Həyat arzu çələngidir

“İsmayıllı xəbərləri” qəzetinin təsisçisi və baş redaktoru şair-publisist ŞahməmmədDağlaroğlu ilə müsahibə.
Şahməmməd Dağlaroğlunu doğulduğu gündən tanıyıram. Belə ki, hardasa, mənim 6 yaşım olanda o dayıoğlum kimi dünyaya göz açıb. Mübaliğəsiz deyərdim ki, ayaq açıb yeridiyi vaxtdan bir yerdə, bərabər olmuşuq. 60 illik yubileyi ərəfəsində ona haqqında yazı yazmaq fikrində olduğumu bildirəndə, təşəkkür edib buna ehtiyac duymadığını bildirdi. Əl çəkmədim. Onsuz da haqqında hər şeyi bilirəm, sadəcə, bir neçə sualımı cavablandırmağın yetər dedim.Həyat arzu çələngidir
Г‡ətinliklə də olsa razılığını aldım. Г‡öhrəsindən rahatca oxunan yorğunluq, iş və mobil telefonuna gələn zənglər, yazı masasının üstündəki qalaq-qalaq yazılar birmənalı şəkildə işinin çoxluğundan xəbər verirdi.
Müsahibə üçün öncədən hazırladığım suallara keçirəm və Soltanov Şahməmməd Nurulla oğlundan aldığım cavabları hörmətli oxuculara təqdim edirəm:
– Hörmətli şair –“ Şahməmməd Dağlaroğlu, 60 illik yubileyiniz İsmayıllı rayonunun 85 illik yubileyi ilə eyni vaxta düşür. Sizdən 25 il böyük olan “ağbirçəyi” sevindirməyə nəyiniz var?
– Maraqlı sualdır. İsmayıllı anamla yaşıddır. Vətənə, doğulduğum torpağa olan məhəbbətim anama olan istək və bağlılığımla eyni adda, eyni çəkidədir. Varlığım, həyatda tutduğum mövqe anamı qane edirsə, deməli illəri hədər yaşamamışam. Təvazökarlıqdan bir qədər kənar görünsə belə, gözəl İsmayıllımızın mübarək yubileyinə də onu qəlbən sevərəkdən gördüyüm işlərlə, keçdiyim ömür yolu ilə gəlmişəm.
– İsmayıllıya olan sevginizdən 9 il əvvəl “İsmayıllı xəbərləri” adlı qəzet yaranıb. Qəzet Mətbuat Şurasının üzvüdür. Bu qəzet respublikanın mətbu orqanları sırasında özünəməxsus, müstəqil bölgə qəzetləri arasında öncül yerlərdən birini tutur. Bu nailiyyətlərin kökü nəyə bağlıdır?
– Ürək açan, xoş olan nailiyyət, qələbə hesab olunan hər nə varsa, o, zəhmətdən doğulur.
Həm də gərək görülən işə qiymət verən ola ki, işgörən də ruhlanıb daha çox iş görməyə can ata.
Son 3 ildə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqovun diqqəti və şəxsi iştirakı ilə rayonumuzda Milli Mətbuatın əsl bayram kimi keçirilən ildönümləri dediklərimi təsdiqləyən nümunədir.
– Bugünkü jurnalisti necə görmək istərdiniz?
– Orta məktəb illərini jurnalist olmaq arzusu ilə başa vurdum. BDU-da imtahan da verdim. Biliyim tələbə adını qazanmaq üçün yetərli olmadı. İnşaatda, pedaqoji sahədə çalışdım, amma arzuma sədaqətli qaldım. Birillik jurnalistika kursunu bitirmişəm. Heç vaxt, heç yerdə özümü jurnalist kimi təqdim etməmişəm. Amma yaxşı qəzetçi olmağa hər an can atmışam.
Sualınıza gəlincə, mətbuatda senzuranın ləğvindən sonra jurnalist kimi meydana atılanlar var ki, onlar 140 illik Azərbaycan jurnalistikasına utanc gətirirlər. Mətbuat güzgüdür. Ləkəli güzgüyə baxmaq məncə, heç kimə xoş gəlməz.
– İsmayıllının gözəl bir dağ yamacında, Pirəqanım kəndində doğulmusunuz. Yurd yeri üçün qəribsəyirsizmi?
– Şair təbiətli adam üçün bu sual: Vətəndə azmaq mümkündürmü? – sualına bənzəyir. Vətəndə hər hansı səbəbdən ilk dəfə olduğun yer sənə yad görünə bilər. Amma həmin yer Vətənin bir parçası olduğundan sevgiyə layiqdir, orada azmaq məsələsi mümkünsüzdür.
