Maarif Soltan kimi

(Maarif Soltanın yaradıcılığı haqqında)
Vətən haqqında hamı yazır, amma Maarif Soltan tam özünəməxsus bir mətnlə yazır. Sevgi, məhəbbət, qəm, kədər, ömrün baharı və payızı haqqında, keçmişimiz və gələcəyimiz, şəhər və kənd, dağ çayı, dəniz, həsrət və ayrılıqlardan da Maarif Soltanın yazdıqları başqa heç bir şairdə təkrar edilməyən səviyyədə diqqəti cəlb edir. Adi insan biliyinin qiymətləndirilməsində məqbul olmaq və qeyri-məqbul olmaq dəyər vermə meyarı olaraq ən optimal variant sayıldığı kimi. Şeir mətni də dəyərləndirmənin öncə bu iki səviyyəsi ilə oxucunun fikrini məşğul edir. Maarif Soltanın poeziyası həm intellekt ağırlığı, həm də ədəbi priyomların yeniliyi və ekspressivliyi ilə insan könlünü riqqətə gətirə bilir. Onun misrası oxucu tərəfindən hər məqamda məqbul qiymətləndirilməyə layiqdir. Məsələn, Maarifin belə bir cümləsi var: “Görüşə gəlmişik öz-özümüzlə”. Bir şeirindəki bütün başqa “görüşlərdən” sonra belə bir fəlsəfi görüşdən bəhs edilməsi oxucunun fikrini hər yana çəkməyə başlayır. Başqa sözlə, bu cür “qəfil görüşlər” adamı həyəcanlandırır və düşündürür. Şeirin birinci vəzifəsi beyində, şüurda hər hansı informasiyanı dartışdırmağa səbəb olmaqdır.
Maarif Soltan kimi
Bədii söz ideyadan cisimə, şüurdan materiyaya enib-qalxmağın ən unikal vasitəsidir. Bədii söz tarixin –“ tarix təkcə keçmişi öyrənir, ədəbiyyat isə daha çox gələcəyi görür və göstərir –“ həqiqətlərini cəmiyyətə təqdim etməyin də ən salamat yoludur.
Yeri gəlmişkən, M.Soltan tarixdən də “çox” yazır. Azərbaycanın çağdaş tarixinə nəzərən həmin tarixi gerçəyi spesifik çalarları ilə nümayiş etdirməyə şair yazıçılıq, sənətkarlıq potensialına güvənərək toplumun əhvalına uyğun ovqatı ümumiləşdirir. Bizim cəmiyyətin nəzər nöqtəsində uzun illərin hadisələrinin nəticəsi olaraq indiki həyatımız üçün də prioritet olan iki mühüm amil qabarıq görsənir. “Susmağ”ın və “danışmağ”ın xeyri və zərəri müxtəlif siyasi-ictimai epoxalarda müxtəlif cür izah olunub və qiymətləndirilib. Susmağın zilləti, danışmağın əziyyəti barədə siyasətdən başı çıxanlar da, başı heç nədən çıxmayanlar da istədikləri qədər danışa bilərlər və ya danışıblar. Bununla işimiz yox. Maarif Soltan bu ictimai, ya həyat fəlsəfəsinə tamam yeni bədii əlavələri ilə öz sözünü deyə bilir. Şairin həmin şeirində susmağın fəlsəfəsində dinməyin, danışmağın qabardılması tam orijinal bir poeziya üslubuna xas olan tərzdə ifadə edilmişdir. Maarif susmaq anlayışını əyaniləşdirmək üçün uyğun detalları xüsusi istedad və qabiliyyətlə seçib ayıra bilmişdir.
Torpağın kaha ağzıyla lay-lay susması susmaq assosiativinə onun ifrat həddi olan lallıq, sirlilik, mübhəmlik məzmununu da əlavə edə bilibdir”.
…Lay-lay gedib bu torpaq,
Pay-pay gedib bu torpaq.
