Yaddas kitabcasi

O bu dağlara bir də qayıtmadı

Səməd Vurğun – 110
(Əvvəli ötən sayımızda)
Yola çıxdıq. Əlipaşa kişi Həsənə: – a bala, tez get Sadayı da çağır, diribaş uşaqdır, bizimlə getsin.
– Siz gedin, biz Sadayla gəlib çatarıq. Biz kənddən çıxanda Həsənlə Saday bizə çatdılar. Günəş artıq qarşıdakı dağı şəfəqlərə bürümüşdü. Əlipaşa kişi üzünü Sadaya tutub:
– Saday, sən bu dağları qarış-qarış gəzmisən. Biz gedib Qaranlıq dərənin yollarını kəsəcəyik. Sən çıxacaqsən Qasım yoluna, Həsən səndən iki yüz metr aşağıda, yəni Daşlı dərəylə yuxarı qalxacaq. Sarı kişi də El yolu yuxarı gedəcək. Sürək edərsiniz. Yaxınlığınızdan heyvanlar bizi tərəfə yox, Sarı kişi tərəfə, El yoluna töküləcəklər. Bərəni tutan Sarı kişinin gülləsi boşa çıxan deyil. Hə qoçaqlar, yola düzəlin. Bir saatdan sonra səsləyərsiniz, ara məsafəsini saxlayarsınız.
O bu dağlara bir də qayıtmadı
Əlipaşa, Səməd, Osman və Rəsulov yuxarı qalxdılar. Hərə öz mövqeyinə tərəf getdi. Bir qədər gedəndən sonra El yoluna çatdıq. Mən oturub tütün kisəmi çıxarıb bir eşmə eşdim. Günəş Canalı dağını və ətrafı nura qərq etmişdi, təbiətin sehrinə düşmüşdüm, xəyalların qanadında uçurdum. Bu dəm Həsənin səsi məni xəyallardan ayırdı, bir qədər irəlilədim. Bu anda Həsənin həyacanla: – qoyma, qoyma, heyvanlar aşağı gəlirlər deyən, – səsini eşitdim.
Mən tüfəngimi hazır vəziyyətdə tutub diqqətlə üzü yuxarı baxırdım ki, bir neçə cühürün üstdən aşağı gəldiyini gördüm, düz üstümə gəlirdilər. Qabaqda gələn təkəni nişan aldım, tüfəngin açılmağı ilə təkə yıxıldı, o birilər dərəyə tərəf qaçdılar. Yuxarı qalxdım, cühürün çabaladığını gördüm, bıçağı cibimdən çıxarıb başını kəsdim. Ayaqlarından tutub dərədən axan suyun yanına apardım. İstədim dərisini soyam, fikirləşdim ki, qoy şairlər də gəlsinlər. Fit verib yoldaşlarımı çağırdım. Həsənlə Sadayın mənə yaxınlaşdığını gördüm: – hə, qoçaqlar, sizin sayənizdə ovumuz boşa çıxmadı, – dedim. Bir eşmə eşdim, bir qullab vurmuşdum ki, o biri yoldaşlarımız da gəlib çıxdılar. Səməd əyilib cühürün buynuzlarının haçalarını saydı. Hər buynuzun beş haçası vardı. Üzünü mənə tutub: – deməli, beşillikdi bu cühür, – dedi.
Səməd sanki böyük günah iş görmüş kimi özünü çox narahat hiss edirdi. Səməd: – bu cür heyvana necə qıydın, – dedi.
– Əgər atmasaydım hamınız məni günahkar sayacaqdınız.
Rəsulov söhbətə müdaxilə edib: – indi Sarı kişini məsuliyyətə cəlb edərəm, onda görər, – dedi. Hamı gülüşdü.
Əlipaşa kişi cibindən bıçağını çıxarıb: – nə durmusunuz, kömək edin, heyvanı soyaq. –“ Həsən, sən də Sadayla odun, ocaq tədarük et, – dedi.
Səməd Vurğun yıxılmış ağacın üstündə oturub bir papiros yandırdı. Əlipaşa kişi cühürün içalatını çıxarıb mənə tərəf uzatdı: – götür, yaxşıca doğra, çək şişə.
