Xatirə gecəsi keçirilib

Qalacıq kənd tam orta məktəbində bu kənddə dünyaya göz açmış, uzun illər dövlət qulluğunda çalışmış, işlədiyi hər bir sahədə ona göstərilən etimadı əməlləri ilə doğrultmuş Rza İsmayılovun aprel ayının 25-də kənd sakinləri və məktəblilərin iştirakı ilə xatirə gecəsi keçirilmişdir. Pensiyaçı müəllimlər Bəxtiyar Rəhimov və Nuralı Cavadov R.İsmayılov barəsində xatirələrini söyləmiş, onu xarakterizə edən müsbət keyfiyyətlərindən danışmışlar.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova çıxışında göstərmişdir ki, İsmayıllı rayon İcra Hakimiyyətinin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa xidmət tapşırığını məsuliyyətlə yerinə yetirir, insanlara böyük dəyər verir, əməkdə, elmdə, sənətdə, yaradıcılıqda xüsusi xidmətləri ilə seçilənlərin yubileylərini, dünyasını dəyişənlərin xatirə gecələrini keçirir. Yaranmış və davam etdirilən ənənəyə hörmətin nəticəsidir ki, bu gün Rza İsmayılovun 80 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilir. Gənclərə elə-obaya baş ucalığı gətirən insanlar daha yaxından tanıdılır. Keçmişi bu günə gətirməklə biz gələcəyimizin yolunu daha da genişləndiririk.
Dövlət qulluğu veteranı Valeh Salehov, RİH-nin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, əslən qalacıqlı Rüstəm Səmədov da xatirə gecəsində çıxış ediblər.
Kənd qəbirstanlığında uyuyan Rza Mövlam oğlunun məzarı və keçmişdə yaşadığı ev ziyarət edilib.
Rövşən Yəhyayev

Şərh Yaz