Qarşıda duran təxirəsalınmaz tədbirlər

Bildiyimiz kimi, ötən il Respublikamızda “Kənd təsərrüfatı ili” elan olunmuşdu. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasda təkcə 2015-ci ilin deyil, qarşılayacağımız hər ilin “Kənd təsərrüfatı ili” kimi qəbul olunmalıdır tapşırığı möhtərəm Prezidentimizin bu sahəyə verdiyi çox böyük önəmdən xəbər verir.
Qarşıda duran təxirəsalınmaz tədbirlər
Ümumiyyətlə, aqrar sahənin inkişafına həmişə dövlətimiz tərəfindən çox böyük diqqət və qayğı göstərilmiş, ardıcıl Dövlət Proqramları qəbul olunmuş, istehsalçılara dövlət büdcəsinin vəsaiti hesabına yardımlar, subsidiyalar, güzəştli qiymətlərlə gübrələr, lizinq yolu ilə texnikalar, damazlıq heyvanlar, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə aşağı faizlə kreditlər verilmiş, əkinçiliklə məşğul olan hüquqi və fiziki şəxslər torpaq vergisi istisna olmaqla qalan bütün vergilərdən azad olunmuşlar.
Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən rayonlar üzrə aqrar siyasətin həyata keçirilməsinin təmin edilməsi, kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin təşkili, aqrar sahə ilə bağlı problemlərin həllində müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə səmərəli əməkdaşlığın qurulması məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələrinin yaradılması nəzərdə tutulmuşdur.
Artıq rayonumuzda Kənd Təsərrüfatı İdarəsi formalaşmağa başlamış, idarənin inzibati binası tikilərək istifadəyə hazır vəziyyətə gətirilmişdir.
Ölkə rəhbəri tərəfindən aqrar sahənin inkişafı ilə bağlı göstərilən çox böyük diqqət və qayğıya rayonumuzun fermerləri də öz töhfələrini vermiş və bundan sonra da bu sahəyə diqqət vermək əzmindədirlər. Belə ki, ötən il taxılçılıqla məşğul olan fermerlərimiz çox böyük uğura imza atmışlar. Rayon ərazisində ilk dəfə olaraq rekord miqdarda, 104 min 824 ton dənli-paxlalı bitkilər istehsal olunmuşdur. Orta hesabla hər hektardan 36,3 sentner məhsuldarlıq əldə olunmuşdur ki, bu da dəmyə şəraitində taxıl yetişdirilməsində çox böyük göstəricidir.
Cari ildə daha yüksək məhsuldarlıq göstəriciləri əldə etmək üçün ötən ilin payızında əvvəlki illə müqayisədə 986 hektar sahədə çox, 29312 hektar taxıl əkilmişdir ki, bunun da 21835 hektarını buğda, 7452 hektarını arpa, 25 hektarını isə çovdar əkinləri təşkil edir. Taxıl əkini sahələrinin artırılmasında Nikitin adına kolxoz xüsusilə fərqlənmişdir. Kolxoz üzrə əvvəlki illə müqayisədə 500 hektara yaxın sahədə çox əkin aparılmışdır. Kolxozun əkin sahələrinin hazırkı vəziyyəti bizə onu deməyə əsas verir ki, cari ildə daha böyük məhsuldarlıq göstəriciləri əldə olunacaqdır.
Cari ilin məhsulu üçün payızlıq taxıl əkinləri optimal müddətdə başa çatdırılmışdır. Səpinqabağı və səpinlə paralel olaraq 500 tona yaxın sahəyə fosforlu gübrələr, yaz aylarında isə 6 min hektardan artıq sahəyə 880 ton azotlu gübrələr tətbiq edilmişdir. Göründüyü kimi fermerlərlə sahələrə mineral və üzvü gübrələrin tətbiqinin artırılmasında daha çox iş görülməlidir. Sahələrə gübrə tətbiq etməzdən qabaq torpaqların tərkibi yoxlanılmalı, yalnız bundan sonra torpağa tələb olunan gübrələr verilməlidir. Bu sahədə rayon Kənd Təsərrüfatı İdarəsinin üzərinə çox böyük vəzifələr düşür və bu istiqamətdə müvafiq tədbirlər görüləcəkdir.