Cühürün içalatını alıb doğradım. Sadayın düzəltdiyi çubuq şişlərə çəkdim və Həsənə uzatdım. Kababın iyi meşəni bürümüşdü. Səməd papirosun kötüyünü ocağa atıb:
İxtiyar dağların döşündə meşə,
Qayalar yüksəkdən baxır keçmişə,
Ağaclar baş-başa çatılmış burda,
Günəş salam verir, bu doğma yurda.
Hamı bir ağızdan: – afərin, – dedi. Rəsulov bişmiş şişlərdən birini götürüb Səmədə uzatdı: – buyurun, baxın bişibmi? Səməd şişi alıb Osmana tərəf baxıb: – Osman, o dərmandan qalıbmı? Osman cibindən bir konyak çıxarıb: – stəkan yoxdur, al çək başına, – deyərək şüşəni Səmədə uzatdı. Səməd şüşəni alıb yerə qoydu, çantasından cibdə gəzdirilən dörd künc bir qutu çıxarıb ondan stəkan hazırlayıb konyak süzdü. –“ Al, iç, – deyə stəkanı Rəsulova uzatdı. Rəsulov stəkanı əlinə alıb: – bu gün mənim ən əlamətdar günümdür, sizin kimi şairlərlə, bu gözəl insanlarla bir yerdəyəm, sizin sağlığınıza, – deyib, stəkanı başına çəkdi və lavaş çörəyin üstünə çəkilmiş kababı ağzına qoydu. Boş stəkanı Səmədə uzatdı: – növbə sizindir. Səməd stəkanı doldurub Osmana uzatdı. Osman stəkanı əlinə alıb: – bu gözəl diyarın, gözəl insanlarının sağlığına, deyərək stəkanı başına çəkdi. Səməd növbəti stəkanı mənə uzatmaq istəyirdi ki, Rəsulov: – o namaz qılandır, içki içmir, – dedi. Mən bu sözdən çaşıb qaldım. Rəsulov mənim bu vəziyyətimi görüb əlavə etdi:
– İki il əvvəl sənin qonşun gəlib mənə məlumat vemişdi ki, sən mövhumatçısan. Sənin mərdliyinə, bacarığına görə bu işi qulaqardına vurdum. Arxayın ol, məndən sənə xata toxunmaz.
Ocaq başında kabab yeyə-yeyə xeyli söhbət etdik. Əlipaşa kişi uşaqlara ocağı söndürməyi tapşırdı və yerindən qalxıb: – yolçu yolunda gərək, – dedi. Kəndə tərəf üz tutduq. Artıq kənd evlərində işıqlar yanırdı. Əlipaşa kişinin darvazasına çatanda Rəsulov: – bizim atları gətirin, – dedi.
Əlipaşa kişi üzünü bizə tutub: – çay içməmiş gedirsiniz? -soruşdu. Mən: -artıq gecdir, yolumuz da uzaqdır, – deyə cavab verdim. Biz doğma adamlar kimi ayrılan zaman Səməd qazax ləhcəsiylə: -ayə Bakıya, bizə qonaq gəlin. Gözləyəcəyəm ha, – dedi. – Gələn görüşlərə qədər, – deyib atlara mindik. Rayona çatana qədər Rəsulovla ancaq bir günlük onlarla keçirdiyimiz unudulmaz anlardan danışdıq. Kəndimizə gedən yola çatanda Rəsulov atını saxlayıb, əlimi bərk-bərk sıxaraq: – üç gündən sonra rayona gəlsən mənə dəyərsən, – dedi. -oldu, gələrəm, -dedim.
Yol uzunu bugünkü təəssürütları xatırlaya-xatırlaya kəndə nə vaxt çatmağımı hiss etmədim. Onun dalğın saçları, mənalı gözləri, qarayanız sifəti, söylədiyi şeirlər gözlərimin önündə təkrar-təkrar canlanırdı.
Səhərisi günü qonşunun uşağı məni səsləyib dedi ki, küçədə səni gözləyənlər var. Üç nəfər idilər. İdarəmizin mühəndisini tanıdım, iki nəfər isə Bakıdan gəlmişdi. Tanış olduq. Mənim nəzarətimdə olan meşələri təftiş etməyə gəlmişdilər. Dörd gün meşələri gəzdilər. Şükürlər olsun ki, ciddi qanun pozuntusu qeydə alınmadı. Mənə təşəkkür edib getdilər.
