Yaxınlarına nur paylayan insan

Yaxşı işlərdən, xeyirxah əməllərdən yazmaq çox xoşdur. Özü də güllü-çiçəkli, yaşıl örtüklü, həyat eşqi ilə dolu arzulara qol-qanad verən baharda. Baharın gəlişinin bir gözəlliyi də özü ilə sevimli bayramları gətirməsidir. 8 Mart, Novruz bayramları sanki, onun müjdəçiləridir. Belədə, qələm də sevinir, ürək də. Bu yazını çoxdan yazmaq istəyirdim. Ceyran xanım haqqında yazmağın məsuliyyətini hiss edir, ehtiyatlanırdım. Ehtiyatlanırdım ki, gördüyü işlərin fövqündə ona layiq olan sözlər tapmaqda çətinlik çəkəm, onu olduğu kimi təqdim etməyi bacarmayım.
Yaxınlarına nur paylayan insan
Əlahəzrət söz və qüdrətli qələm yardımçım olsun deyərək, bu yazını 8 Mart ərəfəsində yazmağa başladım. Axı bu günlərdə ürəkdən gələn ən səmimi sözlər, arzular, qadına anaya, bacıya ünvanlanır. Bu günlərdə ən gözəl musiqilər, analar üçün səslənir, bu günlərdə ən zərif, ən ətirli çiçəklər onlara təqdim edilir. Bu ərəfədə bəşəriyyət ananın, qadının qarşısında baş əyir. Bu ülvi hisslərlə Ceyran xanımı oxucularımıza təqdim edirəm.
Ceyran Məmmədova əslən gəncəli olsa da, çoxları onu İsmayıllıda doğulub boya-başa çatan bir xanım kimi tanıyır. Özü bu mövzuda söhbətlərində deyir:
– Məni Gəncə torpağı, o məkanda sayılıb-seçilən Məmmədovlar ailəsi dünyaya gətirdi, yüksək əxlaqlı təməl üzərində tərbiyə etdi. İsmayıllı isə mənə xoşbəxt ailə, taleyimə yazılmış dostlar, müəllimlik peşəsinin sirlərinə yiyələnmək və yaxşı ad qazanmaq imkanı verdi. Xoşbəxtəm ki, İsmayıllıda yaşayıram…
Məmmədova Ceyran Ağamirzə qızı Gəncə şəhərində anadan olub. Orta təhsil almaqla yanaşı, musiqi məktəbini də orada bitirib. 1973-cü ildə atası Ağamirzə kişi işi ilə bağlı ailəliklə Şəki şəhərinə köçüb. İpəkçiliklə Gəncədə məşğul olsalar da, Şəki əsas istehsal yeri idi. Burada bilikli, bacarıqlı mütəxəssisə ehtiyac olduğu üçün Ağamirzə kişini Şəkiyə göndərmişdilər. İşi ilə əlaqədar o, tez-tez İsmayıllının Basqal qəsəbəsinə gələr, burada ipəkçilərlə təcrübə mübadiləsi edər, öyrənər, öyrədərdi…
Orta məktəb illərindən Ceyran xanımın arzusu həkim olmaq, xalqın sağlamlığının keşiyində durmaq idi. Ailədə musiqiyə olan həvəs, Ağamirzə kişini tez-tez xalq mahnılarını, muğamlarımızı zümzümə etməsi, elə özünün də bu sahəyə olan marağı Ceyran xanımı 1975-ci ildə Şəki Şəhər Orta İxtisas Musiqi Texnikumuna gətirdi. Г‡al-çağırlı təhsil illəri tez ötdü. 1979-cu ildə həmin məktəbin musiqi nəzəriyyəsi üzrə ixtisas aldım. Təyinatı özünə doğma bildiyi, gözəllikləri barədə əfsanəyə bənzər həqiqətlər eşitdiyi İsmayıllı rayonuna aldı. Ceyran xanım o vaxtdan bu günə kimi Fazil Əzimov adına İsmayıllı Uşaq İncəsənət Məktəbində müxtəlif vəzifələrdə – nəzəriyyə müəllimi, şöbə müdiri, tədris hissə müdiri, 2005-2007-ci illərdə isə məktəbin direktoru işlədi. O, həm də məktəbin YAP ilk özək təşkilatının sədridir.