– Ağrılı-acılı uşaqlıq və gənclik illəri yaşasanız da özünüzü sevdirə bilən bir şair kimi tanıtmısınız. Yox, əgər, şair olmasaydınız, nə olmaq, kim olmaq istəyərdiniz?
– Əvvəla deyim ki, mən şeirlərimi şair olmaqdan ötrü deyil, Tanrının bəxşişinə laqeydlik göstərməmək naminə yazmışam. Sonra görəndə ki, bu məndə alınır, qeybdən gələn pıçıltıları Tanrının mənə bəxş etdiyi zəka, duyum çərçivəsində ipə-sapa düzməklə məşğul oldum. Harada qurtaracağını bilmədən getdiyim yolla gəlib bura – şeir, sənət, söz dünyasına çıxdım. Tanrının mənə olan sevgisindən, səxavətindən üz döndərsəydim yəqin nə qədər çalışsam da bugünkü Şahməmməd olmayacaqdım.
– Xoşbəxtliyini başqalarına lazım olmaqda görən şair, bu şüarla xoşbəxtliyinizə yaxın düşə bildinizmi?
– Bu sualı cavablandırmaq üçün kitablar yazmaq olar. Amma qısaca olaraq deməliyəm ki, hamı üçün hər şey olan çox vaxt özü üçün heç nə ola bilmir. Nə yaxşı ki, itirdiklərimin müqabilində itirmək istəmədiyim dostlar, insanlar qazanmışam bu yaşam dövründə. Şüara gəldikcə isə, o mənim dilimdə yox, qanımdadır.
– Ən çox sevindiyiniz günü, anı xatırlayırsınızmı?
– Xatırlamaq nədi, elə indinin özündə də bu sevincin, bu fərəhin ağuşundayam. 21 avqust 1985-ci il – həyat yoldaşım Həmidə xanımın ana olduğu, qızım Xalidənin dünyaya gəldiyi, mənim ata olduğum gün.
Həyat mənə ondakı qədər heç vaxt şirin görünməyib. Allah heç kəsin balasından diqqət və qayğısını əsirgəməsin.
– Dostlarınız sizi çox istəyir. Bu, çox sevindirici haldır. Onların istəyini cavablandırmaqda çətinliyiniz olmur ki, axı, onlar üç deyil, beş deyil?
– Pul qazanmaqdan mənim üçün dost qazanmaq çətindir. Pulu qazanıb xərcləyirsən. Dostu qazananda isə qorumalı olursan. Pul və dost ifadələrini bir cümlədə işlətməkdə məqsədim var. Dost üçün pulunu xərcləməyən, canını heç cürə xərcləyə bilməz. Bir də, dosta sevgisini göstərə bilməyən pulunu necə göstərər axı? Mən bunu hər yerdə demişəm. Mən məni sevənlərin gözündə hörmətli və ucayam. Buna görə onları ölən günümə qədər sevsəm də borclarından çıxa bilməyəcəm. Dostlar arxayın olsunlar, onları mənim ruhum da sevəcəkdir.
– Həyatda çox qaçdığınız və bəyənmədiyiniz bir şeylər varmı?
– Yalanı sevmirəm, yalançıya həmişə nifrətim olub. Kiminsə yalanına aldanıldığımı biləndə elə bilmişəm ki, kimsə məni arxadan vurdu. Belələrini Allahın ümidinə buraxmışam. Aldandığım vaxtlar da olub. Bəziləri kimi özüm-özümü aldatmamışam. Yalançıdan həmişə ehtiyat eləmişəm. Yalan danışan – Allahı görə bilməyən kordur. O istənilən vaxt kimin desən süfrəsini tapdaya bilər. Bütün nadürüstlüklərin anası yalandır. Bəyənmədiklərimə gələndə, sual bir az mürəkkəbləşir. İndi bəyəniləsi nə qalıb ki?! Lovğalığı sevmirəm. Minnət götürməyi bacarmıram. Əgər ömrün bir günü belə mənə minnətlə verilsə, yaşamaq istəmərəm. Nə yaxşı ki, Tanrının bizə verdiklərində minnət yoxdur. Yoxsa, verdiyi bir tikəni min dəfə adamın gözünə soxanlar var.
– Kitablarınızın sayını artırmaq barədə son vaxtlar sanki düşünmürsüz. Bu işdə bəlkə başqa bir iş var?
