Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Böyük şəxsiyyətlər özündən çox mənsub olduğu cəmiyyəti, xalqını düşünən, onun xoşbəxtliyini təmin edən insanlardır. Bu baxımdan tarixdə xalqının, vətəninin tərəqqisindəki xidmətlərinə görə xaqlımızın ümummilli lideri Heydər Əliyevin səviyyəsində dayanan ikinci şəxsiyyət yoxdur. Xalqımızın həyatında keçən əsrin 60-ci illərinin sonlarından başlamış bütün mütərəqqi dəyişikliklər ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyev  və milli-mənəvi dəyərlərimiz
Heydər Əliyev fenomeni hələ ötən əsrin 60-70-ci illərindən dünya ictimai-siyasi fikrinin diqqət mərkəzində idi. 14 iyul 1969-cu ildə Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi xalqımızın yaddaşına haqqın, ədalətin qələbəsi, tərəqqiyə doğru yolun başlanğıcı kimi həkk olundu. Qeyri-adi müdrikliyi, uzaqgörənliyi və yorulmazlığı ilə qısa müddət ərzində Respublikamızı gerilikdən ön mövqelərə çıxartdı.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev yazır: ”İstər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, dünyanın siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi qalmışdır. O, Azərbaycanın ən yeni tarixində bütov bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin siyasi, iqtisadi hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir. Bu gün ölkəmizdə qazanılan bütün uğurların hamısı Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın”.
Xalqımızın həyatının bütün digər sahələri kimi milli – mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsində ulu öndərin misilsiz xidmətləri olmuşdur. Milli-mənəvi dəyərlərimzin, adət-ənənələrimizin sıxışdırıldığı, tariximzi təhrif edərək xalqımızı soykökündən ayırmağa cəhdlər edildiyi bir dövrdə imperiyanın bu siyasətinə qarşı mübarizə maarifçilik səviyyəsindən kənara çıxa bilmirdi. Bu mübarizəyə siyasi xadim səviyyəsində Heydər Əliyevədək heç kim girişə bilmədi.
1969-cu ilin iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev ilk gündən hər cür maneələrə baxmayaraq Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başladı.
Heydər Əliyev respublikamızda hakimiyyətə gələrkən milli-mənəvi dəyərlərimizi, azərbaycançılıq ideyasını qaytarmağa həm elmi, həm də siyasi cəhətdən hazır idi. Onda heç kimdə olmayan bacarıq, qətiyyət və cəsarət var idi.
Azərbaycan tarixinin XX əsrə aid geniş bir dövrü ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, təkcə Azərbaycan dövlətinin başçısı deyil xalqımızın əsil lideri idi. O, azərbaycanlı sözünü bütün dünyaya tanıtdı. O, böyük qürur hissi ilə demişdir, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. O, Azərbaycanlı olmağı ilə fəxr etdiyi kimi bütün xalqımız da onunla fəxr edirdi. Təkcə azərbaycan xalqı deyil, bütün türk, müsəlman xalqları Heydər Əliyevlə qürur duyurdu.
Ulu öndərin siyasi fəaliyyəti dərin düşüncəyə əsaslanırdı. O, xalqın mənafeyinə aid tədbirləri incə gedişlərlə həyata keçirirdi. Totalitar rejim şəraitində Azərbaycan dilinin imkanlarının genişləndirilməsi yalnız ulu öndərin bacarığı sayəsində mümkün olmuşdur.
50-ci illərdə Azərbaycana rəhbərlik edənlər milli xüsusiyyətləri bir qədər gücləndirməyə cəhd etsələr də buna nail ola bilməmişdilər. Əksinə, Mərkəzdən Azərbaycana qarşı təzyiqlər daha da gücləndirilmiş, bu cəhdlərin qarşısı alınmışdı.
Lakin, Heydər Əliyev totalitar rejim şəraitində dövlət tədbirlərində Azərbaycan dilində çıxışlar edirdi. Onun qətiyyətli mövqeyi sayəsində 1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR-in konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi. Bu, xalqımızın böyük qələbəsi idi.
