Xocalı –“ yaralı yerimiz

Xocalı –“ yaralı yerimizAzərbaycan xalqı çoxəsrlik tarixində dünya mədəniyyətinə görkəmli simalar vermiş, bununla belə, onun başı müxtəlif mərhələlərdə böyük bəlalar da çəkmişdir. Həmin faciələrdən biri də erməni qəsbkarlarının xalqımıza qarşı illərlə davam edən təcavüzüdür. Bunun nəticəsi olaraq torpaqlarımızın zaman-zaman parçalanmış, millətin qanı tökülmüşdür.
Ermənilər uzun illərdir ki, qonşularına qarşı ərazi iddiaları irəli sürürlər. Azərbaycana qarşı olan ərazi iddiaları xalqımızın doğma torpaqlarından kütləvi deportasiya olunmasına, terrorlar törədilməsinə, sonda amansız müharibəyə gətirib çıxardı. Nəticədə, on minlərlə soydaşımız həlak oldu, yüz minlərlə adam qaçqın və məcburi köçkünə çevrildi. Minlərlə ev, mədəniyyət abidələri dağıdıldı. Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayonumuz sovet ordusunun köməyi ilə erməni hərbi birləşmələri tərəfindən işğal edildi. Xocalı şəhəri xarabaya çevrildi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər qədim Xocalı şəhərini rus moto-atıcı alayının köməyi ilə misli görünməmiş qəddarlıqla yerlə yeksan etdi. Silahsız, əli yalın insanlar təlim görmüş ordu ilə üz-üzə qaldı, heç kəsə – qocaya, uşağa, qadına rəhm edilmədi. Nəticədə, 613 nəfər şəhid oldu, 1275 nəfər əsir və girov götürüldü, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. 487 nəfər, o cümlədən 76 uşaq yaralanaraq əlil oldu. Bütün bunlar erməni vəhşiliyini, qəddarlığını tam sübut edir. İnsanlığa qarşı edilən bu vəhşilik dünya ictimaiyyəti tərəfindən sükutla qarşılandı, bəşər tarixinə qara ləkə kimi daxil oldu. Bu cinayətləri törədənlər hazırda Ermınistanda yüksək vəzifələrdədirlər. Onlar bu gün erməni xalqının başına da müsibətlər gətirirlər. Axı cinayət cəzasız qalmamalıdır. Demokratiyadan, insan hüquqlarından ağız dolusu danışanlar niyə bu vəhşiliyə lazımi qiymət vermirlər? Bu ikiüzlü siyasət nə vaxtadək davam edəcək? Suallar çoxdur, cavab isə yoxdur.
Xocalı faciəsi ermənilər tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə siyasətdir. Bu siyasət uzun illərdir ki, xüsusi incəliklə, gah açıq, gah da gizli şəkildə aparılır. Həmişə də bu hadisələr qanla nəticələnmişdir. Dəfələrlə təkrarlanan bu hadisələrdən nəticə çıxarmamışıq, unutqanlıq etmişik. Torpaqlarımız hələ də işğal altındadır. Danışıqlar hələlik heç bir nəticə vermir. ATƏT-in üç nümayəndəsi tez-tez Azərbaycana və Ermənistana səfərlər edirlər və həmişə də bildirirlər ki, münaqişə tərəfləri özləri razılığa gəlməlidirlər. Onda sual olunur ki, bəs sizin boş-boşuna yol ölçməyiniz, səfərləriniz nə üçündür? Nə qədər korafəhm olasan ki, işğalçı ilə torpağı zəbt olunanı ayırd edə bilməyəsən?
Ermənilərin dənizdən-dənizə böyük Ermənistan qurmaq xülyaları boşa çıxıb. Bu ölkəni tərk edib gedənlərin sayı get-gedə artır. Ölkə əhalisi mitinqlər keçirərək cinayətkar başçılarının istefasını tələb edir, xaricdəki havadarları isə onların getməsinə imkan vermir.
Torpaqlarımız işğal altında olsa da onların azad ediləcəyi şübhəsizdir. Sülh yolu ilə qaytarılmazsa, torpaqlarımızı hərb yolu ilə azad etmək məcburiyyətindəyik. Azərbaycanın prezidenti İlham Əliyev deyir ki, “Azərbaycan güclü dövlətdir və güclü ordusu var!” Bu sözlər torpaqlarımızın azad edilməsinin uzaqda olmamasını təsdiqləyir.
İşğal altında olan torpaqlarımızın azad edilməsi, Xocalının bərpası şəhidlərimizin ruhuna dinclik gətirəcək. Müasir silahlarla təchiz edilmiş ordumuz Ali Baş Komandanın əmrini gözləyir ki, torpaqlarımızı erməni işğalçılarından təmizləsin.
Abduləli Əliyev,
Müharibə, Əmək və Hərbi Qulluqçular Veteranları Təşkilatının sədri

Şərh Yaz