Ulu Tanrı hər kəsə bir alın yazısı, bir həyat, ömür yolu nəsib edir. Ceyran xanıma keçdiyi ömür yolundan çox razıdır. O, bu yolu üzü ağ, alnı açıq keçib. Şükürlər olsun ki, səadət dolu günlər davam etməkdədir. Ceyran xanım ömür yolunda əməlləri ilə başqalarına nümunə olub. Müəllim kimi sevilib, hörmət qazanıb. Lazım olanda köməyə çatıb. İctimai işlərdə vətəndaşlıq mövqeyi nümayiş etdirib. Tanıdığı insanları bacısı, qardaşı kimi dəyərləndirib. Bu keyfiyyətləri onu hamıya sevdirə bilib və yaşadığı yerdə xüsusi hörmət sahibi edib.
Ceyran Məmmədova musiqinin incəliklərini öyrətdiyi, tərbiyə verdiyi yüzlərlə yetirməsi hazırda Vətənə ləyaqətlə xidmət edir, dövlətimizin daha da çiçəklənməsi naminə, ölkədə gedən quruculuq işlərində fəal iştirak edir. Ev-eşik sahibi olan şagirdləri bu gün də onunla əlaqə saxlayır, ona öz minnətdarlığını bildirir. Keçmiş şagirdlərinin 80-90 faizi bu gün də onunla eyni məktəbdə çiyin-çiyinə çalışır.
Ceyran xanımın bir dərsində oldum. Dərsdə valideynlər də iştirak edirdilər. Onun kübarlığı, danışıq tərzi, səsi, jestləri, ən əsası – nitqinin mahiyyəti bizi cazibəsinə saldı. Qısa vaxt ərzində sənətə sevgi, müəllim peşəsinə ehtiram, özünə hörmət, daxili mədəniyyət, bilik dərsi keçdik. Ceyran xanımın bu dərsi fəaliyyətini qiymətləndirmək meyarı oldu. Onun tədris etdiyi musiqi nəzəriyyəsi dərsi nəinki mənə, hətta dinləyici valideynlərə də bir daha musiqini sevdirdi. Dahiyanə əsərləri ilə dünyanı fəth edən Azərbaycan bəstəkarlarının həyat və yaradıcılığını dərindən mənimsətmək, sevdiyi şagirdlərinə öyrətmək nə qədər də xoş idi…
Ceyran xanım daxilən, eləcə də zahirən işıqlı insandır. Duyğulu, kövrək qəlbi var. Yüksək mədəniyyətə malik bu xanım çalışdığı 37 il ərzində işinə peşəkar münasibət bəsləyir, uşaqlarla işləməkdən zövq alır. İnsanları sevindirəndə özü də sevinir. Diqqətcil, haqqı nahaqqın ayağına verməyən bu nəcib xanım olduqca sadə və səmimidir.
Söhbət əsasında Ceyran müəllimə bir neçə sualla da müraciət etdik:
Yaxınlarına nur paylayan insan
– Fikrinizcə, Vətən qarşısında borc nə deməkdir?
– Əlbəttə, Azərbaycanın hər bir guşəsi mənim üçün vətəndir və doğmadır. Hər kəsin anası ona əziz olduğu kimi, İsmayıllı da mənə çox əzizdir. Borclu qalmağı heç xoşlamıram. Vətən naminə çalışa bilmişəmsə xalqıma, elimə, obama sevgim olubsa, şagirdlərimə də bu hissləri aşılamışamsa, müəllim kimi öz işimin öhdəsindən gəlmişəmsə, bunlar mənim üçün Vətən borcu, vətəndaşlıq borcudur. Hər birimiz bunlara əməl etməliyik.
– Ailə və sənət… Taleyinizdə bunlar bir-biri ilə yola gedirmi?
– Məhəbbət hörmətdən doğulur. Г‡ox yaxşı yola gedirik. Həyat yoldaşım Mahir Ağayev də çalışdığım məktəbdə tar müəllimi işləyir. Biz musiqi dilində bir-birimizi çox yaxşı başa düşürük. Mən fortepianoda, o isə tarda. Bundan gözəl nə ola bilər… Musiqi dili ailəmiz üçün təməl daşı olub desəm, yanılmaram.
– Ən yadda qalan gününüz, iliniz?
