Click here to move
Dünyaya səs salan təşəbbüs -

Dünyaya səs salan təşəbbüs

26 may 2016-cı il tarixində İsmayıllı Rayon Təhsil Şöbəsinin dəstəyi ilə Topçu kənd tam orta məktəbində “İKT imkanlarından səmərəli istifadə etməklə tədrisin keyfiyyətinin yüksəldilməsi, tərbiyə prosesində multikultural dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi yolları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirildi.
Dünyaya səs salan təşəbbüs
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan edilməsi barədə imzaladığı Sərəncama əsasən təbdirlər planına uyğun olaraq təhsil ictimaiyyəti ilə belə bir konfransın təşkili ölkəmizdən kənarda yaşayan soydaşlarımızla, eyni zamanda digər mədəniyyətləri təbliğ edən həmkarlarımızla daha sıx əlaqə yaratmağa, onları daha yaxından tanımağa və xalqın hər bir nümayəndəsinin bir-birinə qayğı və hörmətlə yanaşmağa səsləyən bir təşəbbüsdür.
Tədbirdə Rayon Təhsil Şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin fənn müəllimləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Konfransdan əvvəl iştirakçılar Vətən torpaqlarının qorunmasında canlarından keçən şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər, abidənin önünə əklil və gül dəstələri qoydular. İştirakçılar məktəbin foyesində təşkil edilmiş sərgidə kəndin və məktəbin tarixini əks etdirən eksponatlarla tanış oldular. Məktəbin müəllim və şagird kollektivinin qazandıqları uğurları əks etdirən Fəxri fərmanlar və medallardan ibarət stend və şagirdlərin əl işlərindən ibarət sərgi də xüsusi maraq doğurdu.
Konfransın birinci hissəsində məktəbin müəllimləri Azər Məmmədov (III sinif, həyat bilgisi), Tünzalə Məhərrəmova (VI sinif, ingilis dili), Aynurə Məmmədova (V sinif, informatika) , Dürdanə Bünyatova (I sinif, riyaziyyat), Sevinc Hüseynova (VII sinif, riyaziyyat), Ayşə Abdullayeva (IV sinif, Azərbaycan dili) Gülər Babayeva (I sinif, Azərbaycan dili), Ləman Səlimova (VII sinif, Azərbaycan dili), Zülfüqar Şiralıyev (IX sinif, fizika), Rəşadət Abdulov (VIII sinif, Azərbaycan tarixi), Cəmilə Qəribova (VIII sinif, coğrafiya) açıq dərsləri dinlənildi və müzakirə edildi.
Konfransın ikinci hissəsi Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlandı. Plenar iclası giriş sözü ilə RTŞ-nin aparıcı məsləhətçisi, Əməkdar müəllim Şəfaqət Rəsulov açaraq təlim-tədris prosesində İKT-dən istifadə imkanları, eyni zamanda, müasir dövrümüz üçün çox aktual olan multikultral dəyərlərin əhəmiyyətindən danışdı. Topçu kənd tam orta məktəbin direktoru Xavər Allahverdiyeva tədris ilində rəhbərlik etdiyi müəssisənin qazandığı böyük nailiyyətlərdən və məktəbdə İKT-dən istifadənin vəziyyətindən ətraflı məlumat verdi.
Topçu kənd tam orta məktəbinin tarixini əks etdirən videoçarx nümayiş etdirildi.
Rayon Təhsil Şöbəsinin metodisti Rəna Mirzəliyevanın “Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli müvafiq Sərəncamına uyğun olaraq rayonun təhsil müəssisələrində multikultural dəyərlərin formalaşdırılması və qorunması yolları”, Topçu kənd tam orta məktəbinin riyaziyyat və informatika müəllimi Aynurə Məmmədovanın “İKT imkanlarından istifadə etməklə “Active inspire” funksiyalarının tətbiqi təcrübəsi”, Sumağallı kənd tam orta məktəbinin tədris işləri üzrə direktor müavini Asif Seyidovun “Müasir innovasiyaların imkanlarından istifadə etməklə təhsil müəssisələrində işgüzar təlim mühitinin yaradılması yolları” mövzularında məruzələri dinlənildi.
Konfransın və açıq dərslərin ən çox maraq doğuran hissəsi məktəbin ingilis dili müəllimi Tünzalə Məhərrəmovanın VI sinifdə, riyaziyyat və informatika müəllimi Aynurə Məmmədovanın V sinifdə, ibtidai sinif müəllimi Dürdanə Bünyatovanın I sinifdə təşkil etdiyi dərslərdə dünyanın müxtəlif məktəbləri ilə skype bağlantısının qurulması idi.
Konfransı rayonumuzun bir sıra şəhər və kənd orta məktəbləri ilə yanaşı, Rusiya Federasiyasının Moskva təhsil müəssisələri şəbəkəsinə aid olan yeganə Azərbaycan məktəbi kimi fəaliyyət göstərən Kərim Kərimov adına 1583 nömrəli beynəlmiləl təhsil kompleksi, Г‡elyabinsk vilayəti 23 nömrəli gimnaziyası, Gürcüstanın Bolnisi rayonunun ən böyük kəndi sayılan Talaveri 1 nömrəli tam orta məktəbi, müxtəlif mədəniyyətləri təmsil edən Hindistan, Misir məktəbləri və Rusiyanın, Sudanda fəaliyyət göstərən Oxford məktəbinin də internet vasitəsilə bu konfransda iştirakı qarşıya qoyduğumuz məqsədə nail olmaqda vasitəçi oldular.
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti, Əməkdar müəllim Şəfaqət Rəsulovun xüsusi əməkdaşlıq dəstəyi və İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Ruhiyyə Mahmudovanın koordinatorluğu ilə baş tutan bu konfransda Topçu kənd orta məktəbində keçirilən açıq dərslər, konfransın plenar hissəsində multikulturalizm və təhsil mövzusunda söylənilən mühazirələr, təqdimatlar, İvanovka kənd tam orta məktəbinin müəllim və şagirdlərinin aidiyyəti mövzuda apardıqları təqdimat və onların Moskva məktəbliləri ilə debatı, Hindistan Gandhinagar Müəllimlər İnstitutunda ingilis dilini xarici dil kimi tədris edən ELT mütəxəssisi, Belçikada nəşr olunan Arachneed jurnalının baş redaktoru Arnav Anjarianın, Sudanda fəaliyyət göstərən Oksford məktəbinin ingilis dili müəllimi Jalaluddin Xanın internet vasitəsilə izlədikləri ingilis dili dərsinə mütəxəssis olaraq verdikləri müsbət rəy konfrans iştirakçıları tərəfindən yüksək maraqla qarşılandı. Kənd məktəbi olmasına rəğmən texnologiyalardan tədrisdə belə bacarıqla istifadə olunması və eyni zamanda belə bir konfransın təşkilinə göstərilən təşəbbüs də rəğbətlə qiymətləndirildi.
Sonda çıxış edən İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri, Əməkdar müəllim Rasim Orucov Azərbaycan təhsilinin və multikultural dəyərlərinin dünyaya inteqrasiyasında mühüm rolu olan bu cür tədbirin təşkilində əməyi olanlara dərin minnətdarlığını bildirdi. Bu cür tədbirlərin davamlı olaraq keçirilməsinin əhəmiyyətini qeyd etdi.
H.Əsədov,
metodik kabinetin direktoru,
R.Mirzəliyeva,
metodist,
R.Məmmədov,
metodist

Şərh Yaz