Rza İsmayılov – 80 Xalqına xidmət etmiş oğul

Təbiətə baxışları müxtəlif olduğu kimi, insanların xarakteri, qismət və dünyagörüşləri də müxtəlifdir. Elə insanlar vardır ki, çox ömür yaşasalar, imkanlı olsalar da başqalarının işinə yarayıb, ömrü boyu bircə dəfə də kimdənsə “sağ ol” sözü eşidə bilməyiblər. Amma elə insanlar da vardır ki, az yaşamalarına baxmayaraq heç vaxt unudulmur, əməllərinə görə xalqın qəlbində əbədi yer tuturlar. Belə insanlardan biri anadan olmasının 80 illiyini keçirdiyimiz Rza Mövlan oğlu İsmayılovdur.
Rza müəllim böyük varlığı ilə xalqına, vətəninə elinə, obasına, ailəsinə geniş mənada dövlətinə və dövlətçiliyə bağlı insan olub.
Rza İsmayılov - 80   Xalqına xidmət etmiş oğul
Rza İsmayılov 1936-ci ilin aprel ayının 27 də İsmayıllı rayonunun əsrarəngiz gözəlliyi ilə seçilən Qalacıq kəndində anadan olmuşdur. Qalacıq kəndi özünün saf, sədaqətli, mərd və etibarlı insanları ilə tarixən məşhur olan bir məkandır. Təbii olaraq, belə bir məkanda dünyaya göz açan Rza rəftarı, dünyabaxışı, insanların münasibətinə görə başqalarına nümunə olacaq bir şəxs kimi formalaşmalı idi. Artıq bu xüsusiyyətlər onda məktəb illərindən başlayaraq özünü büruzə verirdi.
İlk təhsilini doğma Qalacıq kənd orta məktəbində almağa başlamış və 7-ci sinfi bitirdikdən sonra təhsilini İsmayıllı rayonunda 1 nömrəli orta məktəbdə davam etdirmişdir. Orta məktəbi əla qiymətlərlə başa çatdırdıqdan sonra həmin il yəni, 1953-cü ildə sənədlərini Kirovabad (indiki Gəncə) Kənd Təsərrüfatı İnstitutunun zoomühəndislik fakültəsinə vermiş və yüksək qiymətlərlə instituta qəbul olmuşdur. 1958-ci ildə institutu əla qiymətlərlə bitirib təyinatla İsmayıllı rayonuna qayıtmış və rayon rəhbərliyinin göndərişi ilə doğma Qalacıq kəndindəki “Engels” adına kolxozda zootexnik kimi işə başlamışdır. İşlədiyi müddətdə özünü savadlı, işini bilən gənc kadr kimi göstərə bilmiş, kollektivdə dərin hörmət qazanmışdır.
Rza İsmayılov - 80   Xalqına xidmət etmiş oğul
Rayon rəhbərliyi gənc kadrın fəallığını nəzərə alaraq onu irəli çəkməyi məsləhət görmüş və az müddətdən sonra İsmayıllı rayon Kənd Təsərrüfatı Müfəttişliyində zootexnik vəzifəsinə təyin etmişdir. Gənc kadr kimi işində prinsipial olduğunu, bilik və bacarığını öz işinə tətbiq edərək təcrübə qazandığını və bu təcrübədən səmərəli istifadə etdiyini müşahidə edən rayon rəhbərliyi ona dayaq olmuş, perspektiv inkişafına yaşıl işıq yandırmış və daha geniş imkanlar əldə etməsinə meydan açmışdır. Yaradılan imkandan bəhrələnən Rza İsmayılov ona göstərilən etimadı öz işi, bacarığı, savadı və qədirbilənliyi ilə həmişə yüksək tutmuş, ona dayaq duran insanları dəyərləndirmiş və heç zaman unutmamışdır.
Təşəbbüskarlığı, təşkilatçılığı, professionallığı və hadisələri qabaqlayaraq tez nəticə çıxarması, istənilən məsələdə qərara gələ bilməsi, sonradan həyatda irəliləyərək müxtəlif vəzifələrə yüksəlməsinə zəmin yaratmışdır.
Rza İsmayılov hamıya nümunə ola biləcək sadə bir həyat tərzi keçirmişdir. O heç vaxt var-dövlət yığmaq, rüşvət almaq, özünə dəbdəbəli həyat şəraitini qurmaq, bahalı malikanələr tikdirmək arzusunda olmamış, adi və sadə həyat şəraiti ilə kifayətlənmişdir. O həmişə təhsilə yüksək qiymət verərdi. Altı övladının ali təhsilli olması və bunlardan 2 nəfərinin elmlər namizədi kimi yüksəlməsi fikrimi bir daha təsdiq edir.
Rza müəllimin həyatda istəyi harada olmasında asılı olmayaraq sədaqətli və etibarlı dostlar qazanmaq idi. Dostlarının gücündən istifadə edərək Azərbaycanın hərtərəfli inkişafına nail olmaq uçun bir yumruq kimi birləşərək xalqın firavanlığına öz töhfəsini verməyə çalışırdı.
Rza İsmayılov - 80   Xalqına xidmət etmiş oğul
Rza müəllim bütün varlığı ilə mənalı ömrünü xalqına dövlətinə, dövlətçiliyə xidmət etmiş əsil dövlət adamı idi. O, təkcə Qalacığın, İsmayıllının deyil, tam şəkildə, özünün təbirincə desək, yumruq kimi birləşmiş Azərbaycan xalqının oğlu idi.
Rza İsmayılov 1999-cu ilin may ayının 9 da vəfat etmişdir. Dünyasını dəyişənə qədər bütün varlığı ilə xalqına xidmət etmiş, yoldaşlarına qarşı vəfalı olmuşdur. O, vəfat edəndə evdən gedənlərdən deyil, eldən gedənlərdən olmuşdur. Rza müəllimi son mənzilə yola salmaq üçün dəfn mərasiminə gəlmiş insan axını və izdiham bir daha sübut edirdi ki, o şərəfli və mənalı ömür sürüb. Onu tanıyanlar –“ dostları, yaxın qohum-əqrəbası mənəvi borc kimi həmin dəfn mərasimində yaxından iştirak etdi.
Rza İsmayılova Allahdan rəhmət diləyirik.
Allah ona rəhmət eləsin. Yeri cənnət olsun. Qəbri nurla dolsun. Övladları və yaxınları səbirli olsunlar, onunla fəxr etsinlər.
Rza İsmayılovun xatirəsini əziz tutanlar –“ Qalacıq kənd sakinləri adından onun 80 illik yubileyini keçirmək üçün bizə belə gözəl bir şərait yaratdığına görə İsmayıllı rayonunun rəhbərliyinə, RİH aparatının işçilərinə və bu işdə zəhməti olan hər kəsə minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.
Bəxtiyar Rəhimov,
Qalacıq kəndi

Şərh Yaz