Qələbə xəbəri yaralarıma məlhəm oldu

Biliyimiz kimi, Böyük Vətən müharibəsində azərbaycanlılar da iştirak ediblər. Qələbədə soydaşlarımızla bərabər Bakı neftinin də böyük rolu olub. O qanlı-qadalı illərdə 600 min azərbaycanlı alman faşizminə qarşı vuruşub, qəhrəmanlıq göstərib. Belə döyüşçülərdən, qəhrəmanlarımızdan biri yaxından tanıdığım Mirzəyev Sədrəddin Fərzalı oğludur.
Qələbə xəbəri yaralarıma məlhəm oldu
Tarixin o acı səhifələrini şəxsən vərəqləmiş bu ağsaqqaldan 71 il əvvəl qazanılmış qələbə haqqında təsüratları eşitmək, öyrənmək üçün Sədrəddin babanın qonağı oldum. Ondan həyatının müharibə ilə bağlı illərini qısa da olsa danışmasını xahiş etdim. O, köks ötürdü və :
-1926-cı ilin may ayının 12-də Gürcüstanın Bolnisi rayonun Darbaz sovetliyinin Yuxarı Güleyr kəndində anadan olmuşam, – dedi. Araya düşən sükutu pozdum:
– Nə vaxt müharibəyə getdiniz? – deyə soruşdum:
– Müharibəyə məni 18 yaşımda aparıblar.Yaxşı yadımdadır. 1944-cü ilin noyabrın 11-də getdik, 110-cu Tbilis polkuna düşdüm. Orada aprelin 27-nə qədər təlim keçdik. Aprelin 28-də müharibəyə getdim. 61-ci divizyada vuruşurdum. Hər günümüz amansız döyüş və dəhşətlərlə axşam olurdu.
– Biz müharibəni kinolarda görmüşük. Doğrudanmı müharibə çox dəhşətli keçirdi?
– Bəs necə, mənim balam?! Müharibə ölüm-itim, fəlakət, dağıntıdır. Topların partlayış səsi, yaralıların fəryadı hələ də qulaqlarımdan getməyib.Yaralananların çoxu qan itirməkdən ölürdü.
– Döyüş bölgələrində dərman, həkim yox idimi?
– Həkim var idi. Amma dərman bəs etmirdi, yaralanan çox olurdu. Yarasına mikrob düşənləri sağaltmaq olmurdu.
– Bəs sizin müharibədən “yadigar”ınız varmı?
– Bəli, mənim balam. 1945-ci il mayın 7-də hər iki dizimdən qəlpə yarası aldım. İki gün sonra Qələbə xəbərini eşitdim. Bu xəbər sanki yaralarıma məlhəm oldu. Polşanın 16-79 nömrəli xəstəxanasında müalicə olundum.
– Vətəndən, eldən uzaq olduğunuz vaxtlarda yaxınları, döğmaları yəqin ki, tez-tez xatırlamısınız, eləmi?
-Əlbəttə, başqa cür necə olardı ki? Döyüşənlər, arxa cəbhədə olanlar da bir qarın ac, bir qarın tox davanın bitməsini gözləyirdi. Nəhayət, 1945-ci ildə müharibə bitdi. Sülhsevər insanlar Qələbəni bayram etdi. Qalib ordunun əsgərləri evlərinə döndülər. Mən isə yarama görə 1947-ci ildə evə qayıda bildım.
– Müharibədən sonra nə işlə məşğul oldunuz?- deyə maraqla müsahibimə sual verdim.
-1947-ci ildən sonra Gürcüstanın Rustavi şəhərində sürücü işlədim. Daha sonra sənətimi öz kəndim olan Güleyr kəndində davam etdirdim. 1965-1973-cü illərdə yun anbarında, daha sonra isə Kazareti rayonunda işlədim. 1990-cı ildə oradan azərbaycanlıları məcburi köçürdəndə mən də köçməli oldum.Yaxşı ki, həmin il təaqüdə çıxmışdım. O, vaxtlar ailəmlə birlikdə Bakıya, daha sonra isə İsmayıllıya gəldim. 2014- cü ilə qədər arıçılıqla məşğul oldum.
Baba şirin-şirin danışır, məni isə bir şey düşündürürdü: Görəsən, bu 90 yaşlı müdrik insanın nəvəsi, nəticəsi varmı? Düşündüklərimi ona açıqlayanda gülümsəyərək cavab verdi:
– Əlbəttə, ağıllı balam. 5 övladım: 2 oğlum, 3 qızım var. Hamısı da ali təhsilli və ailəlidir. O ki qaldı nəvə-nəticəyə: 9 nəvəm, 10 nəticəm var. Qoca babanı yormamaq fikri ilə sonuncu sualımı verdim:
-Yəqin ki, onlar sizin kimi babaları olduğu üçün fəxr edirlər. Bir məktəbli kimi mən Sədrəddin baba ilə fəxr etdiyimi özünə etiraf etdim.
Bununla da söhbətimiz yekunlaşdı.
Qələbə xəbəri yaralarıma məlhəm oldu
Xəyalə Məmmədova,
şəhər 5 nömrəli tam orta məktəbinin 8-ci sinif şagirdi

Şərh Yaz