Dünyadan köçmüş analar üçün elegiya

Deyirlər ki, torpağın üzü soyuqdur. Deyirlər ki, zaman da belədir: o, hər kəsi, hər şeyi unutdurur. Deyirlər ki–¦ Babalarımızın deyimində, qənaətində bir yanlışlıq yoxmu?! Unudulmaq torpağa tapşırılmaqmıdır, görəsən?
Torpağa gömülmək vacib deyil. Tarixin sübutudur ki, yaşaya-yaşaya, torpaq üstə gəzə-gəzə, gözünə baxa-baxa sağlığındaca o qədər unudulanlar var ki!
Yaşadığımız bu fani dünyada tanınmış şəxsiyyətlər, dahi adamlarla yanaşı, hər birimizin düşüncəsində həmişəlik həkk olunmuş, könlündə, ürəyində əbədi yuva qurmuş bir insan məskunlaşıb yaşayır. Mənim həssas, həzin musiqili qəlbimdə şahlıq taxtında oturansa, sənsən, gözəl anam.
Dünyadan köçmüş analar üçün elegiyaDeyirlər ki, torpağın üzü soyuqdur. Deyirlər ki, zaman da belədir: o, hər kəsi, hər şeyi unutdurur. Deyirlər ki–¦ Babalarımızın deyimində, qənaətində bir yanlışlıq yoxmu?! Unudulmaq torpağa tapşırılmaqmıdır, görəsən?
Torpağa gömülmək vacib deyil. Tarixin sübutudur ki, yaşaya-yaşaya, torpaq üstə gəzə-gəzə, gözünə baxa-baxa sağlığındaca o qədər unudulanlar var ki!
Yaşadığımız bu fani dünyada tanınmış şəxsiyyətlər, dahi adamlarla yanaşı, hər birimizin düşüncəsində həmişəlik həkk olunmuş, könlündə, ürəyində əbədi yuva qurmuş bir insan məskunlaşıb yaşayır. Mənim həssas, həzin musiqili qəlbimdə şahlıq taxtında oturansa, sənsən, gözəl anam.
Dünyadan köçmüş analar üçün elegiya
Ən qəribəsi, möcüzəlisi də budur ki, cismən yoxluğun səni məndən bir az da olsa, uzaqlaşdırmayıb, əksinə, əvvəlkindən də qat-qat artıq bağlayıb. Artıq beşinci ildir ki, sənin o nurani camalından, həmişə gülümsər gözlərindən, mehriban gülüşündən, şirin-şirin sözündən, söhbətindən məhrum olsaq da, bu gün də dünənki qədər doğma, canlı, sevimlisən mənə və övladlarıma.
Səni itirdiyim ilk vaxtlarda gəlimli-gedimli dünyanın mizan-tərəzisinə, nizamına, ölümün, əcəlin mütləqliyinə, Tanrının dünyanı dəyişə bilmək qənaətinə alışa bilməyəndə, zaman-zaman ağrılar, acılar içində qovrulanda hansı müdrikinsə:
Anıb tənhalığı qəbr içrə nifrət qılma ölməkdən,
Təriqi-üns put kimi, hər ovuc torpaq bir adamdır. –
kəlamı və ustad şair Hüseyn Arifin:
Torpaqmı anasız qalmasın deyə,
Torpağın qoynuna köçür analar
Misraları hislərimi üstələyib, mənə həyan oldu.
… Bilmirəm bu nə hiss idi məni bürümüşdü: Elə bir ürəyimə nə isə dammışdı. Dünyasını vaxtsız dəyişmiş, heyranlıqla dinlədiyim, yaradıcılığına pərəstiş etdiyim Səxavət Məmmədovun yanıqlı-yanıqlı oxuduğu bu mahnı hardan yadıma düşmüşdü. Telefonuma yazdırıb elə hey aramsız qulaq asırdım:
Dedilər: xəstəsən, qopdu ürəyim. Başıma dolandı bu cahan ana.
Gözümdə puc oldu arzu-diləyim, Dondu damarımda, dondu qan, ana.
Heç insan dözərmi belə bir dağa,
Ahından dünyalar qalxar ayağa.
Mən səni qıymazdım qara torpağa,
Qoy məni aparsın bu dövran, ana.
Sənsən bu dünyada ən şirin nemət.
Gözlərə işıqsan, qəlbə hərarət.
Məndən soruşsalar nədir məhəbbət:
Bir səni duyuram, səni, can ana.
Eşqin çox böyükdür, duyuram bunu
Duyuram başlara tac olduğunu.
Hələ ödəməmiş sənin borcunu
Diləksiz gedirəm dünyadan, ana.
