O, şeir yazanda yaşayır…

Г‡ağdaş ədəbiyyatımıza bələd olanlar Azərbaycan Yazıçılar Birliyinin üzvü Aybəniz Əliyarın imzasını tanıyır, özünə və yaradıcılığına hörmətlə yanaşır, şeirlərini sevə-sevə oxuyurlar.
Bir neçə ay əvvəl şairə xanımın 6-cı kitabının Sumqayıt şəhərində keçirilən təqdimat mərasimində olmaq mənə də nəsib oldu. Bu görüşə sevinə-sevinə getdim, İsmayıllıya Aybənizin “Cənnətdən gələn məktublar” kitabı ilə qayıtdım. Bu kitabda hər şeirin, şeirlərdə hər misranın öz yükü, məzmun və məna tutumu var.
Aybəniz Əliyar Şabran rayonunda yaşayır. Buradakı Xəqani Poeziya evinin rəhbəridir.
O, şeir yazanda yaşayır...
Onun bizə hədiyyə etdiyi kitaba rəfiqəsi, şair-publisist Sevinc Məmmədovanın qələmə aldığı ön sözdən oxuyuruq:
– …Onu müşahidə eləsən görərsən ki, Aybəniz heç nəyini hiss eləmir. Nə iri, qara gözlərini, nə ayaqlarını, nə də bu qədər dünyəvi hissləri mahir rəssam kimi ağ vərəqlərə nəqş edən əllərini, barmaqlarını… Fikri göylərdədir, kimlərinsə gözlə görə bilmədiklərini sərrast atan ovçu kimi ovlayıb endirir yerlərə, qan verir, can verir görünən edir bizləri gözə görünmədən yandırıb-yaxanları… Şeirlər, sözlər elə bil ki, Aybənizin gözlərinin içində yuxulayır onunla, oyanan kimi kirpiklərindən sallanır, şirinliyi, şərbətliyi, təkrarsız dadı incə dodaqlarına hopur. Onunla nə qədər yaxında olub ünsiyyət eləsən də hiss edirsənki, başqa aləmdədir, gözləri qəribə bir işıqla parlayır, intizarı var. Ehh, mənim dəli-dolu, ərköyün şairəm…
– … Aybəniz Əliyar yazmaq üçün seçdiyi mövzudan asılı olmayaraq bütün şeirlərində qəlbinin diktəsini dinləyir, yazmaq üçün o anı seçir ki, artıq yazmamaq mümkün olmur, duyğu sözləşmək, şairə ilə nəfəsləşmək istəyir. Və yalnız belə məqamlarda yaranan, istedadlı şairin təxəyyülü ilə yazılan şeirlər əsil sənət nümunəsi sayıla bilir.
– … Aybəniz kimi kim sevə bilər, kim sevilə bilər? Özgə bir dərdi-səri yox ki, bu Qızın şeirdən başqa, onun həyat ölçüsü şeirdir. O, şeir yazanda yaşayır…
Kitabının təqdimatı günündə Aybəniz xanımla Xəqani Poeziya evi və “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin əməkdaşlığından söz açdıq, əlaqələrin faydalı olacağına ümidvarlıq ifadə etdik.
Bir neçə gün əvvəl redaksiyamızın poçtunda Aybəniz Əliyarın şeirlərini görmək çox xoş oldu. “İsmayıllı xəbərləri” qəzeti olaraq bu qərara gəldik ki, şairənin çoxsaylı oxucuları sırasına İsmayıllıdan olan poeziya həvəskarlarını da cəlb edək.
Şahməmməd Dağlaroğlu
şair-publisist
O, şeir yazanda yaşayır...
Gözün aydın

Aprel döyüşlərinə

Gözün aydın, ay Vətən, torpağına, daşına
Azadlıq toxumunu səpə-səpə gəlirik!..
Yenə min lənət deyib yağıların leşinə,
Üçrəngli al bayrağı öpə-öpə gəlirik!..
Azadlıq toxumunu səpə-səpə gəlirik!..

Qoymayaq düşmənləri sahiblənə yurduma,
Güc yetişməz gücünə, ordu çatmaz orduma.
Hər əsgərin bir alay, hər alayın fırtına,
“Qeyrət” adlı yenilməz o mənsəbə gəlirik!..
Azadlıq toxumunu səpə-səpə gəlirik!..

Belini dikəlt, Vətən, artıq bitəcək yasın,
Qələbə havasında açılıbdır bu yazın.
Tanrıdır bizə şahid,yenə haqqın zopasın,
Düşmənlərin gözünə təpə-təpə gəlirik,
Azadlıq toxumunu səpə-səpə gəlirik!..