Yadıma düşdü ki, axı Rəsulovun qəbuluna getməli idim. Səhər tezdən rayona getdim. Əvvəlki kimi, tüfəng də çiynimdə Rəsulovun kabinetinin qapısını döydüm. İçəridən: – gəlin! səsi eşidildi. Mən içəri girəndə Rəsulovun yerində başqa adam gördüm, az qala özümü itirəm. Rəsulovun yerində oturan hərbi formalı adam ayağa qalxıb: – Sarı kişi, gəl, otur, – dedi. Məəttəl qalmışdım, birinci dəfədir məni görür, adımı hardan bilir. Mənim çaşdığımı görüb: – narahat olma, sənin haqqında Rəsulov mənə məlumat verib. Deyirdi ki, rayonda yeganə adamdır ki, mənim kabinetimə silahla girir. Silahla içəri girməyindən bildim ki, bu sənsən. O, səni çox gözlədi, onu Bakıya çağırdılar, vəzifəsini böyüdüblər. Sənin üçün bir balaca bağlama qoyub, – dedi. Stolun daxılından bir bağlama çıxarıb mənə uzatdı. –“ Oturun, niyə ayaq üstə durmusan, mənə stul göstərdi. Əlini mənə uzadıb: – mayor Paşayev, deyərək özünü təqdim etdi. Bundan sonra bu qapı sənin üzünə açıq olacaq. Rəsulov, ya da mən fərq eləməz, mənə etibar edə bilərsən. Az qala yadımdan çıxmışdı, Rəsulov tapşırdı ki, Bakıya gəlməli olsa, mütləq bu ünvana gəlsin, – deyərək mənə kiçik bir kağız parçası uzatdı. Oturub xeyli söhbət etdik. Ata minib kəndə yola düşdüm. Yol boyu son günlərin xatirələrini düşünürdüm.
Evdə Paşayevin mənə verdiyi qutunu açdım, orada iyirmi ədəd patron, gümüşü rəngdə papiros qabı və həmin rəngdə də alışqan, bir vəsiqə vardı. Orada yazılmışdı: “Bu vəsiqənin sahibinə özünə məxsus olan ov tüfəngi ilə rayonda və bütün yaşayış məntəqələrində gəzdirməyə icazə verilir”. Rəsulovun mənim haqqımdakı müsbət fikirləri məni sevindirdi.
İllər keçdi, Səməd Vurğun bir daha bizim tərəflərə gəlmədi. Növbəti meşə reydindən qayıdanda həmkəndlim Xanalı kişi ilə rastlaşdım, salam verdim, nədənsə, çox qayğılı görünürdü, soruşdum: – xeyir ola, bikef görünürsən? Xanalı kişi köks ötürüb: – bilirsən, indi radiodan eşitdim, Səməd Vurğun vəfat edib, – dedi (1956-cı il mayın 27-də vəfat edib). Bu sözü eşidən kimi ayaqlarım titrədi, boğazım tıxandı, güclə nəfəs alırdım. Xanalı kişi mənə yaxınlaşıb qolumdan yapışdı: – əşşi özünü ələ al, bir az səbirli ol, – dedi. Məni taxta darvazanın qabağındakı oturacağa oturtdu. İstər-istəməz gözlərimdən iki gilə yaş yanaqlarımdan aşağı axdı. Xanalı kişi: – bilsəydim ki, belə sarsılacaqsən, vallah deməzdim, bağışla, – dedi.
Udquna-udquna dedim, axı sən onu tanımırsən, görməmisən, bilmirsən o necə adamdı. Onun duzlu, maraqlı söhbətlərini eşitsəydin, sən də sarsılardın.
Bir günlük görüşümüz, oxuduğu şeirlər, məzəli söhbətləri, yaxşı saz çalması, onun gülər siması kino lenti kimi gözümün qarşısından keçdi. Bütün bunları heç vaxt unutmayacağam. Dərindən köks ötürüb bu sözləri dedim: – O, bu dağlara bir də qayıtmayacaq.
O bu dağlara bir də qayıtmadı
Söhbəti qələmə aldı:
Əvəz Küskün

Şərh Yaz