– 31 dekabr 2014-cü il “İlin ən fəal mədəniyyət işçisi adına layiq görülməyim gün və il. İsmayılı rayon İcra Hakimiyyətinin başçısı, gözəl insan, Əməkdar elm xadimi, Mirdaməd Sadıqov məni bu ada layiq biləndə uçmağa qanadım yox idi… O qədər sevinmişdim ki… Odur ki, fürsətdən istifadə edib, olduqca humanist olan bu böyük insana ən xoş arzularımı çatdırıram. Var olsun!
Ceyran xanım haqqında yazı yazacağımdan xəbər tutanlar da fikirlərini bu yazıya əlavə etməyi xahiş etdilər. Böyük məmnuniyyətlə onları dinlədim, söylədiklərini qələmə aldım:
“Tərəqqi” medallı müğənni Sahibə Abdullayeva:
– Ceyran xanım xeyirxah, nəcib, duyğusal insandır. Bütün varlığı ilə müəllimdir. Sənətinə vurğun pedaqoqdur. Şagirdlərinə fərdi yanaşır, onların inkişaf dinamikasını daim izləyir. İctimaiyyətçidir. Mənə çox yaxın adamdır, bir-birimizə çox bağlıyıq. Tez-tez məsləhətləşirik, nəyi isə bilməyəndə, ondan məsləhət alıram. Şagirdlərlə işləməkdən yorulmur. İnsanları, İsmayıllını, həyatı, ailəsini və bir də musiqini çox sevir. Musiqi onun həyatıdır.
Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Lətifə Əliyeva:
– İnsanı ailədə, çalışdığı kollektivdə, dostlarına, yaxınlarına ictimaiyyətə sevdirən ilk növbədə onun əxlaqıdır, daşıdığı keyfiyyətləridir, ətrafına münasibətidir. Ceyran xanım bu baxımdan fərqlənən insanlardandır. İnsanpərvərliyi, haqq-ədalət tərəfdarı olması, qayğıkeşliyi, səmimiliyi, nizam-intizamı çox sevməsi və deyilənlərə hamıdan çox riayət etməsi, sözübütövlüyü və bu kimi xüsusiyyətləri onun əsas cəhətləridir. Bir qadın kimi çalışdığı kollektivə örnəkdir. Səmimi dost, yaxınlarına nur paylayan insandır.
“Niyal” xalq çalğı alətləri ansamblının rəhbəri, Nizami Babayev:
– Ceyran xanım respublikada baş verən bütün yenilikləri, xüsusilə musiqi, incəsənət aləmindəki hadisələri izləyir, zamanın nəbzini tutmağa çalışır. Azərbaycan musiqisinin, mədəniyyətinin təbliğatçısı kimi çıxış edir, öz mövqeyini açıqlayır. Г‡ox istedadlı musiqiçidir, bir o qədər də tələbkardır.
İsmayıllı rayon Qeydiyyat Şöbəsinin müdiri, Hüsniyyə Osmanova:
– Ceyran xanım əsl musiqişünasdır. Ülvi gözəlliklərdən, saf duyğu və düşüncələrdən ibarət musiqi dünyası var. O, gözəl dost, rəfiqədir. Qoy məhəbbət qəlbindən, təbəssüm üzündən, sevinc gözlərindən əskik olmasın. Arzu edirəm ki, Ceyran xanım su qədər təmiz, həyat qədər canlı, çiçək kimi təravətli və gözəl qalsın.
Söhbətimizin sonunda Ceyran xanım bir müəllim, bir qadın kimi, nikbin arzularla yaşadığını belə ifadə etdi:
– Bir müəllim kimi daha çox istedadlı şagirdlərimin olmasını arzu edirəm. Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın timsalında, Azərbaycanın bütün xanımlarını təbrik edirəm. Onlara can sağlığı, xoşbəxtlik arzulayıram…
Ceyran xanım Vətəninin, xalqının şərəfini daim uca tutur, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin qorunub yaşadılmasında fəal vətəndaşlıq mövqeyini ortaya qoyur, bununla da qürur duyur.
Qazancı, mükafatı yaxın, dost insanların ona olan sevgisi, inam və hörmətidir.
Sonda Ceyran müəllimin timsalında bütün xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edirik. Dünyanız salamat, sevinciniz bol, gününüz xoş, arzularınız çin olsun, əziz qadınlar!
Hacıməmməd Məmmədov

Şərh Yaz