Lay-lay susub bu torpaq
Kaha ağızlarıyla.
Layla deməyim gəlir:
Laylay, laylay, a layla…
”Bu misralardakı sarkastik eyhamı da uzun-uzun “susmaqla” anlamaq mümkün və məqbul görünür.
Azərbaycan torpaqlarının işğalının tarixini və səbəblərini oxucunun yaddaşına ötürməyə müvəffəq olmaqdan ötrü şairin əsas işi gözəl bir sənət əsəri yarada bilməsidir. M.Soltan, zatən, bunu edir.
“Susub milyon iliylə.
Susub min-min diliylə,
Susub mənim dilimlə,
Susub sənin dilinlə,
Susub onun diliylə.
Daha kimin diliylə?!
Daha kimin diliylə?!
”Bu ifadələrin alt qatına gizlin bir antitezanın yerləşdirildiyini də görə bilirik. Axı dil danışmaq üçündür. Şair fəal danışıq üzvünü susmaq aləti kimi təqdim edərək təzadın az rast gəlinən maraqlı bir növünü yaratmağa nail olmuşdur. İndi xalqa aydın olan cəmiyyət həqiqətlərini şair poeziyanın sirli diliylə qulağımıza həmişə pıçıldayacaq, həm də öz poetik yükünü “yerə tökmədən” pıçıldayacaq.
Bu misralarda siyasi susmağımızın heyfini şair poetik sükutun ironiyası ilə çıxmağa müvəffəq olur.
M. Soltanın yaşadığı illərin o tayında həmin dövrün şeiri, həm də nəsri üçün doğma və əziz olan bir kənd mühiti, o günlərin gerçək və fantastik xəyalatında indi də möhkəm kök salıb qalan sevgi və kədər havası ilə adamı qayğılandıran bir kənd də görünür. Keçən əsrdə o kəndi də vəsf edən çox oldu. Maarif təbiətlə ən çox “dostluq edən” söz adamlarımızdandır. Bunun mənası budur ki, onun şair kimi uğurlarında bu mövzunun payı da yetərincədir. Maarifin ədəbiyyata gətirdiyi kənd hamımıza əziz və doğma olan gözəl təbiətin qoynunda yerləşir. Onun yaradıcılığındakı kənd obrazı da bədii düşüncənin genişliyində xeyli “qayğısız” görünür. Təkcə ona görə yox ki, şairin tərənnüm etdiyi kənd onu dərin köklərlə torpağa bağlayan “palıd meşəsi”nin əhatəsində, “kövrək ağacları, otları” kimi “kövrək ay işığı”nın altındadır, həm də ona görə ki, M. Soltanın lirik qəhrəmanı olduqca mərd və alicənab bir insandır. Bu insan öz varlığını yaşadığı yerə-yurda minnətsiz-sünnətsiz bağlaya bilmişdir. Səmimi tellərlə ilkinliyə bağlı olan şairin dünyaya çıxış nöqtəsi də həmin doğma kəndin “giriş-çıxışlarından” başlayır.
Övlad, fərd zamanın genişliyində şəxsi statusunu nə boyda böyütsə də, vətən rəmzi olan böyük bir dağın, ya ensiz bir cığırın fonunda kiçik görünür. Onun şeirində kənd təsəvvür etdiyimizdən böyük və əzəmətlidir.”Qayıtmışam…, Dağlar boyda həsrətimi bir dağ çayına atmışam. Babam dağlar sevincindən Sandım, hönkürəcək indi. Yerindən tərpənmədi də;
Bu dağlar dəlidir, nədir?
Dünən əkdiyim pöhrələr
Bu gün budaq qollarıyla
Yollarımı kəsibdilər.
Budaqlar dəlidir, nədir?
Heyrətin, təəccübün səbəbini arayarkən adı kənd olan Vətənin nəhəng obrazı ilə qarşılaşırsan.
