İsmayıllı yazarlarının şeir dəftərindən

Evin qadını

Evin işığıdı, yaraşığıdı,
Dadıdı, duzudu evin qadını.
Yaxşısı sərvətdi, vardı, dövlətdi,
Halal-haqq yazıdı evin qadını.
Odur el içində hörmət gətirən
Kişi şərəfinə, kişi adına.
Zaman-zaman adlı-sanlı kişilər,
Borclu olub evindəki qadına.

Əkinçidir, biçinçidir hər zaman,
Ən dar günə xırmanında dəni var.
Dərdi könlündədir, yükü çiynində,
Anadır, hər dərdə dözən günü var.

Ağ gündə ağ olar, qarada qara,
Aldanandı hərdən yar olanda da.
Bəzən bir namərdlə çürüdər ömrü,
“Yoluna göz dikər yorulanda da“.

Tanrıdan olsa da hər gözəlliyi,
Nə qədər bəzənsə yenə də azdır.
Heç kəs axtarmasın çöldə xoş günü –“–“
Ömür öz evində bahardır, yazdır.

Kişinin ən ağır dərdi, əzabı,
Qadınla bölünüb azalmalıdır.
Ən gözəl nəğmələr, gözəl şeirlər
Evin qadınına yazılmalıdır.
Nazir Ziya Talıstanlı

İkimiz kimi

Yollarına baxmaqdan
Gözlərimdə yol bitdi.
Getdiyin izlərində
Tikan bitdi, kol bitdi.

Dərə endin, yal qalxdın,
İtdin dumanda, çəndə.
Dönüb gülə, çiçəyə
Bitdin hansı çəməndə?

Kəklik bilib dağ gəzdim,
Qan axdı dizlərimdən.
Hicranına mən dözdüm,
Dərd bitdi dizlərimdə.

Dönüb ağ göyərçinə,
Uçub görünməz oldun.
Nə yerdəydin, nə göydə,
Yeri bilinməz oldun.

Baş aldın hara getdin?
Nə bitirdin, nə dərdin?
Özünə tənhalığı,
Mənə həsrəti verdin.

İllər də ayrı düşdü,
Nakam sevgimiz kimi.
Belə sevən görmədim
Elə ikimiz kimi.
Xalıq Yusifoğlu

Candan keçib

Hər son bitir mütləq bir əvvəl ilə,
Əvvələ çatırıq biz sondan keçib.
Bədən bir libasdır, ruh başqa libas,
O dona düşürük bu dondan keçib.

Əməllər məhşərdə biçilən əkin,
Tarlana çürük dən səpməkdən çəkin.
Günahın üzü xoş, batini çirkin,
Qoru paklığını sən yandan keçib.

Özün ol üzünün gözlərinə nur,
Özünə, sözünə nurdan bəzək vur.
“Allah qulu“ kimi uca ad yoxdur,
Ülviləş dünyəvi ad-sandan keçib.

Ömür səfərinin mənası nədir?
İnsan qaranlıqdan işığa gedir.
Can, cahan, puçdur, puç, ruh əbədidir,
Əbədi oluruq puç candan keçib.

Allahın rəhminə ümiddir hamı,
Məhv etmək olmayıb tanrı məramı.
Ölüm bircə anlıq yoxluq məqamı,
Ölməzlik alırıq o andan keçib.
Oqtay İsmayıllı

Qoy qalsın aramızda

Bu xoşbəxt bir sevdadı,
Qoy qalsın aramızda.
Qara xallı laləsi
Közərsin yaramızda.

Danışma, dinmə heç vaxt,
Söylən süzgün baxışla.
Bu hicranı, həsrəti
Lal sükutla naxışla.

Yağdır yağışlarını,
Qoy islanım selində.
Lal məhəbbət göyərsin
Qıfıllanmış dilində.

Qoy qalsın aramızda,
Zər kimi, ziba kimi.
Pıçıltıyla söylənən
Allaha dua kimi.

Bir sən bil, bir də ki, mən,
Səssiz könül, qəlb açaq.
Bilək ki, bu məhəbbət
Bizimdi, bizim ancaq.
Murad Məhərrəmov

Polisin

Polis gününə ithaf edirəm

Ürək açıqlığıyla car eyləyib sözünü,
Danışırlar könüldən söhbətini polisin.
Aləmlə bir eyləyib, dünyaya çatdırırlar,
Saxlanan ad-sanını, hörmətini polisin.