Mahnını ardı-arası kəsilmədən dinləyirdim. Qabaqdan gələn tufanın nələr törədəcəyini, hiss edər kimi qulaq asırdım.
Yaşını xatırlamıram. Bəlkə də, yoxluğunu tez hiss etsəydim (İlahi, nə yaxşı bu, baş verməyib. Yoxsa, həyatın bu qədər şirin olduğunu bilməzdim), ana adını, ana varlığını bu qədər dərindən anlamazdım. Bəlkə də, kiminsə əvvəllər dediyi çox fikirləri tutuquşu kimi əzbərləyər, təkrar edərdim.
Hardansa, qulağıma vaxtilə şövq-təbii hisslə eşitdiyim, oxuduğum ifadələri də xatırlayırdım:
– Ana müqəddəsdir:
– Ana zəhmətini heç nə ilə ödəmək olmaz:
– Ana böyükdür:
– Ana sevgisi-bənzərsiz bir hissdir və s.
Lakin ruhumun dərinliyinə işləmiş, qəlbimə nüfuz etmiş müqəddəs varlığın olmasından xəbərim olmazdı. Heç analıq adını daşıyandan sonra da bu ali hissin mənasının dərinliyinə vara bilməmişdim. Ananın şəxsində insan adının bu qədər şərəfli olduğunu anlamamışdım. Həyatda rast gəldiyin kədərli anlarının (bunlar isə saysız-hesabsızdır) sızıltısı, aclıq illərində bir həftə ərzində itirdiyin beş nəfər ailə üzvünün ağır dərdinə görə gizli-gizli qoşduğun ağıların ruhumda silinməz izlər buraxdı.
Yadımda həmişə kədərlə söylədiyin bayatının iki misrası qalıb:
Fələk, bir sübut eylə,
Hansı günüm xoş keçdi ?
“Dünyada çox şeyə əli çatmayan, fəqət dərdin yekəsindən yapışan” (R.Rövşən) anam. Üst-üstə, bəlkə də, beşcə günün xoş keçməmişdi. Lakin bunu heç kəsə hiss etdirmədən, böyük dərdlərini damla-damla ürəyinə yığaraq canını dərdə saldın. (Elə bu dərdlərlə də həyatdan köçdün) Gözlərində sonsuz kədərin izi hiss edilsə, dərdini bildirməz, böyüklə böyük, kiçiklə kiçik ola-ola, pozitiv enerji paylamaqdan yorulmadan, usanmadan insanlara nur paylayır, gülüş bəxş edirdin. Və bu da ibrətamiz hekayətdir ki, heç bir təmənna ummadan, dünya malına tamah salmadan ömrünün hər anını insanlar üçün bir əbədiyyətə çevirdin.
Son nəfəsinə qədər kimsəyə kin-küdurət bəsləmədən, ədavətə, paxıllığa yer vermədən yaşadın.
Həmişə bağışlamağı tövsiyə edərdin. Təlqin edərdin ki, nöqsanların etirafı insanın cəzasını yüngülləşdirir, onu bağışlaya bilmək isə bağışlayanın aqilliyi və böyüklüyünün rəmzidir.
Bəli, böyük təsəllim var: el-obanın, tanıdığım insanların qəlbində özünə möhtəşəm bir yuva qurmusan. Hər məclisdə: istər toyda, istərsə də yasda adın çəkiləndə hər kəsin üzünə təbəssüm qonaraq, sənin xeyirxahlığından, səxavət və alicənablığından, səmimi, mehriban nəsihətlərindən ağızdolusu ehtiramla danışması böyük təsəlli olmaqla bərabər, qəlbimi qürur hissi ilə doldurur.
Mənə bəlağətli nitq söyləmədən insan olmağı, vətəni sevməyi, mərhəməti, şəfqəti dərindən öyrədən anam.
Könlümdəki və gözümdəki fikirləri eyniləşdirib yaşatmağı öyrədən anam …
Doğru, düzgün böyütmək üçün əlindən gələni əsirgəməyən, bunu bacararanda isə dünyanı qazanmış kimi sevinən anam. Analığın qadınlığın bütün nişanələri ilə həyat eşqi və insani sevgi ilə dolu anam.
Uşaqlıq dünyam sənin nağıllarınla doludur. O nağıllarda nələr yoxdur ki…?! İnsanlıq, qorxmazlıq, mərdlik fəlsəfəsi ilə dolu idi onlar. Bir sözlə, saysız-hesabsız suallarıma cavab tapmaq, məni razı salmaq üçün nələr, nələr edərdin.