Ötən əsrin 90-cı illərinin əvvəllərində respublikada hakimiyyətdə olanlar Azərbaycan dilinin adını dəyişdirərək onu türk dili adlandırdılar. Lakin, bütün varlığı ilə Azərbaycana, Azərbaycançılığa bağlı olan Ulu öndər Azərbaycan dilinin adını özünə qaytardı. Onun 2001-ci il 9 avqust tarixli sərəncamı ilə 1 avqust günü Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunmağa başlandı.
Möhtərəm prezidentimiz cənab İlham Əliyev çıxışlarının birində demişdir: “Əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, bugünkü Azərbaycanın mövcudluğu şübhə altına düşə bilərdi. Bizim xoşbəxtliyimiz, Azərbaycan xalqının xoşbəxtliyi ondan ibarətdir ki, Heydər Əliyev kimi liderimiz olubdur”.
Ulu öndər milli bayramlarımızın qeyd olunmasına xüsusi diqqət yetirirdi. O deyirdi ki, Novruz hələ qədim zamanlardan xalqımız tərəfindən yüksək səviyyədə qeyd olunmuş, təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlərin, xoş arzuların yarandığı bayram kimi qəbul edilmişdir. Əsirlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənəmizi özündə yaşadan Novruz insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, insanların bir-birinə diqqət və qayğısı kimi sağlam təməllər yaratmışdır.
Ulu öndər deyirdi, Novruz dünyada yaşayan bir çox müsəlman və türk xalqlarının ümumi bayramı kimi qeyd olunsa da, bu bayram bütün mahiyyəti etibarı ilə xalqımızın milli varlığı ilə bağlıdır.
Ulu öndərin dediyi aşağıdakı qiymətli fikirlər bu bayramın əhəmiyyətinə aydınlıq gətirir. “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığının yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam bəxş etmişdir”. Müstəqillik dövründə Novruz bayramı Ulu öndər tərəfindən dövlət bayramı elan olundu və onun iştirakı ilə hər il təntənəli şəkildə qeyd edilməyə başlanıldı. Ulu öndər Novruz günlərində keçirilən şənliklərdə iştirak edərək sadə insanlarla səmimi ünsiyyət qururdu. İndi də bu ənənə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir.
Heydər Əliyev dini bayramların, o cümlədən Qurban bayramının, Ramazan bayramının qeyd olunmasına xüsusi əhəmiyyət verirdi. O, deyirdi ki, xalqımız Qurban bayramını, Ramazan bayramını tarixin çətin dövrlərində də özünün ən əziz bayramları kimi qeyd etmişdir. Müstəqillik qazandıqdan sonra bu bayramların rəsmi bayram kimi qeyd edilməsi xalqımızın böyük oğlunun milli və dini ənənlərimizə sədaqətinin parlaq ifadəsidir.
Ulu öndərin dinimizə münasibəti ən yüksək səviyyədə idi. Sovet hökumətinin ateist siyasəti məscidlər, müqəddəs yerlərdən də yan keçməmiş onların qapılarını xalqın üzünə bağlamışdı. Ulu öndər hələ SSRİ-nin mövcudluğu dövründə hakimiyyətə gəlməsi ilə respublikamızda dinə münasibət kökündən dəyişildi. Məscidlərə, müqəddəs yerlərə, dini mərasimlərə görə qoyulan yasaq aradan qaldırılmağa başlanıldı. Respublikamız müstəqillik qazandıqdan sonra müqəddəs yerlərin və məscidlərin bərpası və təmiri məhz Heydər Əliyevin tapşırığı ilə həyata keçirildi. Bibiheybət məscid kompleksi yenidən quruldu. Ulu öndər müqəddəs günlərdə, dini bayramlarda məscidlərə gəlir, dindarlarla səmimi söhbətlər edir, onların problemlərini öyrənib həllini təmin edirdi. Mirmövsüm Ağa ziyarətgahına gələn Ulu öndər oranı ziyarət etmiş dindarlarla səmimi söhbət apararaq onların problemlərini öyrənərək həllini təmin etmişdir. 1994-cü ildə Ulu öndər Məkkə ziyarətinə gedərək müqəddəs Kəbə evini və Mədinədə Həzrəti Rəsullahın məzarını ziyarət etmişdir.
