İsmayıllı rayonunda əsas demoqrafik göstəricilər

İsmayılı rayonu Baş Qafqaz silsiləsinin cənub yamacında yerləşməklə meridian istiqamətində uzunluğu 56 kilometr, paralel istiqamətində eni isə 73 kilometr təşkil edir. Rayon dəniz səviyyəsindən Şirvan düzündə 200 metr, dağ silsiləsində 3629 metr hündürlüyə malikdir.
İsmayıllı rayonu Bakıdan 185 kilometr məsafədə yerləşməklə, Şamaxı, Ağsu, Göyçay, Qəbələ və Quba rayonları ilə həmsərhəddir. İsmayıllı rayonunun ərazisi 2074 kvadrat kilometr olmaqla, əhalinin sıxlığı bir kvadrat kilometrdə 40,8 nəfər təşkil edir. Bu göstərici ölkənin kənd rayonları arasında orta göstərici sayılır.
2015-ci ilin oktyabr ayının 01-i vəziyyətinə ilkin məlumatlara görə əhalinin təbii və miqrasiya göstəricilərinə əsasən hesablanmış sayı 84697 nəfər olmuşdur. Bu dövrdə əhalinin sayı 0,9 faiz – 740 nəfər artmışdır ki, bu da əsasən təbii artım hesabına olmuşdur. Rayon əhalisinin 67,57 faizi, yəni 57230 nəfəri kənd yerində, 32,43 faizi – 27467 nəfəri şəhər və qəsəbə yerlərində yaşayır. Rayon əhalisinin 50,21 faizini kişilər, 49,79 faizini qadınlar təşkil edir. Bundan başqa rayonda 725 qaçqın ailəsində 2998 nəfər, 874 məcburi köçkün ailəsində isə 3475 nəfər məcburi köçkün məskunlaşmışdır.
Hazırkı vəziyyətə əhalinin yaş strukturu aşağıdakı kimi səciyyələndirilir. Əhalinin ümumi sayından 0-14 yaşda olan uşaq və yeniyetmələrin xüsusi çəkisi 23,01 faiz, 15-64 yaşda olan əhalinin xüsusi çəkisi 70,29 faiz, 65 yaş və yuxarıların isə 6,70 təşkil edir.
2009-cu il siyahıyaalınmasının nəticələrinə əsasən, əhalinin 86,3 faizini azərbaycanlılar, 13,7 faizini isə qeyri millətlər təşkil edir.
2015-ci ilin yanvar-sentyabr aylarında rayonda 1219 körpə doğulmuş 417 nəfər isə ölmüşdür, 1 yaşa qədər ölən uşaqların sayı 6 nəfər olmuşdur. Hesabat dövründə əhalinin təbii artımı 802 nəfər, ümumi artımı isə 740 nəfər təşkil etmişdir. Cədvəldən göründüyü kimi keçən ilin müvafiq dövrü ilə müqayisədə doğulanların sayı mütləq rəqəmlərlə 51 nəfər artmışdır. Müqayisə olunan dövrə görə ölənlərin sayı 22 nəfər azalaraq 417 nəfər təşkil etmişdir. Ölümün səbəblərinə görə təhlil göstərir ki, bu dövrdə rayonda ölüm halları əsasən ürək, qan damar sistemi, tənəffüs orqanları xəstə olanlar arasında daha üstünlük təşkil etmişdir.
2014-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 18,7 dən 19,2-yə qədər artmış, ölənlərin sayı isə 7,0-dən, 6,6-ya enmişdir. Əhalinin 1000 nəfərinə hesabı ilə təbii artım əmsalı 2014-cü ilin müvafiq dövründəki 11,7-dən, artaraq 12,6-ya çatmışdır. 2015-ci ilin yanvar-sentyabr aylarında rayonda 414 nikah bağlanmış, 75 nikah isə pozulmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə nikahların sayı 177 vahid , boşanmaların sayı isə 10 vahid az olmuşdur.
Ə.Əzizov,
Statistika İdarəsinin rəisi

Şərh Yaz