Ən böyük arzun məni xoşbəxt görmək idi. Bunun üçün həyatımın hər anında yanımda idin: qoruyucu mələk kimi. Г‡ox həyəcanlandığım ali məktəbin bütün imtahanlarında mənə yol yoldaşı oldun. Ağlayanda ağladın, güləndə güldün. Kədərimin şahidi, gülüşümün özü oldun. Dünyanın ən dadlı naz-nemətlərini mənə yedirtmək, ən gözəl paltarlarını mənə geyindirmək istəyirdin. Haqqımda xoş söz eşidəndə, nailiyyətlərimi görəndə ən çox sevinən də sən olurdun.
Əlimə sənin köməkliyinlə aldığım çörək ağacım –“ müəllimliyim həyatım boyu əl tutanım, həyanım, şöhrətim, şanım oldu. Qız-qadın üçün ən nəcib, ən layiqli sənətin müəllimlik olduğuna, qədrini bilməyə məni inandırdın. Zaman-zaman verdiyin bütün nəsihətlər kimi bunun həqiqət olduğunu başa düşdüm.
Sən ömrünü yelə vermədin. Ana kimi öz borcunu sədaqətlə yerinə yetirdin.
Həyatımda böyük faciə ilə üzləşdim. (Daha doğrusu, “insan” adlanan məxluqlar üzləşdirdilər). Lakin hələ inamlı idim, çünki yanımda sən vardınsa, hər şeyin əvvəl-axır düzələcəyinə inamım çox möhkəm idi.
Və günlərin birində, qürbət bir ölkədə qulağım bir səs çaldı: ana xəstədir və həkim deyir ki, bu xəstəlik sağalmazdır. Buna inanmasam da, boğazım sanki kilidləndi, qulaqlarımda həyatımda heç vaxt hiss etmədiyim bir uğultu başladı. İstər-istəməz yeməkdən kəsildim. Ucsuz-bucaqsız səhrada tənha qaldığımı zənn etdim. Gələ bilmədiyim o bir neçə gündə gecələr səməya baxar, sanki onun da varlığını hiss etmir, yox olduğunu düşünür, özümü qasırğalı ümmanda tənha gəmi, səhrada bitən tək ağac sanırdım.
Axı Tanrı bunu mənə qıyardımı? O anda yadıma hansısa müdrik şairimizin müdrik misraları düşdü:
Yarpağı tez solur tək ağacın da,
Arxası yoxdursa, necə solmasın?!
Söykəndiyim uca dağ, təmənnasız güvənc yerim, məhəbbət ümmanım olan bir müqəddəs varlığı necə itirə bilərdim? Həyatda güvəndiyim yeganə varlığın yeri necə boş qalardı?
Bu boyda haqsızlıq olmazdı! Qovuşanda da dünya vecimə deyildi. Həyatda ana, ata, qardaş əvəzi sən vardın, ana. Sən bir ümid çırağım, cəsur, qəhrəmanım, susuz səhradakı çeşməm, coşqun ümmanlarda yol göstərən mayakım idin. Hər gün gözümün önündə gilə-gilə əriyirdin. Keyimiş halda səni seyr edirdim. Sən isə mənim hayımda idin. Sağalmaz mərəzə tutulub dəhşətli ağrılar içində qovrularkən də özünü unudub məni düşünür, məni qorumağa çalışırdın. İnana bilmirdim ki, bir gün məni tərk edəcək, sonsuzluğa, əbədiyyətə qovuşacaqsan. Həkimin dediyi vaxt yaxınlaşırdı. Gözlərin mənə baxırdı. Bu gözlərdə dünya boyda yaşamaq həvəsi, yaşatmaq şövqü görürdüm. Г‡arəsiz idim, ana! Ümidlə, yazıq-yazıq: “Bəlkə, həkimi dəyişək ?” – sualı hələ də qulaqlarımda cingildəyir. Axı səni həkimdən həkimə apardıqca, özün: “Yəqin xəstəliyim ciddidir ki, məni bu qədər gəzdirirsiniz”- deyirdin. Özümü bağışlaya bilmirəm: niyə çarəsiz dərdini söyləmədim ki, o uman ümid dolu gözlərini yaddan çıxara biləydim! Axı nə biləydim ki, Tanrının bəxş etdiyi ən böyük sevinci –“ ana məhəbbətini, ana səadətini, ana xoşbəxtliyini itirə bilərəm ? Taleyin mənimlə oynayacağı bu oyunu, bu haqsızlığı heç cür təsəvvürümdə canlandıra bilmirdim.