Gecədən xəbər tutub, olurlar səhərindən,
Baş verənlər, olanlar az olur qədərindən.
Oğrusu, dələduzu qaçammır nəzərindən
Yayındıra bilməyir diqqətini polisin.

Polislərin hər kəsə sevgisi, ehtiramı,
Sıx tellərlə bağlıdı, qırılmazdı inamı.
Elə buna görədir bəyənir, sevir hamı,
İşini, peşəsini, sənətini polisin.
Tamam Nur Tağlabiyanlı

Ələnmişəm

Zalım, sənin xəbərin yox,
Həsrətinə bələnmişəm.
Dönüb çiskinə, yağmura,
Г‡içəklərə çilənmişəm.

Bu həsrətin adı sənsən,
Bitməz eşqin dadı sənsən.
Sinəmdə köz, odu sənsən,
Bu sevdadan ölənmişəm?

Gümanım sən, pənahım sən,
Başım üstə Allahım sən.
Xoş açılan sabahım sən,
Saf sevgidən ələnmişəm.

Г‡iskinim sən, çənim ki, sən,
Bu ömrümə qənim ki, sən,
Hey deyirsən mənimkisən,
Sanki qulun, kölənmişəm!

Unut Solmaz, unut getsin,
Qoy bu bitməz sevda bitsin.
Necə edim həsrət itsin,
Bu sevdaya bələnmişəm!!!
Solmaz Şirvanlı

**
Söylənib şəninə tərif, deyirəm: “Xandı qəzəl “
Külli əşarə və şeiriyyata sultandı qəzəl.

Nə qədər göylərə qalxsan da, fəqət, yoxdu sonu,
Sanki, naməlum olan sonsuz asimandı qəzəl.

Baş vura kimsə, əgər, cuş ilə söz ümmanına,
Qərq olar bilməsə üzmək, dərin ümmandı qəzəl.

Rəbbimi mədh eləyən, Haqq sözü, ustad kəlamı,
Məzlumun naləsidir, zalimə üsyandı qəzəl.

Gah şirin nəğmə olub, nur çiləyir qəlbimizə,
Gah da bir fırtınadı, dalğadı, tufandı qəzəl.

Qəlblərin atəşini gözlərinin yaşı ilə,
Söndürüb, ram eləyir, çün, gözü giryandı qəzəl.

Qəzəlin hər sözünün ecazı var, hikməti var,
Sirrinə vaqif olarsansa əgər, candı qəzəl.

Tutaşıb hicr odu ilə alışan hər aşiqin,
İstinad eyləyib, üz tutduğu ünvandı qəzəl.

Qəzələ tənə edib, dil uzadan oldu, Roman,
Bir səməndər quşutək od tutaraq yandı qəzəl.
Roman Səfərov

Sevdim həyatı

Həyat mənə çox zülümlər edib,
Etdiyi zülmlər qədər sevdim onu.
Həyat bəzən nəyim var
tərki dünya edərək əlimdən almaq istədi.
Dünyam qədər sevdim onu.
Həyat məni sınaqlardan keçirmək üçün
bəzən dəyərdən salmaq istədi.
Dəyərli bilib sevdim onu.
Həyat məni amansızlıqla sıxdı,
zəiflədib əldən saldı.
Bütün qüvvəmi toplayaraq sevdim onu.
Sevdim, yaman sevdim həyatı.
Həyatımın hər zamanında,
hər bir anında sevdim həyatı.
Yaman sevdim…
Mehriban İbrahimova

Ramazan ayı

Bu gün niyyət axşamıdır,
Səmimiyyət axşamıdır.
Təmiz ülfət axşamıdır,
Hesabat və mizan ayı,
Xoş gəlib Ramazan ayı.

On bir ayın Sultanıdır,
Nəfsimizin düşmanıdır.
O, imanın mehmanıdır,
Savabları yazan ayı,
Xoş gəlib Ramazan ayı.

Əvvəl olub ismi nicat,
Tut orucu arzuna çat.
Orucumuzla edək cihad
Nəfsə divan tutan ayı,
Xoş gəlib Ramazan ayı.
Elnarə Günəş

İrəli

Dayanma, dur get, haydı, irəli,
Sən, ey Vətənimin igid əsgəri.
Düşməni qır get, haydı, irəli,
Sən, ey Vətənimin igid əsgəri.