”Bulaqlar saflığı ilə
Ürəyimə köçübdülər,
gözlərimə çökübdülər.
Bir vaxt gündə neçə kərə
Şəklimi də çəkibdilər.
Bu zalımlar bircəsini
Yadigar da saxlamayıb –“
Bulaqlar dəlidir, nədir?
Ana yurdun, kənd yerinin, havasının, məişətinin məğrur durumu öz yerində, ayrı hiss və duyğular da bu şeirin ana xəttini təşkil edir. Bu motiv eyni zamanda şair və şəxsiyyət olaraq Maarif Soltanın dünya deyilən məsələyə yanaşma üsulunu təsbit edir.
”Uzaqlar çağırır məni.
Uzaqlar dəlidir, nədir?
Necə deyərlər, sadə el dilində şair çağdaş insanın bilgisi daxilində hər nə var, oxucunun diqqətinə yetirə bilir. “Uzaqlar” deyilən şey elə bu Yer kürəsidir ki, vətən də onun ayrılmaz bir hissəsidir. Beləliklə, Maarif tək Yer təbiətinin yox, kürəsəl toplumun bütövlüyünü və harmoniyasını poetik “linzalarla” müşahidə edə bilir.
Maarif Soltanın bir kitabı “Dünyama açılan qapı” adlanır. Ümumilikdə, onun misralarını bütövlüyə, insan ağlına və yaşantılarına açılan qapıya bənzətmək olar. Adətən, ədəbiyyatşünaslıqda əsərdən danışılarkən ya mətnin məzmun cəhəti çox qabardılır, ya da birtərəfli olaraq müəllifin sənətkarlıq məharətindən söhbət açılır, bəzən də şairin, yazıçının hər hansı bir cərəyana mənsubluğu şişirdilir. Hər halda bu şərtlərin hamısı ixtisas faktoru olaraq sənət adamı üçün mühüm sayılan əlamətlərdir və bunun nəticəsində yazıçının öz dəst-xətti müəyyənləşməlidir.
Rəsmi sənəd üçün şəxsi imzalar bir-birindən fərqləndiyi kimi, poetik üslub da konkret bir ədəbi imzanı ifadə etməyin nəticəsində gerçəkləşir. Onda ədəbi faktdan danışmaq yerinə düşür. Şairin ədəbiyyat üçün etdikləri ilə ədəbiyyatın şair üçün etdikləri bir-birini tamamlayarsa, ədəbi taledən danışmağa dəyər. Ancaq “fələyin qəmindən” qurtula bilməmək də ədəbiyyat adamı üçün həmişə real təhlükə olaraq qalır. Bir şeirində buna işarə vursa da, Maarif Soltan həm yeni, həm ənənəvi üslubda yenidir, müasirdir və belə də qalacaqdır.
“Qardaş, dur ayağa məni də ötür –“
Yaş ötür, qardaş, yaş ötür…”
Məhəbbət aləminə də yaxından bələd olan söz sərrafı böyük və əbədi sənətin spesifik xüsusiyyətlərini yaxşı mənimsəmişdir. O, ürək sözlərini “dəvənin belində” gəzdirməkdən, sözü şabaş yerinə səpələməkdən çox-çox uzaq bir düşüncəyə sahibdir. Maarif Soltanın sevgi şeirlərində sözün alt qatında mükəmməl bir yumorun “hər şeyə nəzarət etdiyini” sezməmək mümkün deyil.
“Saçlarına ağıl ver,
Gözlərinə ağıl ver.
Əlinə, ayağına,
Dodağına ağıl ver,
Dəli etdilər məni.
Arxanca yüyürməkdən
Ayaqlarım yoruldu.
Bu yollara ağıl ver.
Məni dəli eyləyən,
Mənə ağıl ver bir az.
De ki, yeri, get, bala,
Yeri get şeirini yaz”.