– Bu işdə ən başlıca əngəl imkansızlıqdır. Qabaqlar kitab çap etdirmək üçün mövcud nəşriyyatlardan birində növbədə durmaq lazım gəlirdi. Bir neçə nəşriyyat vardı. Özü də nəyi gəldi çap eləməzdilər. İndi, göz dəyməsin, nəşriyyatlar artdıqca, yazanlar da artır. Bu gün istedadı olmayanlar ədəbiyyatımıza deyil, kimlərisə dolandırmağa xidmət edirlər. Bununla da oxucudan çox özlərini aldadırlar. Onsuz da zaman hər şeyi yerbəyer eləyəcək.
Bir il əvvəl təcnislərimin toplusu olan “Cinas bulağı” adlı şeirlər kitabım çap olundu. Yaxın günlərdə “Löyijə incihoni” (“Lahıcın inciləri”) adlı kitabım işıq üzü görməlidir.
– Yazdıqlarınızın oxunaqlı olmasına, oxunacağına əminliyiniz varmı?
– Bu sualda insanı təvazödən uzaqlaşdırmağa meylli bir cavab var. Üz-üzə gələndə mehribancasına salamlaşdığımız adamlar var ki, böyük razılıqla şeirlərimi mənə əzbərdən söyləyirlər. Düzü həmin şeirləri mən özüm heç əzbər bilmirəm. Mənə və yaradıcılığıma olan bağlılıqlarına görə o insanlar qarşısında baş əyirəm. Adlarını ona görə çəkmirəm ki, bəlkə də kimisə unudaram. Г‡ox sağ olsunlar. Mən ürəyimi boşaltmaq xətrinə yazdıqlarımı kimlərsə dəyərləndirib öz ürəklərində yaşadırlarsa, Allah onları əziz və uca tutsun.
– Müsahibəmizin bu yerinə qədər dilinizdən dəfələrlə Allah kəlməsini eşitmişəm. Siz bu kəlamı işlətməyə vərdiş etmisiniz, yoxsa?..
– Əstəğfürullah!!! Mən şüurlu ömrümün hər anını Onunla olmuşam. Allahsız olmaq ürəyini Şeytana verənlərə xas sifətdir. Bu sifət sahibləri ilə üz-üzə gəlməkdən həmişə ehtiyat eləmişəm. Allaha sevgi olmayan yerdə heç vaxt xeyir-bərəkət də olmaz. Bir də ki, şeir Allahın sevdiyi bəndəsinə pıçıltısıdırsa, şair necə Allahsız olar, necə Allahı sevməz? Belə adamların adı başqadır.
– Siz yaradıcı adam olmaqla rayonun ictimai-siyasi həyatında da xüsusi yeri, nüfuzu olan bir ziyalısınız. Eyni vaxtda bir neçə sahə üzrə iş aparmaq bacarığına necə nail olmusunuz?
– Bu sual ətrafında saatlarla danışmaq olar. Bu sualın cavabı hardasa, bir növ mənim keçdiyim ömür yolu, tərcümeyi-halımdır. Deyəcəklərimin təvazökarlıqdan uzaq olmasına görə üzr istəyib, bəzi məqamları qeyd etməliyəm.
Təəccüblü görünsə də 14 yaşım tamam olmamış inşaatçı kimi əmək fəaliyyətinə başlamışam. Yüksək dərəcəli dülgər-xarratam. Fərqlənmə ilə bitirdiyim peşə təhsilindən sonra bir müddət əmək təlimi müəllimi işlədim. Tikinti meydançalarında çalışdım. Həmin illərdə sanki özümü, daxili potensialımı kəşf etdim. Marksizm-leninizm universitetini bitirdim. Qiyabi yolla ali təhsil aldım. Bu illər ərzində bir gün də olsa, Vətən, yurd sevgisindən, yaradıcılıqdan uzaqlaşmadım. 1995-ci ildə Ana Vətən Partiyasına üzv oldum və o vaxtdan partiyanın rayon təşkilatının sədriyəm.
1999-cu ildə ilk bələdiyyə seçkilərinə qatıldım. Ağbulaq bələdiyyəsinin üzvü və sədri seçildim. Sonrakı üç bələdiyyə seçkisində də İsmayıllı bələdiyyəsində üzvlüyümü saxlaya bilmişəm. Hazırda bələdiyyə üzvü və bələdiyyə yanında Sosial İqtisadi-İnkişaf məsələləri daimi komissiyasının sədriyəm.
