Amerikaların kəşfi

Tarixə qısa bir ekskursiya edək. Qərbə tərəf üzməklə Hindistana çatmağa cəhd göstərən ilk avropalı X.Kolumb olub. İtaliyanın Genuya şəhəri yaxınlığında toxucu ailəsində anadan olmuş bu cəsur dəniz səyyahı öz böyük arzusunu reallaşdıra bilmək üçün İspaniyaya köçmüş, səkkiz illik inadlı mübarizədən sonra kraldan icazə və lazımi vəsaiti ala bilmişdi. Kolumb səfər zamanı kəşf edəcəyi bütün ölkələrin hökmdarı təyin olunmuş və ona əldə edəcəyi sərvətin onda birinə sahib olmaq hüququ verilmişdi.
Amerikaların kəşfi
1492-ci ilin yayında 3 karavella və 90 dənizçi ilə qərbə tərəf üzməyə başlayan Kolumb 70 gündən sonra kiçik adadan ibarət olan quru parçasına çatdı. Daha sonra onun ekspedisiyası Kuba və Haiti sahillərinə yetişdi. Kolumb bu yerlərin hamısını İspaniya kralının mülkü elan etdi.
Bu, yalnız başlanğıc idi. Kolumb 1492-1503-cü illərdə dörd dəfə Atlantik okeanı ilə qərbə üzdü. O, Kiçik Antil adalarını, Cənubi Amerikanın şimal sahillərinin bir hissəsini, Karib dənizinin cənub sahillərini tədqiq etdi. Kolumb kəşf etdiyi əraziləri “Hindistan”, yerli əhalini isə “hindilər” adlandırdı. Amma onun inadla təsdiq etdiyinə baxmayaraq, buralarda Hindistana oxşar heç nə yox idi. İspan sarayına isə məhz əfsanəvi sərvətlərə malik Hindistan gərək idi. Qızıl və ədviyyatsız yerlər onu maraqlandırmırdı. İstədiklərini ala bilməyən kral Kolumbu bütün fəxri adlardan məhrum etdi. O, səyahətləri zamanı əldə etdiyi qənimətlərin hamısını satıb səfərlərinin təşkili üçün aldığı borcları ödədi. Səyyah unudulmuş və yoxsul vəziyyətdə öldü.
Г‡ox keçmədən İtaliya səyyahı Ameriqo Vespuççi sübut etdi ki, Kolumbun tapdığı torpaqlar yeni qitədir. Bu qitə haqlı olaraq sahillərinə ilk çatanın adı ilə yox, nəyin nə olduğunu anlayan və elan edən adamın adını daşımağa başladı. Sonralar mübahisə qızışdı: Amerikanı Kolumb kəşf edib, yoxsa Vespuççi? Əsrlər boyu bu məsələdə hər ikisinin tərəfdarları və əleyhdarları meydana çıxdı. Əslində müxtəlif maraqların uzanan toqquşması baş verdi. Bu məsələdə marağı olmayan adi bir oxucu kimi mənim mövqeyim belədir: Kolumb cəsurluğuna, təşkilatçılıq qabiliyyətinə, naməluma qarşı qorxmadan, inadla getmək xüsusiyyətinə görə bəşəriyyətin hörmətinə layiqdir. Amma özünün mükəmməl dənizçilik biliyinə, zəngin peşə vərdişlərinə baxmayaraq, adını əbədiləşdirmiş səyahətləri zamanı əsl kütlük nümunəsi göstərmişdir. Pifoqordan bəri Yerin kürə şəklində olması, Eratosfendən bəri isə çevrəsinin uzunluğu məlum idi. Bütün dənizçilər cihazlara və göy cisimlərinin vəziyyətinə əsasən olduqları yerin en və uzunluq dairələrini kifayət qədər dəqiq müəyyən edə bilirdilər. Gedilən yolun uzunluğunu ölçmək də çətin deyildi. Bu biliklərə kapitan və ekspedisiya rəhbəri kimi Kolumb daha artıq yiyələnmişdi. Həmçinin Hindistan və onun sakinləri haqqında bütün zəruri məlumatlara sahib idi.
Amma nə baş verdi? O, inadla bütün ölçmələrin nəticələrini öz istədiyi kimi yozdu, özünü olmadığı yerdə gördü, dünyanın tamam əks tərəfinə gəlib çıxdığını dandı. Ən təəssüf doğuranı da budur ki, dənizçilərin haqlı etirazını boğaraq, onlara and içdirdi ki, gəlib çıxdıqları yer məhz Hindistanın şərq sahilləridir. Ancaq həqiqəti and və inadla dəfn etmək mümkün deyil. Kolumbun faciəsi budur. Yeni qitənin kəşfi şərəfi onun yeni qitə olduğunu elan edən adamındır. Tarix bu cür “Kolumb korluğu” nümunələri ilə doludur. Həmin hallarda nəyisə ilk dəfə görənlər, müşahidə edənlər yox, görülənin nə olduğunu anlayan və elan edənlər zəfər çələnginə layiq görülüb. Minlərlə analoji faktlardan birini xatırlayaq.