Maarifin bütün məhəbbət duyğuları bu cür modernist üslub və dil paradiqmaları ilə realizə edilir. Bu şeirdəki metonimik təsvirlər ənənəvi mətnə xas olan epitet və bənzətmələrdən yerlə göy qədər fərqlənir. Sevgi əhvalatının nəqli üçün elə bir model seçilmişdir ki, bu cür şeirləri min ildən sonra da yüksək zövq və maraqla oxumaq mümkündür.
Xəmiri sevgi olaylarından yoğrulmuş başqa bir şeirində sevib-sevilməkdən bir kəlmə də deyilmir. Zira, yuxarıda haqqında bəhs etdiyimiz üslub və dəst-xətt deyilən bədii-texnoloji kommunikasiya xam materialı elə işləyib, hazırlayıb, möhürünü elə vurub ki, bu bədii oriyentirin ümidləri və ehtiyacları doğruldacağına heç bir şəkk-şübhə qalmır. Oxucunun bütün hiss və duyğu üzvləri ilə qəbul elədiyi belə poetik lövhələrə dönə-dönə diqqət ayırmalı olursan.
“Fırlanır…
Canım-ciyərim, fırlanır
Günəşin başına bu
Yer kürəsi.
Bundan sonrakı misralarda həyatımızla bağlı çox mətləblərdən söz açılır, başımızın üstündə dünyanın işlərinin fırlanmağının sevinc və narahatlıqlarına işarə edilir.
“Fırfıralar fırlanır,
Karusellər fırlanır,
Sərxoşların başına
küçələr fırlanır, evlər fırlanır.
Kimlərinsə başına cənnət,
qəriblərin başına qürbət fırlanır,
Saralmış yarpaqlar
qopub budaqdan
fırlana-fırlana dönür torpağa.
Min ildir şeirimizdə
pərvanələr fırlanır
çıraqların başına… ”
Hələlik mətnin əsas ideyası üçün açar rolunu oynayan bircə ifadə “yolu işıqlandırmaqla məşğuldur”. Başqa cür desək, bu şeirin arğacı”canım-ciyərim” kəlməsindən hörülübdür. Bu söz arada bir eşq qəminin mövcudluğunu xatırladır. Mətnaltı məna, əslində, belədir: Dünyanın hansı işi düzdür ki?! Və şeir başdan-başa obrazlarla doludur.
“Başımın üstündə bir şahlıq quşu
Fırlanır, fırlanır, oturmur ancaq,
(Qanadı yorulmuş o yazıq quşun
Görəsən, axırı necə olacaq?)
Şeir mətnini içəridən körükləyən misralar həm də “əhvalatın” bitməsində bələdçi rolunu oynayır.”Kəndimizin başına dağ karvanı fırlanır…” Dağın nəzərə çatdırılması sonrakı sətirlərdə əks etdirilmiş məzmun və mənanın qabardılmasına yönəlmişdir.
“Və sənin başına mən,
mənimsə başıma dünya fırlanır”.
Və “eşq əhvalatı” burada sona yetir. Qəlib, format ilk baxışda klassik örnəkləri yada salsa da, bu şeirdə tamamilə yeni bir priyom tətbiq edilmişdir. M.Füzuli yazır ki,
“Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?”