Haqq kömək olsun, torpaq alınsın,
İnşallah Vətən azad olunsun.
Qələbə, zəfər marşı çalınsın,
Sən, ey Vətənimin igid əsgəri.

Qaldır göylərə Ulu bayrağı,
Öldür düşməni, al Qarabağı.
Qoyma yağıya qala torpağı,
Sən, ey Vətənimin igid əsgəri.
Nailə Yırğınçaylı

Vətənə, elə bağlıyam

Ellərə yayılan mənim səsimdir,
Şeirlər həvəsim, duyğum, hissimdir
Yüz il ömür sürsəm, deməm bəsimdir,
Dönmərəm el adlı getdiyim yoldan.

Vətənə sevgidir gözümdə gülən
Xoşbəxtdir vətənçin yaşayan, ölən,
Gəl ey vətənimin qədrini bilən,
Qoymayaq düşməyə adını dildən.

Hər kəsin qəlbində öz arzusu var,
Yollar gah daş-kəsək, gah da ki, hamar.
Ömrümə vəfalı qəlb dostlarım var,
Dostlara bir çələng hörrəm hər güldən.

Sözüm misralara axır, düzülür,
Ürəyim hər zaman elimlə gülür.
Qəlbimdə olanı dostlarım bilir,
Doymaram heç zaman Vətəndən, eldən.
Xuraman Baxış

Gələcəyəm mən

Kim bilir, bəlkə də, gələcəyəm mən,
Oturduq baş-başa, danışdıq gecə.
Bir şamtək əriyib sönəcəyəm mən,
Unutmaq istədim, söylə bəs necə?

Kim bilir, bəlkə də, gələcəyəm mən,
Oxşayıb bir anda qoxladım səni.
Yazılan şeirimi deyəcəyəm mən,
Bir gültək evimdə saxladım səni.

Kim bilir, bəlkə də, gələcəyəm mən,
Axan göz yaşını sildim bu axşam.
Səninlə oturub güləcəyəm mən,
Dağ anam, dağ atam çox darıxmışam.
Alik Dənizsevər

Şəhidlərim

Ruhumu üşüdür güllənin səsi,
Qan-qadadan doymazmı heç insanlar?
Ey Vətənim, öyün şəhidlərinlə,
Sənin də uğrunda ölənlərin var.

Dünya görür canımızı verərək,
Г‡ıxarırıq murdarları, yadları.
Şəhidlərə ağlamayın, analar,
Qəlbimizdə əbədidir adları.

Sevinməyə üzü yoxdur yadların,
Alınacaq yurdumuz, torpağımız.
Az qalıbdır, dalğalanar tezliklə,
Xankəndində üçrəngli bayrağımız.
Şəhanə Cəfərova

Г‡içəklər, güllər

Dərilib bircə-bircə, toplanıb, bağlanmısız,
Ayrılıb bağ-bağçadan könüldə saxlanmısız.
Sığallanıb min nazla, oxşanıb qoxlanmısız,
Açan xoşbəxt çiçəklər, dərilən xoşbəxt güllər.

Əllərdə tutularaq məktəbə də gəlirsiniz,
Uşaqlarla birlikdə əylənib, gülürsünüz.
İnciyə də, küsə də, naz edə də bilirsiz,
Açan xoşbəxt çiçəklər, dərilən xoşbəxt güllər.

Müqəddəs çörəyi də yeyirik masa üstə,
Xos sözü, arzunu da deyirik masa üstə.
Sizi də əziz bilib qoyuruq masa üstə,
Açan xoşbəxt çiçəklər, dərilən xoşbəxt güllər.

Siz də insanlar kimi, hər gün yaşa dolursuz,
Vaxtınız yetişəndə saralırsız, solursuz.
Müəllimin əlində daha gözəl olursuz,
Açan xoşbəxt çiçəklər, dərilən xoşbəxt güllər.
Aidə Gədəbəyli

Axtarma

Soldu açılmamış çiçəklər belə,
Gedən getdi, gülüm, daha axtarma.
Nəyi gözləyirsən ümidlə hələ,
Gedən getdi, gülüm, daha axtarma.

Kim deyir ki, gedən geri dönəcək,
Söylə daha neçə atəş sönəcək?
Arzular da, ümidlə də öləcək,
Gedən getdi, gülüm, daha axtarma.
Aytən

Şərh Yaz