Azad olmalı xalqın hər bir kəndi, obası,
Bu yaralı qəlbimin yoxdur özgə dəvası.
Yerlə-yeksan olmalı şərin mənfur yuvası,
Şığıyaraq üstünə, düz hədəfə gəlirik!..
Azadlıq toxumunu səpə-səpə gəlirik!..

Atəşkəs mövqeyimiz iyirmi il sürsə də,
Düşmən “Qarabağ” adlı şirin röya görsə də,
Bizi yalan sazişlər, “sülh”lər gecikdirsə də,
Geriyə yox yolumuz, bax bu dəfə, gəlirik!..
Azadlıq toxumunu səpə-səpə gəlirik!..

İblislər dursa belə arxasında düşmənin,
Heç biri qıra bilməz döyüş ruhunu sənin.
Canına qıyılsa da bələkdə son körpənin,
Bizimlədir tam zəfər, haqq qələbə, gəlirik!..
Azadlıq toxumunu səpə-səpə gəlirik!..

İllərim

Mən ölmüşdüm, basdırmağa gəlmədi kimsə,
Güvənimi yavaş-yavaş qırdı illərim.
Bax əlimə, bax telimə, bax gözlərimə,
Möhürünü incə-incə vurdu illərim.

Bir qız idim, qadın oldum, gülmək istədim,
Bir kişinin ürəyini bilmək istədim.
Sən gec gəldin, çox gec gəldin. Gəlmək istədim,
Gələcəkdim, yolum üstə durdu illərim.

Bu yolların hər üzünə dolandı ömrüm,
Bir ağrının ocağına qalandı ömrüm,
Nəylə gəlim, bilmədim ki, talandı ömrüm,
Gedirsənmi, qalırsanmı, sordu illərim.

Bir sevdanı yaşamağa ömürmü çatar,
Ümidlərin çətin anda düşməsə yada?
Zaman sanki qanadlıydı, mənsə piyada,
Bu sevdaya nə divanlar qurdu illərim.

Bu sevgiydi, bundan özgə suçum yox idi,
Neyləyim ki, bu yollarda seçim yox idi.
Sən gedirdin, saxlamağa gücüm yox idi,
Məni elə yarı yolda yordu illərim.

Mənimdi

Gizlənməyə yer tapmadım özümdən,
Sevgi üstdə yaxalandım yenə də.
Bu dünyanı yerə çırpdım gözümdən,
Qəlpə-qəlpə oyuq açdı sinədə.

Yoldaş tutdum rüzgarların atından,
Ayağımı çınqıl dəlir, daş dəlir.
Hara qaçım bu Allahın altından?
Hara qaçsam sevgi mənə tuş gəlir.

Harda sevgi ətri varsa, mən varam,
Harda sevda çiçək açsa mənimdir.
Bir həsrətə nə vaxtdır ki, simsaram,
Bu yollardan hara qaçsa mənimdir.

Olmadı

Məni səndən yaxşı kim anladı ki,
Məni səndən yaxşı duyan olmadı.
Hissimi sənintək ovudan, canım,
Qəlbimi sənintək oyan olmadı.

Hər gün özü ilə ağrı gətirdi,
Ümid qazandırdı, zaman itirdi.
Bu qəm ürəyimi yeyib bitirdi,
Bir kimsə yetişib həyan olmadı.

Aşiqlər doymayıb sevən könüldən,
Ətəyi ipəkdən, koftası tüldən.
Ətiri məst edən bu qönçə güldən,
Bir ömür qoxlayıb doyan olmadı.

Səni tapmadım

Duman gəldi qatar-qatar,
Г‡ən gəldi, səni tapmadım.
Yollar gözümün ağına
Tən gəldi, səni tapmadım.

Gəldin nə vaxt, getdin haçan,
Ey ömrümə nurtək saçan?
Tellərimin ucunacan
Dən gəldi, səni tapmadım.

Dərdmi hopdu ötən günə,
Qaldıq belə dinə-dinə?
Sonda mən gəldim ömrünə,
Mən gəldim, səni tapmadım.

Günah

Bu vücudu eşq oduna,
Yandırma, günahdı, günah!
Ürəyim tale aynası,
Sındırma, günahdı, günah!

Yollarım yenə dumandı,
Ürəyim ağlar kamandı.
Od tutub yanır, amandır,
Söndürmə, günahdı, günah!