Mükəmməl bir təzad və mübaliğə göz qabağındadır. Maarifin misrasında da adi halda “sənin başına mən” fırlandığı təqdirdə “mənim başıma da sən” fırlanmalıydı. Poetik müstəvidə şeirin ideyasının tələbinə uyğun olaraq “mənim başıma dünya fırlanır”. “Mən”i “sən”in başına dolandıran eşqdir, sevgidir. “Başıma dünya fırlanır” frazemi isə ağır bir qəmi, kədəri ifadə edir. “Sən” və “dünya” qarşılaşdırılması bədii nitqin həm təzadlı, həm də böyüdülmüş, şişirdilmiş variantını formalaşdırır. Şeirin axırı isə belədir: “Gözlərimi açandan hər şey fırlanmada bu yer üzündə, canım-ciyərim, hər şey…” Göründüyü kimi, “fırlanmaq” sözü ilkin leksik məna ilə yanaşı, ondan fərqli əlavə bir məzmun kəsb etmişdir. Şairin bu sözün semantikasında yerləşdirdiyi bütün “əşyalar” öz hərəkətinin əsas gücünü öz-özünə fırlanan o boyda Yer kürəsindən deyil, şeir müəllifinin təyin etdiyi sosial-psixoloji tendensiyalardan əldə edir. “Yer kürəsi isə şeirdəki işarələr sisteminə əlavə enerji ötürməyə xidmət edir. Maarifin, ümumən, şeir quruculuğunda belədir, poetik nitqin nizamlanmasında qiyməti ucuz olan, saxta “ehtiyat hissələrdən” yox, “zapçastın” originalından istifadə edilir. Onun məhəbbət gəlişmələrində yazıçı –“ oxucu anlaşması üçün mövzuya empatik yanaşma ilə bərabər, ilkinlik və yenilik effekti də mühüm rol oynayır.
Maarifin yaradıcılığında ən intim duyğuların ünsiyyət faktına çevrildiyi məqamı poeziya aləminə edilən elə bir girişə bənzədə bilərik ki, o “qapıya” hər kəs üz tutmaq istər. ”Sərv boylu gözəllərin boyları boyumdan uzun”. Şeirin bu ilk misraları hisslərin hər adama tanış dərin qatlarına enişi şərtləndirir. Daha sonra sərv boylu gözəllərlə bir yerdə xoşbəxt ola biməməyin acısı adamı məyus edir.
“Ha uzatdım əllərimi
Sərv boylu gözəllərə
Əlim çatmadı, çatmadı.
Yatdım,
yuxularda boyum uzandı,
Ayağım uzandı, qolum uzandı;
Səhərlər gözümü açıb nə gördüm:
Sərv boylu gözəllərin
Boyları boyumdan uzun.
Ha uzatdım əllərimi,
Əlim çatmadı, çatmadı”.
Şeirdə identifikasiya olunan hiss hamıya aid və aydın olsa da, bu haqda verilən informasiya poetik məna kəsb etdiyinə görə yeni və qeyri-adi hesab edilir. Şair sənətin sirlərinə, yəni peşəkarlıq deyilən vərdişlər sisteminə nə dərəcədə yiyələnsə də, onun sənətin gizli sirlərinə vaqif olması mühüm şərtdir. Bu, bir istedad və yaradıcılıq qabiliyyətidir ki, onu yazıçı fəhmi də adlandıra bilərik. Yazıçının fəhmi və zövqü oxucunu həmişə bir addım qabaqlamalıdır. Buna nail olmaq üçün yazar hadisə və əşyaları diqqətlə “saf-çürük” etməlidir.
Maarif oxucuya münasibətdə əvvəldən axıracan səmimiyyətini qoruyub saxlayan şair kimi, sevgiyə və etibara çox layiqdir.
“Bura gələndə
Məlik əmini torpağa,
ürəyimi qonşu qıza,
görüş yerimi alma ağacımıza,
quşları göy üzünə,
bacımı qardaşlarıma,
qardaşlarımı bacıma,
atamı anama,
anamı özünə tapşırıb gəldim”.
Bax bu poetik bölgü, doğrudan-doğruya, düzgün və “ədalətli” müəyyən edilib və bir kəs bundan razı qalmaya bilməz. Məncə, Maarif Soltanın yazdıqlarını da hər şeyin qiymətini verməyi bacaran zamana etibar etmək doğru olar. Г‡ünki şair olaraq Maarif Soltan öz şeirini yalnız Maarif Soltan kimi yazır. Bunu özü də etiraf edir:
“… təki oxuyan desin:
bu şeir yazılıbdı
Maarif Soltan sayağı”.
Zakir Məmməd

Şərh Yaz