Yüksək məhsul əldə etməyin əsas elementlərindən biri də sahələrdə alaq otlarına qarşı mübarizə tədbirlərinin optimal müddətdə həyata keçirilməsidir. Son illərdə aparılan məqsədyönlü tədbirlər nəticəsində sahələrdə alaq otlarının miqdarı xeyli azalmışdır. Cari ildə 20 min hektardan artıq sahədə bu tədbir aparılmışdır. Lakin bəzi istehsalçılar öz sahələrinə biganə yanaşır, bu tədbiri ya aparmır, ya da optimal müddətini gecikdirir. Belə istehsalçılar mövcud vəziyyətdən ciddi nəticə çıxarmalıdırlar.
Cari ilin yaz əkini ilə əlaqədar rayonun ailə-kəndli, fermer və sahibkarlıq təsərrüfatlarında fermerlərimiz tərəfindən 874 hektar sahədə kartof, 613 hektarda tərəvəz, 423 hektarda dənli paxlalılar, 409 hektarda çoxillik otlar və digər yazlıq bitkilər olmaqla 1 may 2016-cı il tarixinə cəmi 2589 hektar sahədə əkin işləri aparılmışdır.
Əvvəlki illərdən fərqli olaraq bu il rayonumuzda ilk dəfə olaraq sənaye üsulu ilə rayonun Talıstan və Cülyan kəndlərində sahibkarlar tərəfindən 85 hektar sahədə kartof əkini həyata keçirilmiş, Almaniya Respublikasından yüksək reproduksiyalı toxum gətirilərək əkilmişdir. Bu təsərrüfatda bütün aqrotexniki əməliyyatlar mexaniki üsulla, müasir texnologiyalarla aparılacaqdır. Kartof sahələri yağış yağdıran aqreqatlarla suvarılacaqdır.
Rayonumuzda kartof istehsalının yüksələn tempini nəzərə alaraq karfof emalı zavodunun tikintisi davam etdirilir. Müəssisədə kartofla yanaşı digər meyvə-tərəvəz məhsullarının da emalı həyata keçiriləcəkdir. Müəssisənin sentyabr ayında istehsala başlayacağı nəzərdə tutulmuşdur.
Tərəvəzçiliyin inkişafı ilə əlaqədar rayonda son illərdə ardıcıl tədbirlər həyata keçirilir.
Bu sahə əmək tutumlu və gəlirli sahələrdəndir. Son illərdə rayonumuzda açıq sahə tərəvəzçiliyi ilə yanaşı örtülü torpaq-istixana tərəvəzçiliyi də inkişaf etdirilir. Hal-hazırda rayon ərazisində 61 təsərrüfatda tərəvəz və çiyələk istixanaları fəaliyyət göstərir.
Açıq tərəvəzçiliyin təşkili istiqamətində də işlər davam etdirilir. Hal-hazırda Kürdmaşı kəndində “İsmayıllı tərəvəzləri” MMC tərəfindən 100 hektar sahədə əkin işləri aparılır. Bunun 80 hektarını 8 çeşiddə kartof əkinləri, 20 hektarını isə hərəsi beş hektardan ibarət olmaqla soğan, kök, çuğundur, kələm əkinləri təşkil edir. May ayının 10-dək əkin işləri başa çatdırılıb. Əkin sahələrində ən müasir suvarma texnologiyaları tətbiq olunacaq və cəmiyyət tərəfindən saxlama və servis xidmətləri üçün qarajlar, eləcə də uzun müddətli tərəvəz saxlanılması üçün kamera tikiləcəkdir.
Rayonda ənənəvi sahə hesab edilən və əhalinin gəlir mənbəyi olan meyvəçilik də inkişaf etdirilir. Cari ildə rayonun Qalınçaq kəndində 11 hektarda müxtəlif meyvə sortlarından ibarət intensiv meyvə, Quşencə kəndində 5 hektar sahədə qoz bağı salınmış, rayonda meyvə bağlarının sahəsi 1165 hektara çatdırılmışdır.