Vücud bir ağrı içində,
Arzular xəyal köçündə.
Adın dilimin ucunda,
Dindirmə, günahdı, günah!

Bələnmisən sözlərimə,
Tən olmusan gözlərimə,
Gəl, bu eşqi dizlərimə
Endirmə, günahdı, günah!
Ayrılıq

Bardaş qurub oturmuşuq,
Bir mənəm, bir də ayrılıq.
Açılır pərdə – SƏN varsan,
Qapanır pərdə – AYRILIQ.

Gülür, gözdə yaş görəndə,
Haqq yolunda daş görəndə.
Ölür xeyir iş görəndə,
Gül açır şərdə ayrılıq.

Lənət deyirəm zatına,
Kimsə yetişməz dadına.
Düşüb ayağın altına,
Sürünür yerdə ayrılıq.

Tanımır ki, dostu, yarı,
Qanmır, ha oxşa, ha sarı.
Udur bir-bir adamları
Böyük şəhərdə ayrılıq.

Yerinə

Adım hopub sətirlərdə,
Adımın naxış yerinə.
İzimin rəngin çəkmişəm,
Yolumun baxış yerinə.

Fikrim qəribdir, dolaşır,
Mənə də dərdlər yaraşır…
Dən-dən tellərim bulaşır,
Saçının gümüş yerinə.

Deməsinlər nə yazmışam,
Mən bu taledən bezmişəm.
Sənin rəsmini asmışam,
Gözümün gülüş yerinə.

Nəyim varsa çullamışam,
Kəndirimdən sallamışam.
Gözlərimi yollamışam,
Göylərin yağış yerinə.

Kim dedi ki, oyanmışıq?
Biz bu dərdə boyanmışıq,
Gəlib yenə dayanmışıq,
Gecənin öpüş yerinə.

Məni də qoy susdursunlar,
Xəyalımda azdırsınlar.
Əllərimi basdırsınlar,
Əlinin qırış yerinə.

Sənə köynək almışam…

Sənə köynək almışam,
Nə olsun ki, küsmüşük.
Tez-tez açıb baxıram,
İşıqlanır ev-eşik…

Barışsaq göndərəcəm,
Barışmasaq da, nə qəm…
Düyməsini sayıram,
Yaxasını çəkirəm.

Bu köynəkdə var hər şey,
Var min dərdə dəva da!
Qollarını açıram,
Oynadıram havada…

Nə gözəl rəqs edirik
Tənhalığın əlində.
Daha xoşbəxt görünər,
Bilirəm ki, əynində…

Küsüşüb barışmağın
Artıq mənası yoxdu…
Nə isə, göndərim bax,
Geyin, hava soyuqdu…

Boyandı

Bu necə köç idi görən?
Can köçdü köçüm içindən.
Ağladı ağlar qoyana,
Hönkürdü içim içindən.

Nə könlüxoş, nə üzüağ,
Yüyənsizdi, getsin, burax…
Mənə tuş olan dərdə bax,
Bir belə seçim içindən…

Həsrətiyəm bir xoş səsin,
Anla, dinlə, bir az düşün.
Aç bu sevdanın körpüsün,
Bircə yol keçim içindən.

Bu ömrün yazı olmadı,
Gülməyə üzü olmadı.
Yazıya pozu olmadı,
Boylandı heçin içindən.

Darıxma

Payızdır bu, darıxma,
Ağacların toyudur.
Qurtulub yarpaqları,
Öz evinə qayıdır.

Alabəzək, qızılı,
Hətta sarıdır donu.
Eşqin ölmüşü kimi
Vağzalı yumur onu.

Rüzgarları kükrədir,
Buludlara boy verir.
Hətta sevdiyinə də
Dəvətnamə göndərir.

Payızdır bu, darıxma,
Qapıda qış dayanıb…
Yarpaqlar gəlin gedir,
Xınasına boyanıb…

Getməsin

Ona deyin getməsin,
Qorxuram ayrılıqdan.
Yollara göz dikdikcə,
Gözündən ölür adam.

Halımı görürsünüz,
Dillənməyə yox gücüm.
Onun yolun bağlayın,
Mənsiz getdiyi üçün…

Onu çəkin bu yoldan,
Bir şeylər kəsmir ağlım.
Ümidimi kəsimmi?
Azalacaqmı ağrım?

Məni kimə tapşırır?
Desin, bax, bunu desin.
Getməyin istəmirəm,
İstəmirəm,
…………. getməsin!!!

Şərh Yaz