U.L.Lourensin “İnsan və atom” kitabından (Bakı, 1975) bir hissənin məzmununu xülasə edirəm: Atom bombasının yaradılmasını, ümumiyyətlə, nüvə enerjisindən istifadəni uran atomunun parçalanması mümkün etmişdir. İlk dəfə 1934-cü ildə E.Fermi Roma universitetində rəhbərlik etdiyi qrupla uran atomlarını neytronlarla bombardman etməyə başlamış, nəticədə ağlasığmaz hadisə ilə qarşılaşmışdır. Ayrılan hədsiz enerjini fizikanın qanunları əsasında izah etmək mümkün deyildi. Nobel mükafatı laureatı olan dahi Ferminin özü də, onun təcrübələrindən xəbər tutan bir çox ölkələrin nüvə və radiokimya mütəxəssisləri də 5 il ərzində öz laboratoriyalarında uranı neytronlarla minlərlə dəfə bombardman etdilər, rastlaşdıqları hadisəyə hər cür izahlar verməyə çalışdılar, yeganə məntiqi izahdan başqa. Həmin məntiqi izah isə bu idi ki, uran atomu iki hissəyə parçalanır, onun kütləsindən iki dəfə kiçik olan elementlərin radioaktiv izotopları yaranır və bu zaman külli miqdarda (milyon dəfələrlə çox) enerji ayrılır. Fizikanın o zaman qəbul olunmuş bütün qanunlarına görə, yer üzündə atomu parçalaya biləcək heç bir qüvvə yox idi. Atomun bölünməzliyinə inam elə bir kollektiv zehni kütlük yaratmışdı ki, Günəşin qərbdən çıxıb şərqdə batdığına inanmaq daha asan idi.
Yaxşı, bəs onda uranı “top atəşinə tutandan” sonra yaranan yüngül elementlərlə: barium, lantan, sezium və digərləri ilə nə etmək lazımdır? Nüvə fizikləri və radiokimyaçılar ən fantastik fikri söylədilər: heç demə, bunlar uranın ağır izotopları və yeni yaranan transuran (93, 94, 95 və 96-cı) elementlərdir. Məsələn, məşhur İren Jolio-Küri təcrübə apardığı uran parçasında 57-ci element olan lantanı ayırmış və belə mühakimə yürütmüşdü: “Əgər bu, lantandırsa, onda, deməli, uran atomu az qala iki bərabər hissəyə parçalanmışdır. Belə şey isə ola bilməz”.
Alman alimi Otto Qan Ştrasmanla birgə tədqiqat apararkən ikiminillik daşlaşmış fikri yox, faktları əsas götürdülər. Onlar təcrübələrinin nəticələri haqqında məruzə hazırlayaraq, 1939-cu il 6 yanvarda elmi qəzetdə dərc etdirdilər. Nəticədə, uranın bölünməsinin kəşfinə görə Nobel mükafatını onu ilk dəfə bölən Fermi yox, İren Jolio-Küri yox, 5 il ərzində bu təcrübələri aparan daha yüzlərlə dahi yox, məhz Otto Qan aldı. Bu, tarixin ən ədalətli hökmlərindən biridir. Г‡ünki kəşf nəyisə müşahidə etmək, fantastik ideyalar söyləmək deyil, naməlumu olduğu kimi məlum etməkdir.
Yeri gəlmişkən, atom erasını açan həmin neytron haqqında da bəzi məlumatları yada salmaq artıq olmaz. 1920-ci ildə “eksperimental fizikanın atası” E.Rezerford öz məruzəsində nüvədə neytron adlı hissəciyin mövcud olduğunu nəzəri şəkildə söylədi. Alman alimi Valter Vot 1930-cu ildə əsrarəngiz güclü radiasiya müşahidə etdi, ancaq bunun nə olduğunu anlaya bilmədi. İngilis fiziki C.Г‡edvik isə həmin sirli şüanın neytron olduğunu sübut etdi. 1935-ci ildə bu kəşfə görə əvvəlki iki şəxsə yox, məhz ona Nobel mükafatı verildi. “Amerikalara ilk dəfə çatmaq” yox, “Amerikaların yeni qitələr olduğunu” sübut etmək –“ bax kəşf budur. Amerikanı Hindistan kimi görmək lantanı transuran element kimi görmək deyilmi?!
Hələ üstəlik Amerikanı ilk dəfə görmək, onun sahillərinə ilk dəfə çatmaq şərəfini də Kolumba aid etmək olmaz. Vikinq Xoşbəxt Leyf onu beş yüz il qabaqlayıb. Kolumb yeni torpaqlara davamlı səfərlərin və onların avropalılar tərəfindən mənimsənilməsinin pioneridir.
Oqtay İsmayıllı
Diyallı kənd tam orta məktəbinin müəllimi

Şərh Yaz