Ulu öndər müqəddəs kitabımız olan Quran barədə çox qiymətli fikirlər söyləmişdir. O demişdir ki, “Qurani-Şərifin bizə verdiyi tövsiyyələr, göstərdiyi yollar insanları paklığa, doğruluğa, sədaqətə, cəsurluğa dəvət edən tələbdir, tövsiyələrdir.
Görkəmli dövlət xadimi İslam dininin mütərəqqiliyini qeyd edərək onu insanların mənəvi dünyasının paklanmasında rolunu yüksək qiymətləndirdi. Ulu öndər deyirdi ki, “Bizim dinimiz mütərəqqi dindir. Müsəlmanlara daim xoşbəxtlik bəxş edir. Dinimiz müsəlmanları həyatlarında rast gəldikləri çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə, öz ölkəsini qoruyub saxlamağa həmişə yardım etmişdir”.
Ulu öndər mədəniyyətimizin inkişafına daim qayğı göstərirdi. Mədəniyyətin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz, teatırımız, kino sənətimiz, heykəltaraşlıq və rəssamlığımız, xalça sənətimiz və sair Ulu öndərin və respublika prezidentinin cənab İlham Əliyevin qayğısı sayəsində müasir inkişaf səviyyəsinə çatmışdır. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirdi. Azərbaycanın görkəmli mədəniyyət xadimləri hələ sovet dövründə Heydər Əliyevin qayğısı sayəsində ən yüksək fəxri adlara layiq görülmüşlər.
Sovetlər dövründə Heydər Əliyev Azərbaycanda mədəniyyətin maddi-texniki bazasının gücləndirilməsi üçün çox işlər görmüş, respublikamızda çoxlu sayda mədəniyyət evləri, kitabxanalar, kinoteatrlar, teatr binaları, muzeylər tikilmiş mədəniyyətimizin kadr potensialı gücləndirilmişdir.
Azərbaycan müstəqillik qazandıqdan sonra mədəniyyətimiz bir müddət çətinliklərlə qarşılaşdı. Lakin Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə mədəniyyətimizin yeni yüksəlişi başlandı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən istifadəçilərin üzünə açdılar.
Heydər Əliyev ideyalarının uğurları onun milli dəyərlərə, xalqın gücünə və vətən sevgisinə söykənməsinin məntiqi nəticəsdir. Bu, Azərbaycanın, bütün türk dünyasının ən böyük zəka uğuru idi.
Müstəqil Respublikamızın həyatının bütün sahələrində olduğu kimi milli-mənəvi dəyərlərimizin təbliğində və qorunmasında ulu öndərin ideyalarını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirilir.
Cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil respublikamızın dünya miqyasında qazandığı nüfuz bir daha sübut edir ki, Ulu öndərin müəyyənləşdirdiyi yolun alternativi yoxdur. Xalqımızın Heydər Əliyev ideyalarına sadiqliyi respublika prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil respublikamızı böyük qələbələrə və xoşbəxt gələcəyə doğru aparmaqdadır.
Milli-mənəvi dəyərlərimizin qorunması və təbliğində Azərbaycanın birinci xanımı, YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri vardır. Son illərdə Basqal kəlağayısının və Lahıc misgərliyinin YUNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilməsi respublika prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyavanın bu sahədə xidmətlərinin nəticəsidir.
Həyat təsdiq etmişdir ki, müdriklik zirvəsi olan Heydər Əliyevin müəyyənləşdirdiyi yol zəfər yoludur. Müəllifi olduğu müstəqil Azərbaycan dövləti respublika prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlar qazanmaqdadır. Heydər Əliyev əbədiyaşar liderdir. O, hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı, Azərbaycan dövləti yaşadıqca Heydər Əliyev də əbədi olaraq yaşayacaqdır.
Rasim Orucov,
Rayon Təhsil Şöbəsinin müdiri, Əməkdar müəllim

Şərh Yaz