Bələdiyyə üzvü olmaq yaşadığın ərazidə mövcud problemlərinin ağırlığı altına könüllü girmək deməkdir. Г‡ətin olsa da bu kollektiv şəklində görülən şərəfli bir işdir. Təəssüf ki, son illər büdcəmizdəki maliyyə çatışmazlığından vacib məsələlərin həllinə o qədər də dəstək verə bilməmişik. Buna baxmayaraq düşünürəm ki, bələdiyyə təsisatı olmadığı vaxtlarda da həmişə el içində olduğumdan, bir vətəndaş kimi bu sahənin adamı olmuşam.
Sirr deyil ki, “İsmayıllı xəbərləri” qəzetinə redaktorluq, “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinə sədrlik etmək, yaşın kamil vaxtında yaradıcılıqla mütəmadi məşğul olmaq, digər xalqların ədəbiyyatından tərcümələr etmək sadəcə, düzgün xərclənən asudə vaxtın hesabına müyəssər olub.
– Sizə hörmət və qayğısını əsirgəməyənlərə bu yubiley ərəfəsində nə deyərdiniz?
– Mənim xüsusi şəkildə yubiley keçirtmək fikrim olmayıb. Buna heç imkanım da yoxdur. Bu təşəbbüsdə olan və bu istiqamətdə az-çox iş görənlərə, diqqət və qayğı göstərənlərə canı-dildən minnətdar olduğumu bildirirəm. Dostlarıma, yaradıcılığıma dəyər verən, mənə hörmətlə yanaşan hər bir kəsə tam səmimiyyətlə bildirirəm ki, bundan sonra da bütün qüvvə və bacarığımı, imkanımı və istedadımı Vətəni, xalqı, sizlərə olan sevgimi tərənnüm etməyə istiqamətləndirəcəyəm. Tanrının mənə bəxş etdiyi ömrü yaxşıları sevməyə, xalqın xidmətində durmağa sərf edəcəyəm. Mənə ürəyində yer ayıran hər kəsin ürəyimdə yeri var. Tanrı Sizi qorusun!
– Dost, qələm yoldaşı kimi sevdiyiniz neçə-neçə insan bu yubiley ərəfəsində öz ürək sözlərini ifadə etməklə ömrün bu mərhələsində haqqınızda səmimi fikirlər, xoş sözlər söyləyəcəklər. Bəlkə sizin də onlara sözünüz, çatdırmaq istədiyiniz fikirlər var?
– İlk növbədə məni dostu bilən, doğması qədər yaxın sayan hər kəsə dərin minnətdarlığımı çatdırmaq istəyirəm. 60 illik ömür yolunda üstümdə zəhməti, diqqət və dəstəyi olan hər kəsi alqışlayıram. Yaxşıların göstərdiyi yol, bu yolda əldə etdiklərim mənim dünyamdır.
60 yaşı gəncliyin kamilliyi adlandırırlar. Bu yalnız təsəlli verən bir ifadədir. Nikbin, həyatı sevən dostlardan aldığım pozitiv enerjiyə görə onlara dönə-dönə var olun – deyirəm.
– Bu, müsahibəmizin sonuncu sualıdır. Demədiyiniz bir şey qaldımı?
– Əslində, verilməsi mümkün olan sualların hamısının cavabı yaşadığım 60 ilin özündədir.
Yaşadığım 60 ildə çox ağrı-acılar görmüşəm. Amma sınmamışam, bezməmişəm, usanmamışam. Bu yaxşıları sevdiyimdən, onlara güvəndiyimdən olub. Həyat arzu çələngidir. Yaxşıların, halal adamların mənə olan istəyinə arxayın olub deyirəm ki, fərəhlə, rahatlıqla yaşayacağım günlər hələ qarşıdadır.
Bütün dostlarıma mənə qarşı olan istəklərinə, ehtiramlarına görə minnətdarlıq edirəm. Hər birinə mənalı və rahat yaşam arzulayıram və bundan sonra çalışmalıyam ki, əldə etdiklərimlə dostlarımı daha çox sevindirim. Onların istəyincə yaşamağıma təki ulu Tanrı möhlət versin!
Ümid edirəm ki, Sizlərlə bərabər hələ neçə-neçə illər yaşayacaq, neçə yubileylər keçirəcəyik. Sağ-salamat olmaları arzusu ilə yaxşı insanları Allaha tapşırıram.
– Müsahibəyə ayırdığınız vaxta və səmimiyyətinizə görə çox sağ olun.
– Təşəkkür edirəm.
Hacıməmməd Məmmədov,
“Tərəqqi” medallı Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz