri – Rəvan Rəhimov kimya üzrə elmlər doktoru dissertasiya işini uğurla müdafiə edib. O, respublikamızın gənc alimləri sırasında özünəməxsus bilik və bacarığı, elmə töhfələri ilə seçilən istedadlı mütəxəssislərdəndir.İsmayıllının ən gənc kimyaçı elmlər doktoru
Tanıyanlara xatırlatmaq, tanımayanların diqqətinə çatdırmaq yerinə düşər ki, Rəhimov Rəvan Abdullətif oğlu 28 iyun 1980-ci il tarixində İsmayıllımızın dilbər guşələrindən birində, Qalacıq kəndində anadan olub. O, 1986-1997-ci illərdə doğma Qalacıq kənd orta məktəbində təhsil alıb.
Gənc alimin elmə gəlişinin ilk pillələri Bakı Dövlət Universiteti ilə bağlıdır. Məktəbi bitirdikdən sonra BDU-nun kimya fakültəsinə daxil olan Rəvan 2001-ci ildə bakalavr təhsilini bitirdikdən sonra elə həmin ildə BDU-nun “Yüksək Molekullu Birləşmələr” kimyası ixtisası üzrə magistraturasına qəbul olub. Elmə qarşı xüsusi istedadı ilə seçilən R.Rəhimov 2003-cü ildə magistr təhsilini də fərqlənmə diplomu ilə bitirib.
Laboratoriya şəraitində bilik və bacarıqlarını artırmaq üçün o, 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun “Səthi-aktiv maddələr və preparatlar” laboratoriyasında elmi fəaliyyətə başlayıb.
2003-cü ildə Neft-Kimya Prosesləri İnstitutunun əyani aspiranturasına daxil olan R.Rəhimov 2007-ci ildə “Г‡oxatomlu spirtlər və propilen oksidi əsasında benzinin buxarlanmasını ləngidən reagentlərin alınması və tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini alıb.
Bununla kifayətlənməyən gənc alim karyerasını yeni mərhələyə yüksəltmək üçün 2011-ci ildə “Neft kimyası” ixtisası ilə elmlər doktoru mərhələsi üzrə doktoranturaya daxil olub. 24 iyun 2015-ci ildə elmi işini tamamlayaraq Neft-Kimya Prosesləri İnstitutunun Böyük Elmi Şurasında müzakirəyə çıxarıb.
Qeyd edək ki, 2011 və 2014-cü illərdə R.Rəhimovun təqdim etdiyi layihələr Azərbaycan Respublikası Prezident yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən “Gənc alim və mütəxəssislərin qrant müsabiqələri”nin qalibi olub.
Gənc alim hardasa bir ay əvvəl, oktyabr ayının 21-də “Təbii triqliseridlər, (alkanol) aminlər və (C3) epoksidlər əsasında yeni səthi-aktiv maddələrin sintezi və tədqiqi” mövzusunda dissertasiya işini müdafiə edib. Beləliklə, onun İxtisaslaşmış Şuranın üzvləri tərəfindən kimya üzrə elmlər doktoru elmi dərəcəsinə layiq olduğu qənaətinə gəlinib.
R.Rəhimov 2011-ci ildə Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb və 2012-ci ildən Xəzər Universitetində pedaqoji fəaliyyətini davam etdirir.
R.Rəhimov eyni zamanda 130-dan çox elmi əsərin həmmüəllifidir. Onlardan 65-dən çoxu məqalə, 3-ü isə Azərbaycan Respublikasının patentidir. Məqalələrdən 30-dan çoxu xarici ölkələrin (Almaniya, İngiltərə, Ukrayna, Koreya, ABŞ, Yaponiya, Malaziya, Efiopiya, Rusiya, həmçinin dünyanın ən nüfuzlu redaksiyaları olan “Elsevier”, “Springer” və “Taylor & Francis”) nüfuzlu jurnallarında dərc olunub. Bu mətbu orqanlarından 15-i “Thomson Reuters” Agentliyinin siyahısına düşən jurnallardır.
R.Rəhimov həm də qayğıkeş ailə başçısıdır. Ailəlidir, bir övladı var.
Ş.Soltanov

Şərh Yaz