… Dünyanı dəyişəcəyinə bir gün qalmış, danışa bilmədiyin, son saatlarını keçirdiyin bir gündə uzaqdan aldığım dəhşətli xəbərin arxasınca getdiyim vaxt yenə inamlı idim, yenə arxayın idim: anam evdədir, həmişəki kimi heç nə ola bilməz.
Axırıncı baxışını unuda bilmirəm: niyə elə küskün-küskün baxdın mənə. Ölümündən də utanan anam. Axı qəzavü-qədərin belə amansızlığını mən necə poza bilərdim, ana?! Gözünü yuman anda nə olduğunu anladım. Öz əlinlə yaratdığın dünyanı niyə dağıtdın, ana?! O dünya ki, beşiyimin başında durub çaldığın laylalarla həyatın min bir gözəlliyini canıma, qanıma hopdurub sirli-sehirli aləmə çevirmişdin. Mənim gözəllik dünyamı yıxmağı heç kim bacarmazdı. Qəlbimdə layla ilə göyərtdiyin, yaşatdığın dünyanı sənin yoxluğun yıxmağı bacardı. Mən səni bu işıqlı dünyadan sonsuz kədər və qəmlə, ağrılarımla, heç vaxt oxuya bilmədiyim və bir də oxuya bilməyəcəyim ağrılarımla yola saldım. Dərdimin daşıyıcısı, qəmimin ortağı, boynuma bu boyda yük qoymağı necə qıydın?! Harada bu boyda təzad görünüb, ana?!
Evimin dirəyi anam,
Ağzımın ləzzəti anam,
Başımın tacı anam,
Balalarımın taxtı anam.
Heyhat! Bunlar hamısı boş və mənasız imiş. Barmağıma tikan batmağa razı olmayan anam, ürəyimin parçalanmasına necə dözdün?! Böyüklük edən, dərdimizin bütün ağırlığını çiyinlərində daşıyan bir insanın-sənin haqq dünyasına qovuşman bizləri necə dərindən sarsıtdığının fərqinə varmadınmı?
Sənin barəndə keçmişdə danışmaq necə çətindir! Məzarın önündə dayanaraq kövrək hisslər içində qovruluram. Yoxluğun o qədər acı ki,…
Sənə borclu olduğum şeyləri düşünürəm, sadalamaqla bitməz. Ancaq mən bütün yaxşı arzuları yaşatdığım könlümdə bir həyat borcluyam sənə, ana. Hərçənd sən bu, borcu heç vaxt düşünə bilməzdin. Özünü qurban verərdin bu borcun əvəzinə. Sənin isti qucağın, ətirli nəfəsin üçün darıxmışam, ana. O nəfəsi qoxlamaq üçün uyuduğun torpağa-məzarını ziyarətə gedirəm. Fəqət nə qoxun var, nə də nurlu sifətin. Nə bəstə boyunu seyr edə bilirəm, nə də dizinin üstünə baş qoya bilirəm. Bircə dəfə bunu edə bisəydim…
Sevimli günlərim, xoş dəqiqələrim səninlə gömüldü, ana. Lakin məni sarsıdan başqa məsələlər də vardır: gecə-gündüz günəş kimi yanıb dərdləri, problemləri ilə yaşadığın bəzi insanların səni bir heç sanaraq, göstərdikləri biganəlik məni yandırıb-yaxdı, ana. Axı sənin özünü unudaraq insanlara göstərdiyin qayğı və məhəbbətin bu münasibətə layiq deyildi. Üsyan etdim: bumu dünyada yaxşılığın, xeyirxahlığın sonu?! Al Paçinonun müdrik kəlamını xatırladım: “Yaxın insanların vurduğu yaranı heç kim sağalda bilməz. Г‡ünki onlar yara vurmaq lazım olduğunu yaxşı bilirlər”.
Ancaq təskinlik tapdığım məsələlər daha çoxdur. Məni tanımayanlara qızın kimi təqdim olunanda (həyatda erkən itirdiyim atanı da əvəz etmişdin) bir daha şahidi oldum ki, sən təkcə mənim yox, bütöv bir elin anası olmusan. Г‡ünki yoxluğuna bir el yanır. Sanki yenə yaşayırsan: elin təbəssümündə, mənim cismimdə, ruhumda, balalarımın sonsuz, bitməz-tükənməz məhəbbətində.
Bu isə əbədi həyat deməkdir. Və sən bu bütövlüyünlə, dünya boyda bir dünya olmağınla bir daha bunu sübut etdin.
Dünyadan köçmüş analar üçün elegiya
Rəna Mirzəliyeva,
“İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin üzvü

Şərh Yaz