Məlum olduğu kimi, üzümçülük sahəsində rayonumuz vaxtilə respublikada qabaqcıllar sırasında idi. Ulu öndərin hakimiyyətə qayıdışından sonra gəlirli, əmək tutumlu və mühüm sahə olan üzümçülük yenidən inkişaf xəttini götürmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğısı nəticəsində 2012-ci ildə “Azərbaycan Respublikasında üzümçülüyün inkişafı” Dövlət Proqramı qəbul edilmişdir. Proqramın icrasından irəli gələn vəzifələrlə bağlı rayonumuzda son illərdə 300 hektar sahədə yeni üzüm bağları salınmışdır ki, bu prosses hal-hazırda davam etdirilir.
Cari ilin yaz aylarında Kürdmaşı kəndində fəaliyyət göstərən “Kənd” MMC tərəfindən 40 hektar sahədə filloksera zərərvericisinə davamlı sortlardan ibarət yeni üzüm bağı salınmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2016-cı il tarixdə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması ilə əlaqədar zəruri tədbirlərin görülməsi, eləcə də ölkəmizdə qeyri-neft sektorunun ənənəvi sahələrindən olan tütünçülüyün və ipəkçiliyin dirçəldilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsini bir vəzifə olaraq qarşıya qoymuşdur.
Rayonumuzda da tütün əkini və barama yetişdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilməsinə başlanmışdır. Belə ki, 5 hektar sahə tütün əkini üçün ayrılmış və şumlanmışdır. Tütün əkini rayonun Qurbanəfəndi, Qalınçaq, Təzəkənd kəndlərində aparılacaqdır. Təzəkənd və Topçu kəndlərində tütün şitilliyi salınmış, şitilliklərdə müvafiq aqrotexniki tədbirlər həyata keçirilmişdir.
Barama yetişdirilməsi ilə əlaqədar kümçülərin siyahısı dəqiqləşdirilmiş, yem ehtiyatı müəyyən edilmiş, 30 qutu barama qurdu gətirilərək kümçülərə paylanmışdır.
Cari ilin taxıl biçini mövsümünə hazırlıq məqsədilə rayon Aqroservis filialında 14 ədəd, digər hüquqi və fiziki şəxslərdə isə 59 ədəd olmaqla cəmi 73 ədəd taxılbiçən kombayn saz vəziyyətə gətirilmişdir.
Rayonda bitkiçilik sahəsi ilə yanaşı heyvandarlıq sahəsində də yeni istehsal müəssisələrinin yaradılması, damazlıq-seleksiya tədbirlərinin təşkili və baytarlıq profilaktika tədbirlərinin aparılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Hal-hazırda Keyvəndi kəndində “Azza-aqro” şirkəti tərəfindən 1500 başlıq müasir heyvandarlıq kompleksinin tikintisi istiqamətində işlər davam etdirilir. Artıq sağıcı evi, inzibati bina tikilib istifadəyə hazır vəziyyətə gətirilmişdir. İlkin variantda 300 başlıq tövləni istifadə üçün betonlanmış, arakəsmələrin təşkili işləri aparılmışdır.
Kompleksə gətiriləcək heyvanların yemlə təmin olunması məqsədilə 400 hektar sahədə taxıl və yem bitkiləri əkilmişdir. Hazırda əkin sahələrinə Hollandiyadan dəvət olunmuş mütəxəssislər tərəfindən baxış keçirilir.
Qalınçaq kəndində isə illik istehsal gücü 1000 ton olan hind toyuğu quşçuluq fabrikinin tikintisi aparılır,
profilaktika tədbirləri həyata keçirilir. Yaz yun qırxımı kompaniyası isə başa çatmaq üzrədir.
Əminliklə deyə bilərəm ki, rayonumuzun iqtisadiyyatının əsasını təşkil edən aqrar sahənin daha yüksək göstəricilər qazanması yolunda bütün qüvvə və bacarığımızı əsirgəməyəcəyik.
Həsən Həsənov,
İsmayıllı Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi

Şərh Yaz