Vətən cəsarətdən başlayır

Hər birimiz fərd olaraq ictimaiyyət nümayəndəsiyik. İctimaiyyətdə cərəyan edən hadisələr bilavasitə bizim bacarıqlarımızdan və düşüncələrimizdən asılıdır. Cəmiyyətin formalaşması, sağlam gələcəyə zəmanət, sağlam düşüncə və sağlam şüurdan başlayır. Bir pedaqoq kimi, daima çalışmışam ki, gələcəyimiz olan gənclərimizə özünə inam hissi aşılayım. Vətən cəsarətdən başlayır
Bir müəllimin düzgün qurduğu təlim strategiyası gələcəkdə bir cəmiyyətin davamlı uğuruna zəmin yaradır. Eyni zamanda da bir müəllimin bilərəkdən və ya bilməyərəkdən düzgün qurmadığı təlim-tərbiyə işləri bir cəmiyyəti uçuruma apara bilər. Bu səbəbdən şagirdlər arasında özünə inam hissini qabartmalı, gücləndirməliyik.
Əslində, müasir təlim olan kurikulum sistemi də şəxsiyyət yetişdirmək dedikdə, hər bir məsələnin, problemin çözümünü tapa bilən vətəndaşlar yetişdirməkdən bəhs edir. Azərbaycan xalqı tarix boyu özünə inamlı, cəsarətli qəhrəman oğullar yetişdirmişdir. Qəhrəmanlarımız və şəhidlərimiz şanlı tariximizin əsas və nümunə olan səhifələridir.
Bəs görəsən, qəhrəman olmaq üçün necə olmaq lazımdır? Əslində, qəhrəman olmaq üçün qeyri-adi bacarıq tələb olunmur. Bunun üçün Vətənini ürəkdən sevmək, əsil vətəndaş olmaq yetərlidir. Əsil vətəndaş: xalqına, dövlətinə və dövlətçiliyinə xidmət edən, həmçinin Vətəni, namusu, tarixi torpaqları uğrunda canından keçməyə düşünmədən razı olanlardır. Lakin bu, o demək deyil ki, biz əsil vətəndaş olmaq üçün mütləq şəhid olmalıyıq. Bunsuz da vətəndaşlıq borclarımızın hər birini layiqincə yerinə yetirməli, lazım gələrsə, Vətən uğrunda canımızdan keçməliyik. Necə ki, əsil qəhrəmanlıq salnaməsi olan, Azərbaycan və dünya tarixinə öz adını yazdıran Mübariz İbrahimov: – Vətən sağ olsun! – deyib öz tarixi torpaqlarımızda şəhid oldu. Mübariz İbrahimov qəhrəmanlığın yeni səhifəsini yazdı.
Müasir dövrün Koroğlusu, Nəbisi, Babəki idi Mübariz İbrahimov. O, 7 fevral 1988-ci il Biləsuvar rayonunun Əliabad kəndində doğulub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olmuşdur. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağırılmışdı. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov böyük cəsarətlə, təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək, erməni faşistlərinin çox sayda əsgər və zabitini gözlənilməz hücumla, birinci həmlədə məhv edir. Düşmənin silahlarını özlərinə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşür. Qəhrəmanımız düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur…
Bu faktları öyrəndikcə, insanın ruhu göynəsə də qürur, iftixar hissindən gözlərimiz dolur, ürəyimiz dağa dönür. Bu gün Mübariz İbrahimovun cəsarət məktəbinin minlərlə davamçıları vardır.
Prezident İlham Əliyev Milli Ordumuzn giziri – Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə sərəncam imzaladı. Mübariz İbrahimovun meyidi doğma torpaqda dəfn olunmaq üçün qarşı tərəfdən alındı. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminə prezident İlham Əliyev də qatıldı. Şəhid qəhrəman ikinci Fəxri xiyabanda dəfn olundu.
M.İbrahimov Vətən uğrunda böyük şücaət göstərmiş, tarixlərdə yaşayacaq qəhrəmanlıq nümayiş etdirmişdir. Dövlətimiz onun bu tarixi qəhrəmanlığını dəyərləndirmiş, onu 2010-cu ildə “İlin adamı” adına layiq görmüşdür.
Mübariz İbrahimov cəsarəti ilə Azərbaycan əsgərinin mübarizliyini nümayiş etdirmiş, üçrəngli bayrağımızı Vətən göylərinin ən yüksək qatına qaldırmışdır.
Təkcə bir ölməz vətəndaşımızın ömür yolunu izlədiklə görürük ki, cəsarət özünə inamdan, Vətən isə cəsarətdən başlayır.
Ziba Məmmədova

Şərh Yaz